Gəncədə Ermənistanın hərbi təcavüzü nəticəsində zərər görmüş evlərdə aparılan bərpa və təmir-tikinti işləri müzakirə olunub
Region

Gəncədə Ermənistanın hərbi təcavüzü nəticəsində zərər görmüş evlərdə aparılan bərpa və təmir-tikinti işləri müzakirə olunub

Ötən il oktyabrın 11-i gecə saatlarında bədnam düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməlinə əl ataraq, Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Ermənistan hərbçiləri çox təhlükəli raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında, insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Şəhər hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin çirkin məqsədlərindən xəbər verir.

Məlum olduğu kimi, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnmiş və ya tamamilə dağıdılmışdır. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində aparılan işlər davam etməkdədir. 

Gəncə Şəhər İcra Hakimiyyətində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində aparılan bərpa və təmir-tikinti işlərinin gedişatı müzakirə edilib. Müzakirələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, aparatın məsul işçiləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, podrat işlərinin sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov, podratçı şirkətlərin rəhbərləri, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvləri Müzadil Həsənov və Zəfər Məmmədov iştirak ediblər. İclasda mövcud vəziyyət, işlərin gedişatı, ortaya çıxan problemlər, zərərçəkmiş sakinləri narahat edən digər məsələlər müzakirə edilib və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, şəhərin A.İmanquliyeva, S.Xasıyev, Ə.Rəfibəyli, Ə.Əliyev və digər küçələrində minlərlə fərdi yaşayış evi, habelə mənzilə ciddi zərər dəyib. Cari ilin əvvəlindən başlayaraq ölkə rəhbərliyinin tapşırığına əsasən dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Artıq 6 aydan çoxdur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində bərpa və təmir-tikinti işləri davam etdirilir.

Zabit XƏLİLOV,

“Respublika”.