Gəncədəki beynəlxalq hava limanına yeni IATA kodu təyin edilib
Digər xəbərlər

Gəncədəki beynəlxalq hava limanına yeni IATA kodu təyin edilib

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Azərbaycanın milli aviadaşıyıcısının təşəbbüsü ilə Gəncə şəhərindəki beynəlxalq hava limanının üçhərfli kodunun dəyişdirilməsi haqqında qərar qəbul edib.

Ümumdünya mülki aviasiyasının miqyasını nəzərə alaraq  hava limanının beynəlxalq kodunun dəyişdirilməsi uzun müddət davam edən, kifayət qədər mürəkkəb prosesdir. Belə ki, hava limanlarının üçhərfli kodları daimi əsaslarla verilir və qısa müddət ərzində dəyişdirilə bilməz.

Bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra, IATA-nın 763 nömrəli Qətnaməsinə uyğun olaraq Azərbaycanın ikinci ən böyük hava limanının yeni kodu Gəncə şəhərinin adı ilə - “GNJ” adlandırılacaq. Hava limanının əvvəlki kodu isə “KVD” - köhnə toponimlə - Kirovabad adı ilə bağlı idi. Şəhər 1935-ci ildən 1989-cu ilədək belə adlanırdı.

Bu dəyişiklik rəsmi şəkildə cari il sentyabr ayının 10-da bütün aviabilet təxsisi sistemlərində qüvvəyə minəcək. Yeni hava limanı kodu o cümlədən biletlərdə, baqaj birkalarında, informasiya tablolarında göstəriləcək.

Bu gün Azərbaycanda - Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU) altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Həmçinin Abşeron rayonunun Zabrat qəsəbəsində ASG Helicopter Services helikopter aviaşirkətinin bazası (ZXT) yerləşir.

Hazırda Füzulidə  beynəlxalq hava limanının (FZL) tikintisi davam etdirilir və yaxın zamanlarda açılışı nəzərdə tutulub. Qarabağın azad edilmiş ərazilərində - Azərbaycanın Laçın və Zəngilan rayonlarında daha iki hava limanı tikiləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti.