GƏNCƏYƏ OLAN TERROR BƏŞƏRİ CİNAYƏTDİR
Region

GƏNCƏYƏ OLAN TERROR BƏŞƏRİ CİNAYƏTDİR

İşğalçı Ermənistanın cinayətkar, terrorçu ordusu ötən il  oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan, döyüşlərin getdiyi ərazilərdən 80-100 kilometr uzaqda yerləşən Gəncəyə, eləcə də respublikamızın sənaye mərkəzlərindən biri olan Mingəçevirə, Tərtərə, Ağcabədiyə, Bərdəyə, Füzuliyə, Ağdama və digər ərazilərə raket zərbəsi endirdilər. Gəncəyə atılan qadağan olunmuş raket 3 yaşayış binasını dağıtdı, yerlə yeksan etdi. Ermənistanın dinc və günahsız azərbaycanlılara qarşı törədilən növbəti terror aktı, barbar və vəhşi hücumu nəticəsində mülki insanlar həlak oldu, xeyli yaralananlar oldu, 3 uşaq hər iki valideynini itirdi. Uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı bir nöqtəsini vurmaları onların xain planlarının bir hissəsi idi.  Hiyləgər, məkrli siyasətindən geri qalmayan düşmən Gəncəni ilk dəfə oktyabrın 4-də raket hücumuna məruz qoydu. Oktyabrın 17-də erməni təcavüzkarlarının Gəncəyə növbəti hücumu nəticəsində isə yenə mülki insanlar qətlə yetirildi və  müxtəlif xəsarət aldı. Eyni zamanda, erməni vandalizmi nəticəsində çoxsaylı yaşayış binası tamamilə dağıldı, yüzlərlə obyektə, ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəydi.  Bəli, qorxaq, cəsarətsiz, alçaq, murdar, döyüş meydanındakı məğlubiyyətləri ilə barışa bilməyən ermənilər öz uğursuzluqları ilə barışmayaraq  hər cür alçaq, şərəfsiz əməllərə əl atdılar.

Heç bir beynəlxalq konvensiya və hüququ tanımayan, istənilən sənədi, əldə olunmuş razılaşmanı, atəşkəsi xaincəsinə pozan Ermənistanın əməllərinə, Gəncədə törədilən vandalizmə, soyqırımına 28 il əvvəl olduğu kimi, yenə də dünya birliyi, beynəlxalq təşkilatlar səssiz qaldılar. Onlarla dinc sakinin ölümünə, yüzlərlə mülki şəxsin yaralanmasına səbəb olan Ermənistan silahlı qüvvələrinin törətdikləri əməllər işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi tərəfindən planlaşdırılmış beynəlxalq terror aktı, hərbi cinayətdir. Nədənsə, nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT baş verənlərə reaksiya vermədi.  Dünya səsini çıxarmadıqca daha da azğınlaşan erməni hakimiyyəti cəbhədəki uğursuzluqlarını ört-basdır etmək üçün dinc sakinləri hədəf alır, vətəndaşlarımız arasında təşviş yaşatmağa çalışırdı. Dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə,  beynəlxalq konvensiyaların yerinə yetirilməsinə məsuliyyət daşıyan, buna nəzarət etməli olan beynəlxalq təşkilatlar Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalı idi. Eyni zamanda, Ermənistan tərəfi nə tarixi, nə mədəni, nə də dini dəyərlərə məhəl qoymurdu. Əslində təəccüblü deyil. Öz vahid coğrafiyası, dədə-baba torpağı olmayan, ona dəstək olan, qol-qanad açan qonşunun yurduna xaincəsinə göz qoyan, dinc sakinlərinə hücum edən, terror aktı törədən millətdən bundan artıq nə gözləyəsən. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər, qanlı terror aktları hərbi və siyasi təxribat kimi qiymətləndirilməli idi, dünya birliyi erməni azğınlıqlarına səssiz qalmamalı idi.

Dünya şahid oldu  ki, faşist xislətli erməni daşnakların saxta torpaq iddiası altında Azərbaycan xalqı soyqırıma məruz qalıb, evləri yerlə yeksan edilib, dinc sakinlər qətlə yetirilib. Beynəlxalq ictimaiyyət gördü  ki, bir tərəfdən işğalçı Ermənistan Moskvada sülh danışıqlarına gedir, guya humanist dövlət olduğunu göstərir, digər tərəfdən isə gecə saatlarında Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutur. Adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirən Ermənistan dinc insanları və şəhərləri atəşə tutması ilə barbarlığını təsdiq etdi. Bu barədə ölkə Prezidenti cənab İlham Əliyev özünün “Twitter” hesabında yazıb: “Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək! Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir. Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür”.  Ali Baş Komandanımız   həmçinin qeyd edib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!  Şükürlər olsun, bu gün işğal olunmuş torpaqlarımız azad olundu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi – diplomatik sahədə də məğlubiyyətə uğratdı. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun tarixi qələbəsi ilə başa çatdı, regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinə birdəfəlik son qoyuldu. Artıq Zəfər bayrağı azad olunmuş torpaqlarımızda dalğalanır.

            Zabit XƏLİLOV,

            “Respublika”.