GƏNCLƏR SİYASƏTİ UĞURLA DAVAM ETDİRİLİR
MÜSAHİBƏLƏR

GƏNCLƏR SİYASƏTİ UĞURLA DAVAM ETDİRİLİR

Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə fevral ayının 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən 2 Fevral - Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilib.

Fenomen şəxsiyyət, ümummilli lider Heydər Əliyev hər zaman gənclərə qayğı göstərmiş, onların vətənpərvər ruhda yetişməsinə xüsusi önəm vermişdir. Dahi şəxsiyyət, respublika rəhbərliyinə gəldiyi ilk gündən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Heydər Əliyev çıxışlarının birində demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Azərbaycan Respublikasının qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı qürur hisslərinin formalaşdırılmasından çox asılıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə Prezidenti İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini ölkə gənclərinə diqqət və qayğısı ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Ölkə Prezidenti cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olaraq biz gənclər bütöv və müstəqil Azərbaycan naminə vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıyıq.

Orxan ƏHMƏDOV,

YAP Gəncə Şəhər Təşkilatının üzvü.