Gənclər yüksək etimadı doğrultmağa çalışır
Region

Gənclər yüksək etimadı doğrultmağa çalışır

MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər günü Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Ümummilli liderimiz Heydər Əliyevin  gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsi üçün məqsədyönlü işlər görülür. 

Gənclərimiz də öz növbəsində ölkə başçısının onlara olan etimadlarını doğrultmağa çalışır. Ulu öndərin dediyi kimi, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclərdir.

Ümummilli lider Heydər Əliyev gənclərin cəmiyyətdə rolunu daim yüksək qiymətləndirərək demişdir: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik". Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə inanırdı və o, 1998-ci ildə ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək bildirmişdi: "Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar!".

Məhz o Gənclər 2020-ci ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsi dövründə Ali Baş Komandanın ətrafında sıx birləşdilər, mənfur düşmən üzərində qazanılmış şanlı qələbədə pay sahibi oldular. Təsadüfi deyildir ki, Ali Baş Komandan, Prezident İlham Əliyev bu tarixi qələbənin qazanılmasında gənclərin rolunu yüksək qiymətləndirib.

Zəfər qələbəsinin qazanılmasında Qobustan rayonundan olan gənclər də yaxından iştirak etdi. Vətən müharibəsində 262 qobustanlıdan, əksəriyyəti gənclər olmaqla 26 nəfəri düşmənə qarşı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı, 2 nəfəri, mayor Mirdamət Bağıyev və gizir Elyar Vəliyev (ölümündən sonra) Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Döyüşlərdə iştirak edən digər qobustanlı hərbçilər də orden və medallarla təltif olundular.

Beləliklə, şanlı tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi Zəfərlə başa çatdı və hazırda yurddaşlarımızın dədə-baba torpaqlarına qayıtması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Böyük qayıdış" Dövlət Proqramı uğurla həyata keçirilir, gənclərimiz bu layihələrin də həyata keçirilməsində fəal iştirak edirlər. Fəaliyyətimizin yüksək dəyərləndirilməsi və Prezidentin  1 fevral 2023-cü il tarixli Sərəncamı ilə mənim "Tərəqqi" medalı ilə təltif olunmağım kollektivimizin böyük sevincinə səbəb olub. Bu səbəbdən də bundan sonra da dövlət başçısının bütün tapşırıqlarının uğurla həyata keçirilməsi üçün var qüvvəmizlə çalışacağıq.

Qadir ƏKBƏROV,

Qobustan Rayon Gənclər və

İdman İdarəsinin rəisi.