GƏNCLƏRƏ DƏYƏRLİ HƏDİYYƏ
Region

GƏNCLƏRƏ DƏYƏRLİ HƏDİYYƏ

Ümüdvar Məmmədov 1978-ci ilin yanvar ayında Astara rayonunun Pensər kəndində dünyaya göz açıb. Orta məktəbi doğma kəndində bitirib. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Rayonda işgüzar, qabaqcıl sahibkar, həm də xeyriyyəçi kimi tanınır.

Vətən müharibəsi başlananda sahibkarlıq fəaliyyətini dayandıran Ümüdvar ehtiyatda olan zabit kimi könüllü cəbhəyə yollanıb. Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilməsində igidlik, şücaət göstərib. Qələbə Gününü cəhbədə qarşılayıb.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə, strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ümüdvar Vaqif oğlu Məmmədov "Xocavəndin azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə", "Qubadlının azad edilməsinə görə", "Zəngilanın azad edilməsinə görə", "Xüsusi şücaətə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Müharibədən sonra sahibkarlıq fəaliyyətini davam etdirən Ümüdvar Məmmədov gənc nəslin fiziki cəhətdən sağlam böyüməsində idmanın əvəzsiz rolunu nəzərə alaraq Çayoba kəndində açıq və qapalı mini futbol və voleybol meydançalarının inşasına başlayıb. Zəfər Gününün ikinci ilində tikinti-quraşdırma işlərini başa çatdırıb. Geniş ərazidə salınmış müasir standartlara uyğun idman meydançalarına süni ot örtüyü döşənib, burada işıqlandırma sistemi qurulub, ərazi qoruyucu məhəccərlərlə əhatəyə alınıb.

Bu günlərdə Vətən müharibəsi iştirakçısı, sahibkar Ümüdvar Məmmədovun şəxsi vəsaiti hesabına inşa edilən idman meydançalarının açılışı münasibətilə mərasim keçirilib. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Açılışda icra başçısı Qəzənfər Ağayev bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qüdrətli ordumuzun fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Xalqımıza qələbə sevincini yaşadan, müharibədə şücaəti ilə fərqlənən igid, qeyrətli oğullardan biri də Ümüdvar Məmmədovdur. İcra başçısı gənc nəslin sağlam böyüməsində idmanın əhəmiyyətini vurğulayaraq sahibkarın təşəbbüsünü yüksək qiymətləndirib. İdman meydançalarının Milli Dirçəliş Günündə istifadəyə verilməsini astaralı gənclərə bayram hədiyyəsi kimi dəyərləndirib. Buranın gənclər üçün doğma bir məkana çevriləcəyini əminliklə qeyd edib.

Sonra şəhid övladlarına hədiyyələr təqdim edilib, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları üçün bayram süfrəsi açılıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".