Gənclərimizdə tarixi keçmişimizə maraq artıb
Region

Gənclərimizdə tarixi keçmişimizə maraq artıb

Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin təşkilatçılığı ilə "Yurdunu kəşf et və tanı!" araşdırma layihəsi çərçivəsində bir qrup fəal gəncin Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndi ərazisində arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş çoxtəbəqəli yaşayış yerinə, ərazidəki kurqanlara ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov gənclərə araşdırma və qazıntı işləri haqqında ətraflı məlumat verərək onları maraqlandıran sualları cavablandırıb. Nəzərinizə çatdıraq ki, Azərbaycandakı kurqanlar əsasən İlk Tunc və Dəmir dövrlərinə aiddir. Bu gün bizim ən çox kurqanların yayıldığı yerlər əsasən Qarabağ bölgəsindədir. Goranboy rayonunda və Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndi ərazisində də kurqanlar mövcuddur. Amma, Goranboy rayonunun Səfikürd kəndindəki kurqanlar çox məşhurdur. Ümumiyyətlə, Kurqanlar Oğuz yurdu türk xalqının dəfn mədəniyyətində xüsusi yer tutub. Belə ki, ucsuz-bucaqsız çöllərdə salınan kurqanların əksəriyyətinin hələ də sirri açılmayıb. Azərbaycanın müxtəlif bölgələrində mövcud olan kurqanlar arxeoloji ekspedisiyaların həyata keçirdiyi qazıntılar zamanı aşkarlanıb.

Bu mənada tarixi bir neçə minillik bundan əvvələ gedən kurqanlar yetərincədir. Bəli, Azərbaycan Cənibi Qafqazın kurqanlarla zəngin olan ölkəsidir desək, yanılmarıq. Çünki buna əsasımız var. Azərbaycan dövləti davamlı olaraq ölkəmizin arxeoloji mədəniyyətinin təbliğinə böyük dəstək verir və bu dəstək nəticəsində kurqanların aşkar edilməsi sahəsində xeyli uğurlar qazanmışdır. 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq "Yeni Səbzikar" adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş kurqan tipli qəbir abidələrinin GPS koordinatları götürülüb və xəritələşdirilib. Hazırda ekspedisiya qrupu tərəfindən kurqanların birində tədqiqatlar aparılır, qəbirlər hərtərəfli tədqiq edildikdən sonra memarlar tərəfindən onların muzeyləşmiş forması yaradılması nəzərdə tutulur. Bu baxımdan, Azərbaycanda kurqanlardan ibarət unikal arxeoparkın yaradılması təşəbbüsü olduqca əhəmiyyətlidir. Dünyanın bir sıra ölkələrində, o cümlədən də Türkiyədə buna bənzər parklar mövcuddur. Ekspertlərin fikirincə, bu arxeoparkın yaradılması həm arxeoloji tariximizin təbliğində, həm kurqanlarımızın tanıdılmasına, həm də ölkəmizə turist axınının kütləviləşməsində böyük rol oynaya bilər.

Məhz, bu baxımdan şagirdlər, tələbələr, gənc mütəxəssislər üçün də böyük maraq kəsb edəcəyinə şübhə yoxdur. Çünki onlar kurqanlar haqqında yalnız dərsliklərdə məlumat alırlar, ancaq arxeopark yaradıldıqdan sonra gedib onu gözləri ilə görəcəklər. Onu qeyd etmək yerinə düşərdi ki, Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı 3 min il yaşı olan kurqan aşkar edilib. Ərazidə yaşayan qəbilələrin, tayfaların başçısının kurqanı - yəni dəfn edildiyi yer olduğu məlum olub. Diametri 35 metr olan kurqanın dəfn kamerası 4 metr daş və 3 metr torpaq qatı altından aşkarlanıb. Eyni zamanda, 1971-ci ildə həmin ərazidə arxeoloji qazıntılar zamanı iki ədəd xırda kurqan aşkar edilib. Həmin kurqanlar açılanda oradan böyük dəfinə tapılıb. Alimlər bu dəfinəni analiz edərək, Azərbaycan ərazisində pul sikkələrinin çap olduğunu və yerli xalqların 3 min il əvvəl beynalxalq ticarətə qoşulduğunu təsdiqləyiblər. Tam qətiyyətlə demək olar ki, belə araşdırmaların sayı artdıqca, Azərbaycan tarixi ilə bağlı yeni faktların üzə çıxacağı, labüddür.

Zabit XƏLİLOV,

"Respublika".