Gənclərlə bağlı aktiv məşğulluq layihələri icra olunur
Region

Gənclərlə bağlı aktiv məşğulluq layihələri icra olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğunun və kiçik biznesə çıxışının dəstəklənməsidir. Bu istiqamətdə işlərin davamı olaraq, ötən il Agentlik tərəfindən 16 minədək gənc münasib işlərlə təmin edilib, 2500 gənc üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik bizneslər yaradılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı kurslarına son bir ildə 2332 gənc cəlb olunaraq, onlara müasir əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib. Qurumun aktiv məşğulluq proqramlarından biri olan, peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşmasına dəstək məqsədi daşıyan peşəyönümü məsləhət xidmətləri isə ötən il əsasən gənclərdən ibarət 70 min şəxsi əhatə edib. Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı isə əsasən gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlar və peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlılığın artırılmasında, peşələrlə əyani şəkildə tanışlığında önəmli rol oynayıb.

Agentliklə BMT İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə layihəsi olan "Peşəkar İnkişaf və İnnovasiyalar Platforması" da gənclərin peşəkar inkişafla bağlı maarifləndirilməsi və gələcək iş həyatına hazırlığına dəstək verir. Artıq 2300-dən çox gənc layihədən yararlanıb və bu il daha 500 gənc bu layihəyə cəlb olunacaq. "Məktəbim", "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" və "Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı" kimi layihələrdə də gənclərə üstünlük verilir və onların məşğulluğuna və kiçik biznesə çıxışına dəstək göstərilir. Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, "Alo karyera" dəstək xidməti fəaliyyət göstərir.

Mustafa KAMAL,

"Respublika".