Gəncliyə göstərilən dövlət qayğısı
Region

Gəncliyə göstərilən dövlət qayğısı

Respublika Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsinin vəsaiti hesabına tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının  tələbələri Prezidentin Sərəncamını gəncliyə və gələcək nəslə göstərilən dövlət qayğısının nümunəsi hesab edirlər. Həmsöhbət olduğumuz tələbələr fikirlərini bizimlə bölüşdülər:

Zahidə Bayramova (İbtidai sinif müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi):

Biz bir ailə olaraq Prezidentimizi daim dəstəkləmişik, onunla fəxr etmişik. Cənab Prezidentin müasir dünyada bəşəriyyətin üzləşdiyi iqtisadi çətinliklərə baxmayaraq uğurlu sosial siyasət həyata keçirməsi ölkə başçımızın xalqın rifahını hər şeydən üstün tutduğunu göstərir.

Mən bir gənc olaraq çox sevinirəm ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Məhz bu məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.

Prezidentin   ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Sərəncamı yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasına daha geniş imkanlar yaradacaq.

Pərvanə İsmayılova (Tarix və coğrafiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi):

Azərbaycan elminə və təhsilinə göstərilən diqqət və qayğı dövlət başçımızın müdrik siyasətinin təzahürüdür. Bunun nəticəsi olaraq bu gün Azərbaycan elmi və təhsili inkişaf edir.

Bu il yanvarın 5-də ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanlar yaradacaq.

Mən Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının tələbəsi olaraq Prezidentimizin siyasətini dəstəkləyir və biz tələbələrə göstərilən  diqqət və qayğıya görə təşəkkür edirəm.

Aydan İbadova (Məktəbəqədər təhsil ixtisasının 3-cü kurs tələbəsi):

Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi bütün layihələr, atdığı uğurlu addımlar təqdirəlayiqdir. Bu gün ölkəmizdə biz tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində də ardıcıl dövlət siyasəti həyata keçirilməkdədir. Dövlət başçısının bu yaxınlarda imzaladığı, böyük sevinclə qarşıladığımız təqaüdlərin məbləğinin  artırılmasını nəzərdə tutan sərəncam da Azərbaycan gəncliyinə və eyni zamanda təhsilə verilən dəyərin əyani sübutudur.

Narınc Cəbrayılova (Dil və ədəbiyyat müəllimliyi ixisasının 4-cü kurs tələbəsi):

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti dövlətin təməlini möhkəmləndirir,  gənc nəslin  inkişafında müstəsna rol oynayır.  Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin müvafiq  Sərəncamı  ilə 2023-cü ilin dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil alan  tələbələrə verilən təqaüdlərin artırılması bu siyasətin mühüm tərkib hissəsidir. Sərəncam biz gənclərdə  böyük ruh yüksəkliyi  yaratmaqla, həm də gələcəyə  inam hissini daha da  gücləndirdi.   Biz bu qayğıya, diqqətə  görə   Prezident  İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və bundan sonra da onun uğurla həyata keçirdiyi daxili və xarici siyasətini dəstəkləyəcəyimizə, dəmir  yumruq kimi birləşib dövlətimizin inkişafı naminə  daim çalışacağımıza söz veririk. 

M. NƏRİMANOĞLU,

“Respublika”.