General Həbib bəy Səlimov
Tarixi şəxsiyyətlər

General Həbib bəy Səlimov

Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvan şəhərində dünyaya gəlib.  Atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı olub. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olmuş və buranı əla qiymətlərlə bitirmişdir.

1900-cü il avqust ayının 12-də orduya könüllü yazılan Həbib bəy Yelizavetpol (Gəncə) süvari alayında 1 il 2 ay xidmət edərək unter-zabit rütbəsi almışdır. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Bu xidmətlərinə görə “Müqəddəs Vladimir” ordeni ilə təltif edilib. Həbib bəy 1908-1910-cu illər ərzində Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edərək, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Sonralar isə Peterburqda Baş Qərargahın Nikolay Hərbi Akademiyasını bitirib.

Polkovnik-leytenant Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra vətənə geri dönərək Cümhuriyyət ordusunda dəftərxana rəisi vəzifəsində çalışmış, bir müddət sonra isə hərbi işi dərindən bildiyi üçün Nuri Paşa tərəfindən Əlahiddə Azərbaycan Korpusunun Qərargah Rəisi təyin edilmişdir. O, Azərbaycan qoşunlarının Gəncədən Bakıya qədərki yürüşündə Cənub qrupunun komandanı olmuşdur. Həmin yürüşün nəticəsi olaraq Ələt, Atbulaq və Nəvahi azad edilmiş və bu uğurlarına görə ona polkovnik hərbi rütbəsi verilmişdir. Azərbaycan Korpusunun Baş Qərargah Rəisi və Baş Ərkan-i Hərbin rəhbəri vəzifəsində çalışaraq qısa zamanda Lənkəranın valisi təyin olunmuşdur.

Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, 30 nömrəli əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif edilmişdir. 1920-ci ilin mart ayında baş verən Əsgəran müharibəsi adı ilə məşhur olan döyüşlərin qəhrəmanı olmuşdur. Hələ 1918-ci ilin mayında Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra  Türkiyədən hərbi yardım istəyəndə Şaumyan və onun məsləkdaşları yaxşı anlayırdılar ki, Qafqaz İslam Ordusu Azərbaycanda fəaliyyət göstərərsə, onlar öz xain niyyətlərini reallaşdıra bilməyəcəklər. Həmin dövrdə erməni cəlladının sərəncamında 18 mindən çox yaxşı silahlanmış döyüşçü var imiş. Bunun da 70 faizdən çoxunu erməni əsgər və zabitləri təşkil etmişdir. O zaman daşnak-bolşevik qüvvələri çox asanlıqla Kürdəmir-Ucar hüdudlarına kimi gəlmişlər. Ucar rayonunun Müsüslü kəndinin ərazisində yerləşən milli qüvvələrə Həbib bəy Səlimov rəhbərlik edirdi. Qəhrəman hərbçinin sayəsində düşmənin dəmir yolu boyunca sürətlə irəliləməsinin qarşısı alınmışdır. Qarabağda olan ermənilərin Drastamat Kanayanın rəhbərliyi ilə üsyana qalxmasından sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun böyük bir qismi Həbib bəy Səlimovun rəhbərliyi ilə bu üsyanı yatırmaq üçün buraya göndərilmişdir. Əsgəran keçidini tutan üsyançılar Azərbaycanın digər əraziləri ilə Qarabağın əlaqəsini kəsmişdilər. Həbib bəy Səlimovun dərin hərbi bilik və zəkası nəticəsində erməni üsyanının qarşısı alınır.  Eyni zamanda,  1919-cu il iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir. Həbib bəy Səlimovun hərb tariximizdə xidmətləri və Bakının azad edilməsində  sərkərdəlik qabiliyyəti misilsizdir.

Azərbaycanın  hərb tarixində Həbib bəy Səlimovun əvəzsiz xidmətlərindən biri də 1920-ci ilin mart-aprel aylarında uğurla keçirilmiş Qarabağ əməliyyatıdır. Həmin əməliyyatda dövlətə xəyanət edən, silahlı qiyam qaldıran erməni-daşnak silahlı birləşmələrinə ağır zərbə vurulmuş, bölgədə Azərbaycanın suveren hüquqları bərpa edilmişdir. Hərbi sahədə böyük xidmətlər göstərən H.B.Səlimov 1920-ci il aprel işğalından sonra ordu sıralarından istefa vermişdir. Həmin ilin may ayında Naxçıvan hərbi komissarı təyin edilmiş, lakin sentyabr ayının 1-də saxta ittihamlarla həbs olunmuşdur. Bir müddət sonra - dekabr ayının 30-da güllələnmişdir. Bütün varlığı ilə xalqına, dövlətinə bağlı olan ömrünü, taleyini Azərbaycan hərbinin qurulmasına, möhkəmlənməsinə həsr edən bu böyük şəxsiyyətin adı hərb tariximizin şanlı səhifəsinə yazılmışdır.

Ramidə YAQUBQIZI,

"Respublika".