GENERAL HƏZİ ASLANOV ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB
Sosial həyat

GENERAL HƏZİ ASLANOV ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB

Ramazan Vəliyev, Cavad İbadov Masallı rayonunda dünyaya göz açıblar. Hər iki gənc Daxili Qoşunların sıralarında çavuş rütbəsində xidmət edib. Vətən müharibəsində döyüş tapşırıqlarını icra edərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəliblər. Cəbhədə göstərdikləri igidliyə, şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ramazan Vəliyev və Cavad İbadov “Vətən uğrunda” və digər medallarla təltif edilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev hər iki şəhidin ailəsi ilə görüşüb.

Baş idarə rəisi Zəfər bayramı münasibətilə şəhid ailələrini təbrik edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdiyini, çağdaş tariximizə yeni qəhrəmanlıq səhifəsi yazdığını bildirib. Ramazan və Cavad kimi igid oğulların döyüşlərdə böyük şücaət, fədakarlıq göstərdiklərini vurğulayan general onların canı, qanı hesabına düşmən üzərində tarixi qələbənin qazanıldığını, əziz xatirələrinin heç zaman unudulmayacağını söyləyib.

Görüşdə hər iki şəhidin keçdiyi döyüş yolu barədə söhbət açılıb, parlaq xatirələri ehtiramla anılıb. General Həzi Aslanov Ramazan Vəliyevin və Cavad İbadovun təltif olunduqları medalları ailə üzvlərinə təqdim edib.

Sonda xatirə şəkli çəkilib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.