General Polad Həşimov adına park
Diaspora

General Polad Həşimov adına park

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilir.   General-mayor  Polad Həşimovun adına ilk park Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində salınmışdı. Növbəti park isə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi şanlı Zəfərin ikinci ildönümü ilə bağlı Kocaeli vilayətinin İzmit rayonunda açılıb.

Tədbir Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM), İzmit Bələdiyyəsi və Kocaelidə fəaliyyət göstərən "Heydər Əliyev" Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutub. Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Anım mərasiminin rəsmi hissəsində şəhid general-mayor Polad Həşimov barədə iştirakçılara geniş məlumat verilib. Çıxış edən "Heydər Əliyev" Mədəniyyət Evinin rəhbəri Bilal Dündar, İSBAM sədri Samir Adıgözəlli, Vətən müharibəsi qazisi İbrahim Cabbarov, ölkəmizin İstanbuldakı Baş konsulluğunun vitse-konsulu Murad Balacayev, İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet tarixi və milli dəyərlərimizin gələcək nəsillərə çatdırılması baxımından tədbirin əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın tarix boyu öz azadlığı uğrunda mübarizə apardığını qeyd edən natiqlər bu yolda minlərlə qəhrəman övladlarımızın  canından keçdiyini xatırladıblar. Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və bu savaşın sonunda əldə edilən tarixi şanlı Zəfərlə bütün şəhidlərimizin intiqamını aldı, tarixi Qarabağ torpağını öz sahiblərinə qaytardı. Türkiyə-Azərbaycan birliyinə toxunan iştirakçılar iki qardaş ölkənin daim çiyin-çiyinə mübarizə apardığını qeyd ediblər.

Çıxışlarda general Polad Həşimovun rəşadətli ömür yolu və onun timsalında bütün hərbçilərimizin göstərdiyi qəhrəmanlıq yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın birgə inkişafına təkan verib, dövlətlərimizin gücünü artırıb. Türkiyənin hər zaman olduğu kimi, Vətən müharibəsi dövründə də Azərbaycanın yanında olduğu vurğulanıb.

Qardaş ölkədə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına növbəti parkın açılışı isə Türkiyə-Azərbaycan birliyinin ən parlaq nümunələrindəndir.

Mərasimdə çıxış edən general-mayor Polad Həşimovun bacısı Kamalə Həşimova parkın açılışında əməyi olan hər kəsə, qardaşına verdiyi yüksək qiymətə görə minnətdarlığını ifadə edib.

Sonra parkın və bu məkanda Polad Həşimovun heykəltəraş Nüsrettin Bektaş tərəfindən  hazırlanmış büstünün  açılışı olub.

Tədbirdə Türkiyənin siyasi partiyalarının, ictimaiyyətin, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Hərbi Attaşelik Aparatının nümayəndələri, millət vəkilləri, yerli sakinlər iştirak ediblər.

Ümumilikdə, 1680 kvadratmetr ərazidə salınan parkın 70 faizi yaşıllıq, digər 30 faizi isə istirahət və gəzinti sahəsidir. Parkın yaşıllıq bölümündə 2420 ədəd bitki əkilib.

Onu da qeyd edək ki, general-mayor Polad Həşimovun adı  “Palmali Grup” və "Spring Marine" şirkətləri tərəfindən də əbədiləşdirilib. Onun adını daşıyan tanker artıq  istifadəyə verilib. "Polad Həşimov'' gəmisi maye günəbaxan yağının daşınması üçün olan, dedveyt tutumlu 7103 tonlu misilsiz sənaye gəmisidir.

Esmira Yazkan Aslanova,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.