Girov həyatı yaşamış Xocalı sakininin acı xatirələri
MÜSAHİBƏLƏR

Girov həyatı yaşamış Xocalı sakininin acı xatirələri

"Böyük Ermənistan" xülyasına qapılan ermənilər 1988-ci ildən etibarən Azərbaycanın əzəli torpaqlarına ərazi iddialarına başladılar. Əslində hadisələrin bu cür sonluqla başa çatacağı əvvəlcədən bilinirdi. Lakin SSRİ və Azərbaycan rəhbərlərinin məsələyə etinasızlığı sonda XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının törədilməsinə gətirib çıxardı. Ermənilər 1992-ci ildə təkcə Xocalı şəhərini deyil, bu şəhərin sakinlərinin gələcəyini, arzularını, xəyallarını da işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. Əsir götürülmüş 150 nəfərin taleyindən bu günə qədər xəbər yoxdur.

Xocalı faciəsinin dəhşətini yaşayanlardan biri də Ələsgərov Araz Zülfüqar oğludur. 1982-ci ildə Xocalı şəhərində anadan olmuş Araz hələ on yaşı olarkən erməni vəhşiliyini öz gözləri ilə görüb, girovluq həyatı yaşayıb. O, hadisəni belə xatırlayır: "Fevralın 25-dən 26-na keçən gecə Xocalının dörd tərəfində tonqallar qalandı. Bundan sonra şəhərə hücum başladı. Şəhər raketlərdən və toplardan müntəzəm olaraq atəşə tutulurdu. Sığınacaq üçün anam, bacım və mən qonşuluqdakı zirzəmiyə yollandıq. Məndən böyük qardaşım şəhəri müdafiə üçün yaradılmış dəstənin tərkibində idi, bizdən ayrı düşmüşdü. Gizləndiyimiz yer müdafiə cəhətdən yaxşı idi. Ermənilərin bizi tapması mümkün deyildi. Lakin bir neçə saat keçəndən sonra zirzəminin giriş qapısında səslər gəlməyə başladı. Qapını xüsusi cihazla açaraq içəriyə qumbara atdılar. Bir göz qırpımında hər yeri toz-duman bürüdü. Anam özünü mənə sipər etdi. Gözümü açanda insanlar qanlar içində idi. Giriş hissədə dayanan iki nəfər kişi tikə-parça olmuşdu. Anam da gözündən və boğazından yaralanmışdı. Mən ilk dəfə idi ki, ölən bir insan görürdüm. Özü də bu halda. Üstümüzə qumbara atanların rus əsgərləri olduğunu başa düşdük. Qışqıraraq bildirdik ki, silahımız yoxdur, burada olanlar əliyalın insanlardır. Zirzəmiyə işıq tutdular. Hər kəsin silahsız olduğunu bilmələrinə baxmayaraq, ikinci qumbaranı da atdılar. Lakin içəriyə heç kim daxil olmadı. Burada qalmağın mənasız olduğunu bilib şəhəri tərk etmək qərarına gəldik. Çölə çıxanda sovet əsgərləri bizi mühasirəyə aldılar. Hamımızı bir evə yığıb erməni silahlılara təhvil verdilər. İlk işgəncələr burada başladı. Bizi döyüb təhqir edirdilər. Lakin burada bir fərq var idi. Azərbaycanlılarla mesheti türkləri arasında fərq qoyulurdu. Düzdür, onlara da işgəncə verirdilər, ancaq öldürmürdülər. Sağ olsunlar, onlar bizi satmadılar. Nə qədər işgəncələrə məruz qalsalar da dedilər ki, onlar da, yəni anam, bacım və mən mesheti türküdürlər və lal olduqlarından danışa bilmirlər. Sonra bizi qışın soyuğunda piyada Xankəndiyə gətirmək üçün sıraya düzdülər. Özləri isə maşınlarda araq, şampan içə-içə bizi təqhir edirdilər. Xocalının alınmasına çox sevinirdilər. Nəhayət, bizi Xankəndidə vağzal binasına yığdılar. Qaldığımız yerin qapısı, pəncərəsi, heç bir şəraiti yox idi. Erməni əsgəri deyirdi: Biz buranı azərbaycanlılar üçün hazırlamışdıq, ancaq fərqi yoxdur siz də türksünüz, onlar da türkdür. Bundan sonra işgəncələri yenə də davam etdirirdilər. Bu insanlar o qədər vəhşiləşmişdilər ki, sözlə ifadə etmək olmur. İstəyirdik ki, yerdən qarı götürüb yeyək bir az sususluğumuz getsin, ona da imkan vermirdilər. Pəncərədən baxan Xankəndinin rus sakinləri gülüb bizi ələ salırdılar. Girovluq həyatında çox acı günlər yaşadım. İlk günlər aclığa bir qədər tab gətirirdim, sonra tamamilə taqətdən düşmüşdüm. Heç özümdə deyildim. Bir neçə gündən sonra bir erməni qadın gəldi yanımıza, bizim dildə danışırdı. Erməni əsgərlərinin üstünə acıqlandı ki, bunları bura niyə gətirmisiniz, ya öldürəydiniz, ya da şəhəri tərk edib getmələrinə icazə verərdiniz. Bunları bura gətirməklə Türkiyə ilə bizi problemə salacaqsınız. Daha sonra əlində diplomat olan bir nəfər yanımıza gəlib bizə dedi ki, bu əraziləri tərk edin, ümumiyyətlə, Azərbaycandan çıxıb gedin. Bakıya qədər hər yer bizim olacaq, bütün azərbaycanlıları öldürəcəyik. Bizi Ağdama təhvil vermək üçün bir avtobus gətirdilər. Məni də bir erməni əsgərin qucağına verdilər ki, bunu da götür sağ qalar dirisini, ölsə də meyitini verərsiniz. Hamını avtobusa yığdıqdan sonra Ağdama yola düşdük. Xocalıdan keçdik. Şəhər tanınmaz hala düşmüşdü. Meyitlər yolun ortasında qalmışdı.

Bizi təhvil almağa Allahverdi Bağırov gəlmişdi. Ondan necə qorxurdularsa, onu görən kimi bütün erməni əsgərlərinin hamısı qaçıb gizləndi. Allahverdi Bağırov ucaboy, enlikürək, yoğun səsli biriydi. Məni dərhal qucağına götürdü, maşına əyləşdirdi. Anam, mən, bacım və digər girovlar Ağdam xəstəxanasına gəldik. Günlərcə ayaqyalın olduğumdan ayaqlarımı don vurmuşdu. Həkimlər ayaqlarımın topuqdan kəsiləcəyini deyirdilər. Məni xilas edən bir türk həkim oldu. Türk həkim dedi ki, ayaqlarım tam sıradan çıxmayıb, sağalmaq şansı var. Anamın vəziyyəti ağır olduğundan vertolyotla təcili Bakıya gətirdilər. Digər bacım və qardaşımla da Ağdamda rastlaşdıq. Onlar da 3 gün meşələrdən keçərək birtəhər qaçıb canlarını qutarmışdılar.

Vətən müharibəsi başlayan gün mən də könüllü olaraq hərbi komissarlığa müraciət etmişdim. Torpaqlarımızın qarış-qarış alınmağına çox sevinirdim. Şükür Allaha, qanımız yerdə qalmadı. Ermənilərin etdiyi bütün vəhşiliklərin qisasısını ordumuz döyüş meydanında aldı.

Musa BAĞIRLI,

"Respublika".