Goranboy rayonunda vaksinasiya prosesinə kölgə salan faktlarla bağlı cinayət işi başlanıb
Region

Goranboy rayonunda vaksinasiya prosesinə kölgə salan faktlarla bağlı cinayət işi başlanıb

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.

Goranboy Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, avqustun 24-də rayon mərkəzi xəstəxanasında koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Goranboy Rayon Mərkəzi Xəstəxanasında tibb qeydiyyatçıları Gülşad Əliyeva və Ayşən Qəhrəmanovanın vaksinasiyanın həyata keçirilməsi ilə bağlı onlara həvalə edilmiş qulluq səlahiyyətlərindən istifadə etməklə tamah niyyəti ilə “e-TƏBİB” informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.

AZƏRTAC