GORANBOY: ŞƏHİD ADINI DAŞIYAN MƏKTƏBDƏ ANILDI
Region

GORANBOY: ŞƏHİD ADINI DAŞIYAN MƏKTƏBDƏ ANILDI

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnək və mayakdır. Bəli, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. 1-ci Qarabağ müharibəsi şəhidi Hakim Əhməd oğlu Cəfərovun doğum günü onun adını daşıyan Goranboy rayonu Quşçular kənd tam orta məktəbində qeyd edildi.

Tədbirdə Goranboy Rayon Goranboy İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, məktəbin  müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin fəalları, şəhid ailələri, qazilər və Şəhidin ailə üzvləri iştirak etdilər. Şəhidimizin Dəliməmmədli şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olundu, gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Quşçular kənd tam orta məktəbində ucaldılmış abidəsi önünə əklil qoydular. Mərasimdə qeyd olundu ki, şəhidlər ölməz, unudulmaz, illər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Şəhid Hakim Cəfərovla bağlı xoş xatirələr müəllimlər, qohumlar və qonşular  tərəfindən  yada salındı, mənalı və şərəfli həyat yolu haqqında döyüş yoldaşları qürurla söhbət açdılar. Məktəbin şagirdlərinin ifasında şəhidin xatirəsinə həsr olunmuş maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Zabit XƏLİLOV,

“Respublika”.