Görkəmli ədib Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi yenidən qurulacaq
Mədəniyyət

Görkəmli ədib Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi yenidən qurulacaq

Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov  Tbilisidə görkəmli azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir muzeyin hazırkı vəziyyəti ilə tanış olub.

Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov  nazirə məlumat verərək deyib ki, muzey 1998-ci ildən fəaliyyət göstərir. Muzeyin yerləşdiyi ikimərtəbəli binada 10  ailə yaşayır.

Sakinlər bildiriblər ki, ekspertlərin rəyinə əsasən, bina üçüncü dərəcəli qəzalı vəziyyətdədir. Qeyd olunub ki, Tbilisi meriyası binanın divarlarının möhkəmləndirilməsinə tələb olunan vəsaitin 95 faizini öz üzərinə götürməyə hazırdır. Bu işlərə tələb olunan xərclərin təkrar hesablanmasına ehtiyac yaranıb.

A.Kərimov deyib ki, muzeyin bərpası, eksponatların yenilənməsi məsələsi diqqət mərkəzində saxlanılacaq. Muzeyin təmir və bərpası Gürcüstan qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir. İnteryerin tərtibatına azərbaycanlı mütəxəssislər də cəlb oluna bilər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev deyib ki, muzey özünün ilkin vəziyyətinə uyğun bərpa olunmalıdır.  O, binada möhkəmləndirmə işlərinin sürətləndirilməsi üçün Tbilisi meriyası ilə danışıqlar aparılacağını qeyd edib.

Sonra nazir Anar Kərimov görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanovun Tbilisidəki ev-muzeyində olub.

Nazirə muzeyin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir elə həmin gün Tbilisidəki Botanika bağında Görkəmli Azərbaycanlıların Panteonunu da ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoyublar.

AZƏRTAC