Görkəmli elm xadimi, nəcib insan, qayğıkeş ana
Sosial həyat

Görkəmli elm xadimi, nəcib insan, qayğıkeş ana

15 aprel dünyaşöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Həyatda elə insanlar var ki, onlar əbədiyyətə qovuşandan illər, əsrlər sonra da milyonlar tərəfindən sevgi və ehtiram hissi ilə xatırlanır, haqqında böyük məhəbbət və doğmalıq hissi ilə bəhs edilir. Görkəmli alim, pedaqoq, dərin bilikli həkim, sadə, qayğıkeş, mehriban insan olan Zərifə xanım Əliyeva da belə işıqlı şəxsiyyətlərdəndir. Mənalı ömür yolu keçmiş, geniş dünyagörüşü, zəngin biliyi, elmi baxışları ilə milli səhiyyəmizin tərəqqisinə böyük töhfələr vermiş Zərifə xanım Əliyeva elmi və pedaqoji fəaliyyəti boyu respublikamızda yüksəkixtisaslı kadrların hazırlanmasına, oftalmologiya sahəsində mütəxəssislərin yetişməsinə gərgin əmək sərf etmişdir. Görkəmli alimin uzunmüddətli araşdırmaları, tədqiqat işləri sayəsində göz xəstəliklərinin müalicəsində yeni metodlar tətbiq edilmiş, bu sahədə bir sıra ilklərə imza atılmışdır. Tibb elminin inkişafında əvəzsiz xidmətləri olan Zərifə xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda oftalmologiya sahəsində ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Akademikin tibb elmindəki geniş, dərin biliyi sayəsində ötən əsrin ortalarından etibarən ölkəmizdə oftalmologiya elmi milli səhiyyəmizin inkişaf edən sahələrindən birinə çevrilmişdir.

 

Elmə həsr edilən ömür

Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Hələ uşaq vaxtlarından təhsilə böyük maraq göstərən Zərifə xanım bütün ömrünü elmə həsr etmiş, oftalmologiya sahəsində böyük uğurlara nail olmuşdur. O, 1942-ci ildə orta məktəbi, 1947-ci ildə isə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Həmin dövrdə respublikamızda insanda gözü zədələyərək ağır fəsadlar törədən, korluğa səbəb olan traxoma xəstəliyi geniş yayılmışdı. Xəstəliklə mübarizə aparmaq və bu sahədə effektiv nəticələr əldə etmək üçün ciddi addımlar atılır, insan həyatı üçün təhlükəli olan infeksion xəstəliklə mübarizə yolları axtarılırdı. Öz üzərində ciddi şəkildə işləyən Zərifə xanım gecə-gündüz mütaliə edir, elmi biliklərini dərinləşdirir, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda müalicə və profilaktik tədbirlərin təşkilində fəal iştirak edirdi. O, bu xəstəliyin ən çox yayıldığı bölgələrə gedir, oradakı həkim-oftalmoloqlara traxoma xəstəliyi barədə məruzələr söyləyir, ümumiyyətlə göz xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı elmi biliklərini həmkarları ilə bölüşürdü. Zərifə xanım həkimlik fəaliyyəti ilə yanaşı, eyni zamanda elmi axtarışlarını da davam etdirir, traxoma xəstəliyinin müalicəsi zamanı antibiotiklərdən istifadə imkanlarını araşdırırdı. 1960-cı ildə "Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsində" mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası alimin bu sahədəki gərgin əməyinin nəticəsidir.

1968-ci ildən etibarən professional oftalmologiya məsələləri ilə məşğul olan Zərifə Əliyeva görmə orqanı və köməkçi aparatın funksiyasına və biokimyasına, mikro və ultramikrostrukturuna yod, rezin və neft-kimya sənayesi müəssisələrində işləyənlərə zərərli peşə faktorlarının təsirinə dair çoxsahəli məsələlərin həllinə diqqətini yönəltmişdi. 1969-cu ildən Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, 1977-ci ildə professoru olmuşdur. Zərifə xanım Əliyevanın təklifi ilə 1979-cu ildə akademik A.Qarayev adına Fiziologiya İnstitutunda görmə üzvünün peşə patologiyası və fiziologiyasının problemləri laboratoriyası yaradılmış, burada gözün və köməkçi üzvün həm normada, həm də rezin və neft-kimya sənayesinin müəssisələrində uzun müddət işləyən insanlarda yaranan peşə intoksikasiyası şəraitində funksiyalarının reallaşdırılmasının fizioloji və biokimyəvi mexanizmlərinin öyrənilməsinə dair bir sıra tədqiqat işləri aparılmışdır. Zərifə xanım bu tədqiqatların nəticəsində alınan materiallar əsasında bir sıra elmi məqalə və monoqrafiyalar yazmışdır. Bu monoqrafiyalar təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da böyük maraqla qarşılanmışdır.

Zərifə Əliyeva 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının, bir müddət sonra isə oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışmış, bu illərdə vərəm, şəkər və qlaukoma xəstəlikləri nəticəsində gözün zədələnməsi ilə bağlı apardığı mühüm tədqiqat işlərinin nəticəsi Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli təsirini göstərmişdi. Belə ki, alimin tədqiqat işlərinin böyük bir qismi də oftalmologiyanın problemlərindən biri olan qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsinə həsr olunmuşdur. Bu tədqiqat işlərinin birində gözdaxili təzyiqi ölçmə üsulu təkmilləşdirilmişdir ki, bu da xəstəliyin müalicəsində mühüm əhəmiyyət kəsb etmişdir. O, nəzəri biliklərini təcrübədə geniş tətbiq edir, bu sahədə yeni elmi müddəa və nəzəriyyələrlə çıxış edirdi. Alim həmçinin, göz travmatizminin profilaktikası və onunla mübarizə, oftalmologiya sahəsində fizioterapevtik üsullardan istifadə sahəsində də uğurlu nəticələr əldə etmiş, iridodiaqnostikanın əsasını qoymuşdur.

Fədakar alim kimya və elektron sənayelərində də peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi məsələsinə xüsusi diqqət yetirmişdir. Onun bu sahədəki zəngin bilik və təcrübəsi sənaye sektorunda çalışan və peşə fəaliyyəti ilə əlaqədar olaraq göz xəstəliyi ilə üzləşən minlərlə insana şəfa bəxş etmiş, onları nura, işığa qovuşdurmuşdur. Görkəmli alimin oftalmologiya elminə bəxş etdiyi yeniliklər bu gün də mütəxəssislər tərəfindən öyrənilməkdə, qiymətli elmi irs kimi təbliğ və tətbiq olunmaqdadır.

 

Yüksək əqidə, həkimlik etikası

Zərifə Əliyevanın bir alim kimi böyüklüyü onun oftalmologiya sahəsinə yeni bir yol, yeni baxış tərzi, yeni müalicə metodologiyası gətirməklə məhdudlaşmırdı. Onun böyüklüyü atdığı hər bir addımda, gördüyü hər bir işdə həkimlik peşəsini müqəddəs bilməsi, bütün həmkarlarını bu müqəddəsliyi qorumağa səsləməsi idi. Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. O, hesab edirdi ki, həkimlik sənəti hər bir mütəxəssisdən bilik və bacarıqla yanaşı, həm də mənəvi saflıq tələb edir. Həkimin qəlbi və düşüncəsi nə qədər pakdırsa, bu, onun peşəsinə, apardığı müalicəyə bir o qədər dərindən sirayət edir və müsbət nəticə verir.

Zərifə Əliyevaya görə həkimlik həm də yüksək etika, ali mədəniyyət tələb edən bir sənət idi. Buna görə də o, həkimliklə məşğul olan hər bir insanın öncə yüksək etikaya malik olmasını vacib hesab edirdi. Onun fikrincə, hər bir həkim öncə yüksək etikaya, ali mədəni davranışa, düşüncə paklığına malik olmalı, peşəkarlığı ilə yanaşı, həm də bu xüsusiyyətləri ilə ətrafdakı insanların rəğbətini qazanmalıdır.

Zərifə Əliyevanın peşə fəaliyyəti ilə bağlı bütün bu fikirləri sonrakı dönəmlərdə ümumiləşdirilmiş və bütün bunların əsasında 2003-cü ildə fundamental bir əsər - "Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı" əsəri yaranmışdır.

Zərifə Əliyeva oftalmologiya tarixində yenilikçi alim olmaqla yanaşı, həm də həkimlik sənətinə özünəməxsus həlimlik və zəriflik gətirən bir insan kimi qalmışdır. Prezident İlham Əliyev 2013-cü ildə Zərifə Əliyevanın 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdəki çıxışında görkəmli oftalmoloqun həkimlik peşəsinə gətirdiyi, bu peşənin ayrılmaz tərkib hissəsi hesab etdiyi nəcib xüsusiyyətlər haqqında ətraflı bəhs etmiş, onun peşəkar həkim olmaqla yanaşı, həm də xeyirxah insan olduğunu qeyd etmişdir: "Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir".

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, eyni zamanda Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüş Zərifə xanımın fəaliyyəti, gördüyü işlər insan amilinə xidmət edirdi. Çünki o, hər bir həkimdə çox yüksək qiymətləndirilən peşəkarlıq, eyni zamanda xeyirxahlıq kimi müsbət keyfiyyətlərə malik insan idi. O, təlqin edirdi ki, insanların həyatında, onların sağlamlığında birbaşa cavabdehlik daşıyan həkim peşəkar olmalı, dərin biliyi, geniş dünyagörüşü ilə insanlara xidmət göstərməlidir. Zərifə xanımın həkimin, insanların sağlamlığının keşiyində dayanan tibb işçisinin etik davranışı ilə bağlı dəyərli fikirləri bu gün də hər bir həkim üçün böyük önəm daşıyır. Zərifə Əliyevanın insani dəyərlərə mühüm önəm verməsi, həyatı boyunca bu dəyərlərə sadiq qalması hər şeydən əvvəl, onun mənəvi zənginliyinin göstəricisi idi.

Vəfalı ömür-gün yoldaşı

Zərifə Əliyevanın xarakterik xüsusiyyətlərindən biri onun nümunəvi ana və həyat yoldaşı, etibarlı dost, əsl mübariz qadın olması ilə bağlıdır. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, mənəvi güc mənbəyi, ilham qaynağı olmuşdur. İstər Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi dönəmlərdə, istərsə də SSRİ hakimiyyətində təmsil olunduğu vaxtlarda ağır siyasi mübarizələrdə Heydər Əliyev bu mübarizələrin hər bir mərhələsində Zərifə xanımın mənəvi dəstəyini yaxından hiss etmişdir. Heydər Əliyev hər zaman Zərifə Əliyevadan böyük məhəbbət hissi ilə bəhs etmiş, əldə etdiyi uğurlarda həyat yoldaşının böyük payının olduğunu dönə-dönə vurğulamışdır: "…Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.

Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi"…

Sədaqəti, mübarizliyi, saflığı, əzmkarlığı ilə əsl Azərbaycan qadınının bütün gözəlliklərini özündə birləşdirən Zərifə Əliyeva həm də milli dəyərlərə hədsiz bağlı olmuş, övladlarını da bu dəyərlərə sadiqlik ruhunda yetişdirmişdir. Zərifə Əliyeva cəmiyyətdəki yüksək statusuna və qazandığı böyük şöhrətə rəğmən öz sadəliyi və təmənnasızlığı ilə diqqət çəkir, mümkün qədər ondan yardım istəyən hər bir insanın probleminin həllinə çalışırdı. O, hesab edirdi ki, xeyirxahlıq hər bir insanın yaradılışının tərkib hissəsidir və bunsuz hansısa insanı bir tam, bir bütöv kimi xarakterizə etmək yanlışdır. Akademik, tanınmış alim Zərifə Əliyeva öz status və mövqeyindən hər zaman yalnız bir məqsədlə - sadə vətəndaşlara yardım etmək, onların qayğısına qalmaq məqsədilə istifadə etmişdir. Elə bu səbəbdən də görkəmli oftalmoloq Azərbaycan xalqı tərəfindən məhz bu cür xatırlanır: sadə və xeyirxah insan, böyük alim…

Mehparə ƏLİYEVA,

"Respublika".