GÖRKƏMLİ FİZİOLOQ ALİM VƏ ELM TƏŞKİLATÇISI
Sosial həyat

GÖRKƏMLİ FİZİOLOQ ALİM VƏ ELM TƏŞKİLATÇISI

Akademik Hüseyn Heydər oğlu Həsənov 1932-ci il oktyabrın 19-da İrəvan şəhərində anadan olmuşdur. O, 1949-cu ildə orta məktəbi bitirmiş, həmin ildə də S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı müddətdə fizioloji tədqiqatlara meyil göstərən tələbə kafedra müdiri görkəmli fizioloq Abdulla Qarayevin gözündən yayınmamış və 1954-cü ildə universiteti əla qiymətlərlə bitirən Hüseyn Həsənov akademikin tövsiyəsi ilə Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Fiziologiya laboratoriyasına təyinat almış, burada da fiziologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1958-ci ildə artıq Akademiyanın nəzdində yaradılmış Fiziologiya sektorunda akademik Abdulla Qarayevin rəhbərliyi altında interoreseptorlarla bağlı tədqiqat işlərini tamamlayaraq namizədlik dissertasiyasını müdafiə etmişdir.

1950-1960-cı illərdə SSRİ-də fiziologiya elminin inkişafında yeni bir mərhələ, İvan Pavlovun ali sinir fəaliyyəti haqqında nəzəriyyəsinin eksperimental tədqiqatları vüsət almışdı. Mərkəzi sinir sisteminin orqanizmin tənzimləmə mexanizmlərində rolunun öyrənilməsi əsas istiqamətlərdən birinə çevrilmişdi. Azərbaycanda da əsas fizioloji tədqiqatlar vegetativ funksiyaların öyrənilməsi və orqanizmin daxili mühitinin tənzimlənməsində mərkəzi sinir sisteminin rolunun müəyyən edilməsinə yönəldilmişdi. Hüseyn Həsənovun bu sahədə Azərbaycanda ilk dəfə apardığı tədqiqatların gələcək perspektivlərini görərək akademik A.Qarayev 1961-ci ildə artıq böyük elmi işçi vəzifəsində çalışan gənc tədqiqatçının Sankt-Peterburqa SSRİ EA İ.P.Pavlov adına Fiziologiya İnstitutuna ezam edilməsinə nail oldu. Dünyaşöhrətli, Nobel mükafatına layiq görülmüş alimin yaratdığı bu elmi-tədqiqat ocağında Hüseyn müəllim 1965-ci ilədək mərkəzi sinir sisteminin vegetativ funksiyalarının tənzimlənmə mexanizmlərinin öyrənilməsi üzrə tədqiqatlar apardı və onların nəticələrini 1967-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasında elmi ictimaiyyətə çatdırdı. 1968-ci ildə ona SSRİ Ali Attestasiya Komissiyası tərəfindən biologiya elmləri doktoru alimlik dərəcəsi verildi.

1968-ci ilin əvvəlində Fiziologiya sektorunun əsasında akademik Abdulla Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə Fiziologiya İnstitutu təşkil edilir. Respublikada fizioloji tədqiqatların koordinasiya mərkəzi kimi nəzərdə tutulan instituta rəhbərlik direktor vəzifəsində akademik Abdulla Qarayevə və elmi işlər üzrə direktor müavini kimi onun tələbəsi gənc elmlər doktoru Hüseyn Həsənova həvalə edilir. Elə həmin ilin sonlarında akademik A.Qarayevin vaxtsız vəfatından sonra Hüseyn Həsənov Fiziologiya İnstitutunun direktoru təyin olunur. Hüseyn müəllimi hələ uşaqlıqdan, məktəb illərindən tanıyan, sonralar bir yerdə tələbəlik edən, daha sonra Sankt-Peterburq və Bakıda birgə elmi-tədqiqatlar aparan AMEA-nın müxbir üzvü Rafiq Qasımov Hüseyn müəllim haqqında deyir: "Abdulla Qarayev Fiziologiya İnstitutunun təməlini qoydu, onun yetirməsinin bacarığı sayəsində isə institut püxtələşdi, inkişaf edərək elmi-tədqiqat müəssisəsi kimi keçmiş SSRİ-nin aparıcı fiziologiya institutlarından birinə çevrildi".

Hüseyn Həsənovun instituta rəhbərliyi dövründə ən böyük nailiyyəti onun 70-ci illərdə uzaqgörən bir alim kimi beyin fiziologiyası, neyrofiziologiya üzrə müasir tədqiqatlara Azərbaycanda start verilməsi idi. Hüseyn müəllimin tükənməz enerjisi, yüksək təşkilatçılıq bacarığının hesabına SSRİ-nin müxtəlif elm mərkəzləri ilə, Moskvada, Leninqradda, Kiyevdə yerləşən institutlarla, hətta Şərqi Avropa ölkələrinin bəzi tədqiqat mərkəzləri ilə əlaqələr yarandı və bu mərkəzlərə ezam olunub hazırlıq keçən gənc tədqiqatçılar beyin problemlərinin müxtəlif istiqamətlərində işləməyə başladılar.

70-80-ci illərdə artıq peşəkar fizioloq-alim kimi tanınan, yüksək elmi dərəcə və rütbələrə layiq görülmüş akademik Hüseyn Həsənov Fiziologiya İnstitutunda aparılan tədqiqatların çoxşaxəliliyinə, müasir dildə desək, multidissiplinarlılığına çalışır, yeni elmi istiqamətlərin yaranmasına üstünlük verirdi. Bu illərdə institut İttifaq miqyaslı elmi problemlərin həllində yaxından iştirak edirdi. Akademikin şəxsən özünün rəhbərlik etdiyi "Beyin və davranış" şöbəsində aparılan tədqiqatların SSRİ EA-nın "Beyin" və "Homeostaz" uzunmüddətli kompleks elmi-tədqiqat proqramlarına daxil edilməsi institutun fəaliyyətinə verilən yüksək dəyəri əks etdirir.

Akademik H.Həsənovun rəhbərliyi illərində fizioloji tədqiqatların çoxşaxəli olması təkcə institutun daxilində deyil, eyni zamanda respublikanın digər akademik və tibb müəssisələri ilə də səmərəli əlaqələrində görünür. Buna bariz nümunə 1970-ci illərdə institutun Azərbaycan EA-nın Fizika İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Oftalmologiya İnstitutu ilə birgə gözün torlu qişasının fəaliyyətində selen mikroelementinin rolunun öyrənilməsi ilə bağlı apardığı tədqiqatlardır. İnstitutun 3 əməkdaşı - akademik H.Həsənov, professorlar N.Hacıyeva və H.Cəfərov - bu tədqiqatlara görə 1972-ci ildə elm və texnika sahəsində Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür.

1979-cu ildə Azərbaycan EA Rəyasət Heyətinin və Səhiyyə Nazirliyinin birgə qərarı əsasında Görmənin fiziologiyası laboratoriyasının yaradılması ilə İnstitutun elmi fəaliyyətində biotibb yönümlü yeni səhifə açıldı. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın rəhbərlik etdiyi laboratoriyada görmə orqanının peşə patologiyaları üzrə aparılan tədqiqatlar peşə göz xəstəliklərinin müalicəsinin yeni metodlarının kəşfi ilə nəticələndi. Görmə orqanının peşə patologiyası sahəsində aparılan elmi araşdırmalara görə akademik Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldü.

Akademik Hüseyn Həsənovun rəhbərliyi ilə respublikada təşkil olunan Ümumittifaq konfrans və iclasların, eləcə də beynəlxalq simpoziumların Azərbaycanda fiziologiyanın inkişafı üçün mühüm əhəmiyyəti olmuşdur. Bunların arasında - Kortiko-visseral fiziologiya üzrə 9-cu Ümumittifaq Konfransı (1971), 16-cı Beynəlxalq Fiziologiya Konqresindəki "Emosiya və visseral funksiyalar" satellit simpoziumu (1972), Laktasiya fiziologiyası və biokimyası üzrə Ümumittifaq Simpoziumları (1974-1996), "Selen biologiyada" Ümumittifaq konfransları (1974, 1976, 1977), "Baş beynin adaptiv funksiyaları" Ümumittifaq Simpoziumu (1980), "Axtarış fəaliyyəti, motivasiya və yuxu" Beynəlxalq Simpoziumu (1981) kimi elmi forumlar xüsusi yer tutur.

1983-cü ildə İ.P.Pavlov adına Ümumittifaq Fizioloqlar Cəmiyyətinin XIV qurultayının Bakıda keçirilməsi Azərbaycan elmi üçün böyük bir hadisə idi. İttifaqın bütün respublikalarından 2000-dən çox alimin, dünyanın tanınmış fizioloqlarının iştirak etdiyi bu forum Azərbaycan alimlərinin, o cümlədən akademik Hüseyn Həsənovun rəhbərlik etdiyi Fiziologiya İnstitutu tədqiqatçılarının əməyinə verilən yüksək qiymət idi. Onu da qeyd etmək vacibdir ki, SSRİ EA Rəyasət Heyəti qurultayın keçirilməsinə Gürcüstan, Qazaxıstan, Moldova respublikalarının da daxil olduğu namizədlər siyahısında Azərbaycana üstünlük vermişdi.

Təbiidir ki, respublikada fiziologiya elminin inkişafına töhfələr vermiş bir alim, elm təşkilatçısı kimi gənc kadrların yetişməsinə də ciddi diqqət yetirirdi. Gənc fizioloqların, biokimyaçıların SSRİ-nin müxtəlif elmi-tədqiqat mərkəzlərinə elmi ezamiyyətlərə göndərilməsi, beynəlxalq forumlarda iştirakını təmin etmək üçün əlindən gələni edirdi. Onun təşəbbüsü ilə Zaqafqaziya Gənc Alimlər Birliyi yaradılmışdı.

Hüseyn Həsənovun elmi və elmi-təşkilati fəaliyyəti akademik mühitdə həmişə tanınıb və yüksək qiymətləndirilib. O, 1972-ci ildə 40 yaşında Azərbaycan EA-nın müxbir üzvü, 4 ildən sonra isə həqiqi üzvü seçilmişdir. 1991-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.

Akademik H.Həsənov ictimai əsaslarla geniş elmi-təşkilati fəaliyyət göstərmişdir. Fiziologiya İnstitutunun rəhbərliyinə gələndən dünyasını dəyişənə qədər o, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, uzun müddət Azərbaycan EA Biologiya Elmləri Bölməsinin akademik-katibinin müavini, Akademiyanın Rəyasət Heyətində elmi kadrların hazırlanması üzrə şuranın sədri, Redaksiya-Nəşriyyat Şurasının sədr müavini, SSRİ-də Fiziologiya üzrə K.M.Bıkov adına mükafatın verilməsi üzrə ekspert şurasının üzvü, SSRİ-də fiziologiya sahəsində çıxan jurnalların ("Ali sinir fəaliyyəti" və "SSRİ Fiziologiya Jurnalı") və Azərbaycan Ensiklopediyasının redaksiya heyətlərinin üzvü olmuşdur.

Hüseyn müəllimin rəhbərliyi ilə 7 elmlər doktoru və 42 elmlər namizədi hazırlanmışdır. 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və 1 dərsliyin müəllifidir. Onun elmi nailiyyətləri elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatına (1972) layiq görülmüş, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində nümayiş etdirilərək bürünc medal və diplomla təltif edilmişdir.

1978-ci ildən Hüseyn Həsənov Azərbaycanı UNESCO-nun Beyin Tədqiqatları üzrə Beynəlxalq Təşkilatında təmsil etmiş, elm sahəsindəki yüksək nailiyyətlərinə görə 1989-cu ildə Nyu-York Akademiyasının üzvü seçilmişdir.

Respublikada fiziologiya elminin inkişafında əvəzsiz rolu olan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli fizioloq-alim Hüseyn Həsənov 1995-ci ildə dünyasını dəyişdi. Onun əziz xatirəsi respublikanın elmi ictimaiyyəti tərəfindən daim yad edilir, tələbələri isə onun qoyub getdiyi zəngin elmi irsi yaşadıb inkişaf etdirirlər.

Ulduz HƏŞİMOVA,

Akademik Abdulla Qarayev adına

Fiziologiya İnstitutunun

baş direktoru, professor,

Rafiq QASIMOV,

AMEA-nın müxbir üzvü, professor.