Görkəmli ictimai-siyasi xadim,  müdrik şəxsiyyət
Sosial həyat

Görkəmli ictimai-siyasi xadim,  müdrik şəxsiyyət

Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində tacir ailəsində anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu kənd ağsaqqalı, anası Zəhra xanım isə İrəvan mahalının ən nüfuzlu şəxslərindən biri olan İbrahimbəy Süleymanbəyovun qızı idi. 1905-ci ildə ailə İrəvan şəhərinə köçür. Əziz Əliyev hələ uşaq yaşlarından elmə, təhsilə olan marağı, həvəsi ilə yaşıdlarından seçilmişdir.

Əziz Əliyev 8 yaşından rus-tatar (Azərbaycan) məktəbində ibtidai təhsil almışdır. 1908-1914-cü illərdə atası ilə bərabər Çita şəhərində yaşayan bacısı Göyçək xanımın yanına getmiş və 6-cı sinfə qədər orada təhsil almışdır. 1914-cü ilin yayında İrəvana qayıtmış, 1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsil almışdır. 1917-ci ildə buranı əla qiymətlərlə bitirir. Təhsilini davam etdirmək üçün maddi imkanı olmadığına görə Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir. Tezliklə Əziz Əliyevə o vaxt üçün kifayət qədər böyük vəsait olan 300 rubl maddi köməklik göstərilir. Həmin ildə Sankt-Peterburqda müsabiqədən müvəffəqiyyətlə keçərək Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına qəbul olunur. Hələ birinci kursda oxuyarkən boş vaxtlarında Sankt-Peterburqda səpgili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasında işə düzəlir. Birinci kursu müvəffəqiyyətlə başa vuran Əziz Əliyev yay tətilində doğma yurdu İrəvana gəlir. Bütün Qərbi Azərbaycanda olduğu kimi, İrəvan mahalında da ermənilər azərbaycanlılara divan tutur, hər kəsi qılıncdan keçirirdilər. Əhalini kütləvi şəkildə qırır, əmlaklarını mənimsəyirdilər. Erməni quldurlarının məqsədi azərbaycanlıların bölgədə tamamilə kökünü kəsmək idi. Bütün bunların şahidi olan Əziz Əliyev ailəsini çətinliklə də olsa Naxçıvanın Şərur rayonunun Şaxtaxtı kəndinə aparır. 1918-ci ildə atası vəfat edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq o, Sankt-Peterburqa qayıdıb təhsilini davam etdirə bilmir. Lakin bu vəziyyət Əziz Əliyevi ruhdan salmır. Əldə etdiyi tibbi kitabları mütaliə edərək müalicəxanalarda, əczaxanalarda həkim köməkçisi kimi işləyir. Lakin təhlükə hələ də davam edirdi. 1920-ci ilin may ayında daşnak qoşunları bolşevik havadarlarının köməyi ilə Şərur rayonuna silahlı hücuma keçərək qırğınlar törədirlər. Nəticədə Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi Araz çayını keçərək Cənubi Azərbaycanın Ərəblər (indiki Poldəşt) kəndində yaşamalı olurlar. Burada da həkim köməkçisi kimi fəaliyyətini davam etdirir. Ərəblər kəndində yaşadıqları müddətdə, 1920-ci ildə anası da vəfat edir. Əziz Əliyev həmin il irəvanlı Hacı Cabbar Abbasovun qızı Leyli xanımla ailə həyatı qurur. Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışmışdır. Daha sonra ailəsi ilə bərabər Bakı şəhərinə köçmüşdür. Artıq Bakıda onun həyatında yeni mərhələ başlayır. İlk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, Respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir. Əziz Əliyev çətin, məsuliyyətli işlərdə işləməklə yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində davam etdirir. 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini əla qiymətlərlə bitirən Əziz Əliyevi savadlı və bacarıqlı gənc mütəxəssis kimi universitetin daxili xəstəliklər kafedrasında saxlayırlar. Əvvəlcə bu kafedrada ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. Əziz Əliyev 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunur. 1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. İnstitutun yaradılmasında onun böyük rolu olur. 1932-ci ildə isə həmin İnistitutun rektoru təyin edilir.

Əziz Əliyev İkinci Dünya müharibəsindən əvvəl də, sonra da Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusilə diqqətlə yanaşmışdır. Onun bu sahədəki fədakarlığı və əzmi Azərbaycan səhiyyəsi tarixində ən önəmli məqamlardan biridir. 1929-cu ildə Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə komissarının müavini işləmişdir. Bu illər ərzində Əziz Əliyev Azərbaycanı qarış-qarış gəzmiş, bütün rayon və kəndlərdə olan problemlərlə yerindəcə tanış olaraq, həlli yollarında əməli tədbirlər görmüşdür. Bütün gördüyü işlərin əsasında isə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1934-cü il mart ayının 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri təyin edilir. Əlbəttə ki, səhiyyə sahəsini gözəl bilən Əziz Əliyevin bu təyinatı paytaxt səhiyyəsini gücləndirmək üçün vacib addım idi. 1935-ci ildə Azərbaycanda yüksəkixtisaslı milli tibb kadrlarının hazırlanmasını gücləndirmək məqsədilə Əziz Əliyevi yenidən Azərbaycan Dövlət Tibb İnstitutuna rektor vəzifəsinə qaytarırlar.

Kadr hazırlığı sahəsində də Əziz Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Belə ki, o, yenidən rektor təyin olunduğu müddətdə onun rəhbərliyi ilə həlli vacib sayılan geniş tədbirlər planı hazırlanır. O, azərbaycanlı gənc kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirir və Azərbaycan dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olur.

Əziz Əliyevin rəhbərliyi ilə bu illər ərzində əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilir. Əlbəttə ki, bütün bunlar o zaman yenicə güclənməkdə olan Azərbaycan tibbinin və bu sahədə təhsil alan tələbələrin əvəzsiz dərs vəsaitləri idi. Bu isə o dövr üçün texniki imkanlar baxımından böyük əhəmiyyət kəsb edirdi. Əziz Əliyevin özünün müəllifi olduğu "Klinik analizlər" kitabı, K.Balakişiyevin "İnsanın normal anatomiyası", Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəyovanın "Göz xəstəlikləri", Ə.Talişinskinin "Travmatologiya" və digər görkəmli alimlərin çap olunan əsərləri Azərbaycanın tibb tarixində ən qiymətli nəşrlərdəndir. Bu kitabların işıq üzü görməsində əlbəttə ki, Əziz Əliyevin böyük əməyi olmuşdur. Hətta alim başqa dillərdə olan vacib tibbi vəsaitlərin Azərbaycan dilinə çevrilərək çap olunmasında da böyük rol oynamışdır. Ümumilikdə, 1930-1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən nəşr olunan 80 adda dərslik və dərs vəsaitinin 55-i Əziz Əliyevin İnstituta rəhbərlik etdiyi dövrdə araya-ərsəyə gəlmişdir. Bütün fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünürdü. O, bu sahədə bütün ideyalarını tədricən uğurla həyata keçirir. İnstitut kollektivinin köməyi ilə "Tibb nəşriyyatı" yaradır. Professorun təşəbbüsü ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşri əsaslı şəkildə təkmilləşdirilir. 1933-cü ildə Əziz Əliyev jurnalın Baş redaktoru təyin edilir. 1933-cü ildə isə onun təşəbbüsü ilə Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin çapına başlanılır. Hazırda bu qəzet "Təbib" adı ilə Azərbaycan Tibb Universitetində çap olunur. Əziz Əliyevin təşəbbüsü ilə professor P.Rostovtsevin sədrliyi ilə "Kitabxana komissiyası" yaradılır.

Əziz Əliyevin xidmətləri təkcə elm sahəsində olmayıb. Bu böyük şəxsiyyət həm də xeyriyyəçilik əməlləri ilə də tarixdə iz salıb. O, Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradır və həmin fondun hesabına ehtiyacı olan tələbələr üçün hər il pal-paltar, ayaqqabı aldırarmış ki, bu da bir növ həmin tələbələri yaxşı oxumağa sövq edər və həvəsləndirici stimula çevrilərdi. Eyni zamanda Əziz Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə təcrübə toplamaq üçün göndərərdi. Həmin tələbələrin çoxu sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşaraq respublikamıza qayıtmışdılar. Əziz Əliyevin təbabət sahəsində fəaliyyəti təkcə təşkilatçılığı və praktik həkimliklə məhdudlaşmırdı. O, həmçinin gözəl nəzəriyyəçi alim idi. Görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və siyasi problemlərə həsr olunmuşdur. Alimin elmi fəaliyyəti çoxşaxəlidir. Əziz Əliyevin sonrakı elmi araşdırmaları yaralanma və bədbəxt hadisələr zamanı ilk yardım, Böyük Vətən müharibəsi əlillərinin bərpa müalicəsi, kənd təsərrüfatı və neft sənayesi işçiləri arasında travmatizmin müalicəsi və profilaktikası, Azərbaycan SSR-də travmatoloji və ortopedik yardımın inkişafı, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun fəaliyyətinə və s. günün aktual məsələlərinə həsr olunmuşdur.

1930-1940-cı illərdə Əziz Əliyev respublikada tüğyan edən malyariya və traxomaya qarşı mübarizədə fəal iştirak etmiş və bu dəhşətli xəstəliklərin kökünün kəsilməsində bütün səy və bacarığını sərf etmişdir. Onun təşəbbüsü ilə xüsusi dispanserlər, xəstəxanalar yaradılmışdır. Həmin bu illərdə o, fövqəladə antiepidemioloji respublika komissiyasının da sədri olur.

Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışır. 1941-ci il avqust ayının 25-də Sovet qoşunları İran ərazisinə yeridilir. Beləliklə, Azərbaycan KP MK katibi Əziz Əliyevin rəhbərliyi ilə xüsusi qrup yaradılır. Polkovnik-komissar Əziz Əliyev Təbrizdə yerləşmiş 47-ci ordunun Hərbi Şurasının üzvü olur və ona geniş səlahiyyətlər verilir. Zaqafqaziya Cəbhəsinin komandanı, general-leytenant D.Kozlovun Hərbi Şuraya ünvanladığı tam məxfi məktubunda bildirilirdi ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi Əziz Əliyev 47-ci ordunun Hərbi Şurasının üzvü təyin olunur. Məktubda göstərilirdi ki, hərbi hissələr içərisində təbliğat-izahat işi aparanlar Əziz Əliyevin göstərişlərini rəhbər tutsunlar. Həmin dövrdə Əziz Əliyevlə İranda xidmət etmiş, sonralar yaxın dostlarından birinə çevrilmiş general-polkovnik N.İ.Trufanov öz xatirələrində yazırdı: "Əziz Əliyev İranda işləyərkən özünü dərin siyasi savada malik bir təşkilatçı kimi göstərdi. İranda bir çox məsələnin həllini Əziz Əliyev öz üzərinə götürürdü".

 Təbrizdə, Urmiyada, Ərdəbildə, Mərənddə, Zəncanda Əziz Əliyevlə bərabər çalışan ziyalılarımız Süleyman Rüstəm, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Qulam Məmmədli, Mehtixan Vəkilov və başqaları öz missiyalarını layiqincə yerinə yetirirdilər. 1942-ci ildə isə Şimali Qafqazda ağır vəziyyət yaranır. Alman faşist qoşunları Dağıstana yaxınlaşır və Bakıya can atırdılar. Alman komandanlığı Bakını ələ keçirməyi, Xəzər dənizində Baş Hərbi Dəniz Bazası yaratmağı, Bakı neftini isə Reyxin mənafeyinə istifadə etməyi qərara almışdı. Nəticədə Bakı üçün böyük təhlükə yaranır. 1942-ci il sentyabr ayının 16-da SSRİ Dövlət Müdafiə Komitəsi öz iclasında respublikadakı bu vəziyyəti müzakirə edərək Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi Linkunun vəzifəsindən götürülməsi və Əziz Əliyevin İran cəbhəsindən Dağıstan cəbhəsinə göndərilməsinə və Dağıstan Vilayət Partiya Komitəsinə birinci katib, Mahaçqala Müdafiə Komitəsinin sədri təyin edilməsi haqqında qərar verir.

Vilayət Partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri, eyni zamanda 58-ci ordunun Hərbi Şurasının, Bakının Hava Hücumlarından Müdafiəsi Şurasının üzvü olan Əziz Əliyevin fəaliyyəti elə ilk aylardan çox mühüm qərarlar, məsələn, respublikanın ərazisində partizan dəstələri yaradılması, xalq müqavimət dəstələrinin təşkil olunması, qırıcı batalyonların vəziyyəti, Mahaçqala şəhərinin müdafiəsi sahəsində tədbirlər, Dağıstanın yerli millətlərinin nümayəndələrindən kadrlar hazırlanması və onların irəli çəkilməsi haqqında qərarlar qəbul edilməsi ilə başladı. Həmin qərarlar yerinə yetirilərək respublikada 13 partizan dəstəsi, bir neçə qırıcı batalyon, 700-dək xalq müqavimət dəstəsi yaradılmışdır ki, bu dəstələrdə 10 minlərlə adam olmuşdur. Müdafiə qurğularının inşasına 150 min nəfərdən artıq dağıstanlı göndərilmiş, qısa müddətdə "Komsomolets Daqestana" zirehli qatarının inşası, Kaspiysk zavodunun, Mahaçqala limanının, dəmir yolu şəbəkəsinin təmiri başa çatdırılmış və Zaqafqaziya cəbhəsinə verilmişdir. Respublikada on beşdən çox təxliyə hospitalı işləyirdi. Müharibə illərində hospitala 130 mindən çox yaralı gətirilmiş, onlardan 100 min nəfərə qədəri və ya 76 faizi sağalmışdır. Əziz Əliyevin rəhbərliyi ilə respublikada müdafiə fondu, 1943-cü ilin dekabrında Dağıstan Dövlət Filarmoniyası və 1945-ci ildə SSRİ Elmlər Akademiyasının Dağıstan bazası yaradılmışdır. Əziz Əliyevin bilavasitə iştirakı ilə Qadın Müəllimlər İnistitutu və Qadın Pedaqoji Məktəbi, habelə Məktəblər İnstitutu, Uşaq Kitab Nəşriyyatı açılmışdır.

Əziz Əliyevin saymaqla bitib-tükənməyən fəaliyyəti nəsillərin örnəyi, fəxr, qürur mənbəyidir. Bütün sadalanan keyfiyyət və fəaliyyəti ilə Əziz Əliyev Azərbaycan səhiyyə tarixində adı fəxr və qürur hissi ilə çəkilən şəxsiyyətlərdəndir. Akademik M.Topçubaşov onun haqqında xatirələrində yazırdı: "Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdır".

Ramidə YAQUBQIZI,

"Respublika".