Görkəmli mütəfəkkir, alim, ictimai-siyasi xadim
Tarixi şəxsiyyətlər

Görkəmli mütəfəkkir, alim, ictimai-siyasi xadim

Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.

Əli bəy Hüseynzadə.

Azərbaycan milli mətbuatının əsas inkişaf yolu və formalaşması əsasən XX əsrin əvvəllərinə təsadüf edir. Jurnalistikanın ictimai tribunaya, söz azadlığına çevrildiyi bir mühit idi. Həmin dövrdə Azərbaycan mətbuatının bünövrəsi hesab olunan qəzet və jurnallar nəşr olunmuşdur. Mətbuatın ağırlığını, məsuliyyətini öz çiyinlərində daşıyan ziyalılarımız, mətbuat xadimlərimiz isə tarixin yaddaşında Azərbaycan mətbuatının yaradıcıları kimi qalmışdır. Belə fədailərimizdən biri də Əli bəy Hüseynzadə idi.

Əslən indiki Sabirabad rayonunun Quruzma kəndindən olan Əli bəy Hüseynzadə 1864-cü il fevral ayının 24-də Salyanda anadan olmuşdur. Atası molla Hüseyn Hüseynzadə Tiflis Müsəlman Məktəbinin müəllimi idi. Kiçik yaşlarında atasını itirən Əli bəy Hüseynzadə ana babası, Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. 1875-1885-ci illərdə Tiflis gimnaziyasında təhsil almışdır. Uşaq yaşlarından bir çox dillərə maraq göstərmiş və türk, fars, ərəb, alman, rus dillərini öyrənmişdir.

Əli bəy Hüseynzadənin babası Şeyx Əhməd Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovla yaxın dost olub. Elə bu dostluğun sayəsində də Əli bəy o dövrün ədəbi mühitində böyümüşdür. Gimnaziyada təhsil aldığı müddətdə türk dilinə, türkçülüyə Şeyx Səlyaninin və Mirzə Fətəli Axundovun təsiri ilə böyük həvəs göstərmişdir. Əli bəy Hüseynzadənin böyüdüyü mühitdə millət sevgisi formalaşmışdır. Ümumiyyətlə, bütün bu xüsusiyyətlərin onda inkişaf etməsi və aşılanmasında hər iki şəxsiyyətin böyük rolu var idi.

Ziya Göyalp onun Rusiyadakı millətçilik cərəyanının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən birinin ona millət sevgisi aşıladığını yazmışdır. Eyni zamanda, Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə türkçülüyün əsaslarını izah etdiyini, "Turan" adlı şeirinin turançılıq ideologiyasının ilk cücərtisi kimi dəyərləndirmişdir.

Əli bəy Hüseynzadə 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsində təhsil almaqla yanaşı, həm də şərq fakültəsində mühazirələr dinləmiş, burada dövrünün məşhur elm xadimləri - Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs almışdır. Təhsil aldığı müddətdə ölkədə gedən ictimai-siyasi proseslərlə yaxından tanış olmuş, "xalqçılar" hərəkatına rəğbət bəsləmişdir. Lakin Rusiyada baş verən çaxnaşmalarla əlaqədar olaraq o, İstanbula getməyi qərara alır. Burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində təhsil almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə isə Qırmızı Aypara Cəmiyyətinin xətti ilə İtaliyaya gedir. Türk-yunan savaşına qatılan Əli bəy Hüseynzadə 1900-cü ildə geri qayıdıb imtahan verərək Tibbiyyə Ali Məktəbinə Dəri və zöhrəvi xəstəliklər kafedrasında professor köməkçisi vəzifəsinə təyin edilir. İnqilabçı gənc türklər hərəkatına qoşulduğu və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğu üçün burada da təqib olunur. Ə.Hüseynzadə eyni zamanda Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almışdır. Bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Bütün həyat və yaradıcılığını ümumtürk mənəvi dəyərlərinin tədqiq və təbliğinə həsr edən Əli bəy Hüseynzadə apardığı mücadilə və mübarizələr nəticəsində Türkiyədə təqib olunur və Azərbaycana dönür. O, burada "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır. Publisistik yazılarını dərc etdirən müəllif "Gənc türkçülük nədir?" adlı məqaləsində türk tənzimat hərəkatının mahiyyətini açıqlamışdır. Az müddət sonra dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisist Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə "Həyat" qəzetinin nəşrinə nail olur. Həmin qəzet vasitəsi ilə Əli bəy Hüseynzadə Azərbaycan oxucularına "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər söyləyən mütəfəkkir kimi tanınır. Bu qəzetdə dərc etdirdiyi əsərləri ilə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışırdı. Əli bəy Hüseynzadə 1906-cı ildə isə Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirir. Həmin jurnalda çıxan məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai!". Bu fikir füyuzatçı mətbuat orqanları arasında təkmilləşdirilərək "Tazə həyat", "İrşad", "Həqiqət", "İqbal", "Açıq söz", "Azərbaycan" və digər qəzet və jurnallar tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" - azərbaycançılıq şəklində təbliğ olunurdu. Hətta Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Onu Azərbaycan Cümhuriyyətinin ideoloji banisi adlandırmışlar. Hilmi Ziya Ülkər Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə etmişdir.

Ə.Hüseynzadə Azərbaycanla yanaşı, həm də Türkiyənin ictimai-siyasi həyatında özünəməxsus mövqe qazanmış dahi şəxsiyyətlərdəndir. O, 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla ailə həyatı qurur. Bu evlilikdən onun üç övladı olur. İztirab, məhrumiyyət, təqib və çətinliklər içərisində yaşamış Əli bəy Hüseynzadənin ömrünün 30 ildən çoxu mühacirətdə keçmişdir. Bu böyük şəxsiyyət 76 yaşında, 1940-cı ildə İstanbulda vəfat edib. Qaraca Əhməd məzarlığında, şair Hədimin qəbri yaxınlığında dəfn olunub.

 Ramidə YAQUBQIZI,

 "Respublika".