Görülən işlər razılıqla qarşılanır
Region

Görülən işlər razılıqla qarşılanır

Hacıqabul şəhəri son illərdə respublikamızın sürətlə inkişaf edən yaşayış bölgələrindən biridir. Şəhərdə su, qaz, işıq problemi həll olunub. Küçələrə asfalt döşənib, işıqlandırma sistemi quraşdırılıb. Şəhərdə aqroparklar, sənaye məhəllələri yaradılıb.

Bu günlərdə rayon icra hakimiyyəti başçısının Hacıqabul şəhərində keçirilən növbəti səyyar qəbul-görüşündə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə razılıqla danışıldı. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi diqqətə çatdırıldı. Görüşdə bir daha vurğulandı ki, Hacıqabul şəhərində həyata keçirilən inkişaf tədbirləri davamlı olacaq, burada səsləndirilən çatışmazlıqlar qısa müddət ərzində öz həllini tapacaq.

Tofiq HÜSEYN,

"Respublika".