Görülən işlər ürək açır
Region

Görülən işlər ürək açır

Təzə təmir olunmuş geniş foyedə ayaq altına xalça döşənmiş, divardan ümummilli lider Heydər Əliyevin fotostendi asılmış, ətrafı güllərlə bəzədilmişdi. Divan-kreslo dəsti, elanlar lövhəsi, irad və təkliflər qutusu, digər əşyalar bura xüsusi yaraşıq verirdi. Kürdəmir Peşə Liseyinin direktoru Nazim Məmmədovla müasir dizaynla hazırlanmış akt zalına baxırıq.

- Bunların hamısı qısa müddət ərzində öz qüvvəmizlə əmələ gəlib—Nazim müəllim deyir.

Təmizlik, səliqə-sahman sözün əsl mənasında göz oxşayır. Adam cəmisi bir neçə ay bundan əvvəl rastlaşdığı mənzərənin necə dəyişdiyini təsəvvürünə gətirə bilmir. Direktor onu da bildirir ki, 2020-2021-ci tədris ilində tələbələr 7 ixtisas üzrə təhsil almışlar. Bunlar dərzi, təmirçi-çilingər, heyvandarlıq mütəxəssisi, xalçaçı, elektrik qaz qaynaqçısı, üzümçülük və şərab ustası, kompüter ixtisası üzrə peşələr olmuşdur. 2021-2022-ci tədris ili üçün sifariş edilmiş qrupların siyahısına yenidən baxılıb, seçilən ixtisaslar müasir əmək bazarının tələbatına uyğunlaşmışdır. Bura elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru, mexaniki yığma işləri üzrə çilingər ixtisasları əlavə edilmişdir.

Direktorla sinif otaqlarını, ayrı-ayrı fənn kabinetlərini gəzirik. Təzə təmir olunmuş otaqlar stolların üzərinə düzülmüş əyani vəsaitlərlə, mebel, digər avadanlıqla təmin olunmuşdur. Müəllimlər otağı, geniş kitabxana, hərbi otaq, kompüter otağı-tələbələrin ixtiyarındadır. Nazim müəllim deyir:

- Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqlarının icra edilməsi məqsədi ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair “Strateji Yol Xəritəsi” hazırlanmışdır. Xəritədə dünyada mövcud olan meyillər nəzərə alınmaqla bu sistemi inkişaf etdirmək nəzərdə tutulur. Biz, fəaliyyətimizi artan tələbata uyğunlaşdırmağa çalışırıq.

Peşə Liseyində 43 nəfər müəllim və istehsalat təlimi ustası işləyir. Kollektiv liseyin təmirində sözün əsl mənasında fədakarlıq göstərmişdir. Hərbi idman müəllimi, Əməkdar idman ustası Əlisahab Əliabbasov, istehsalat təlimi ustası Mustafa Abdullayev, Eynulla İbrahimov, kitabxanaçı Xuraman Həşimova, müəllimlərdən Zərifə Nuriyeva, Sürayyə Kərimova, Təranə Usubova liseydə abadlıq-təmir işlərində əllərindən gələni əsirgəməmişlər.

Liseydə 117 nəfər dövlət hesabına, 18 nəfər ödənişli qaydada təhsil alır. Təcrübə məqsədi ilə liseyə 100 hektar torpaq sahəsi ayrılmışdır. Kollektivin imkanları ilə yaradılan şərait heç şübhə yoxdur ki, gənclərin peşə hazırlığına yetərincə kömək edəcək.

Məktəbin həyətinə göz gəzdiririk. Üçrəngli bayrağımız, giriş qapısı, dəmir hasar, bulaq-hər şey təmizlik, səliqə-sahman nümunəsidir.  Bütün bunlara baxır və fikirləşirsən: “Görülən işlər ürək açır”...

 

Tofiq HÜSEYN,

“Respublika”.