Görüşlərdə Qafqazda dini-mənəvi həyat barədə məlumatlar verilib
Digər xəbərlər

Görüşlərdə Qafqazda dini-mənəvi həyat barədə məlumatlar verilib

Dekabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaq Rusiya Federasiyası Ruhani İdarəsinin sədri, Rusiya müsəlmanlarının müftisi Ravil Qaynuddinin salamlarını şeyxülislama çatdırıb. Dəmir Muxetdinov QMİ sədrinin bu yaxınlarda Moskvada keçirilmiş XVIII Beynəlxalq Müsəlman Forumundakı çıxışını xatırlayaraq deyib ki, orada səsləndirilən fikirlər Rusiya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

QMİ sədri Azərbaycanda və Qafqaz regionunda dini-mənəvi həyat, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, habelə bölgədə sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində fəaliyyətlər barədə qonağı məlumatlandırıb.

Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi ilə Rusiya Federasiyası Ruhani İdarəsi arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, onun da salamlarını Ravil Qaynuddinə çatdırmağı xahiş edib.

Görüşün sonunda Dəmir Muxetdinov Volqaboyu Bulqarıstanı xalqlarının İslamı qəbul etmələrinin 1000 illiyi münasibətilə nəfis şəkildə nəşr olunan "Qurani-Kərim"in rus dilinə variantını Allahşükür Paşazadəyə təqdim edib.

***

Dekabrın 19-da şeyxülislam Allahşükür Paşazadə, həmçinin Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver və Qrupun Baş katibi Cəfər Okray ilə görüşüb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub.

Akkan Suver şeyxülislam Allahşükür Paşazadəni gələn ilin mart ayında keçiriləcək Mərmərə Qrupu Vəqfinin toplantısına dəvət edib. Bildirilib ki, toplantı çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbir təşkil olunacaq. Qonaq, həmçinin şeyxülislam Allahşükür Paşazadəyə Cümhuriyyətin yüzilliyinə həsr olunan "Mərmərə Qrupu Vakfı" kitabını hədiyyə edib.

Dəvəti məmnunluqla qəbul edən Qafqaz Müsəlmanları İdarəsinin sədri qonaqlara "Qurani-Kərim"in nüsxələrini hədiyyə edib.