Gövdəsi də, çiyidi də, ləçəyi də qiymətlidir
Region

Gövdəsi də, çiyidi də, ləçəyi də qiymətlidir

Heç kəsə sirr deyil ki, pambıqçılığın ölkə iqtisadiyyatı üçün çox böyük faydası var. Hər şeydən əvvəl, əhali arasında məşğulluq yaranır, satılan mahlıcdan respublikamıza valyuta daxil olur, həm də yerli istehsala təkan verilir. Aqrar sahəyə, o cümlədən, pambıqçılığa göstərilən dövlət dəstəyinin nəticəsində fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artırır, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verirlər. Bir daha qeyd edək ki, pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Ağdam rayonunda yaşamış bir çox ağsaqqalların, əmək adamlarının xatirələrində bu bölgədə pambıq istehsalının tarixindən, gəlirli sahə kimi önəmindən pambıqçılıqda yaxşı ənənənin mövcud olmasından ətraflı söz açılır.

Respublikamızda pambıqçılığın elmi əsaslarla inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində pambıqçılığın böyük sənaye potensialı yaradılıb, eyni zamanda, torpaqlarda geniş meliorativ tədbirlər görülərək geniş irriqasiya sistemi qurulub. Məhz buna görə də, 1981-ci ildə respublikada ən yüksək nəticə əldə edilib - 1 milyon ton pambıq istehsal olunub.

Pambıqçılıqdan qazandıqları qazancla öz ailə-məişət problemlərini yüksək səviyyədə həll edən, əmək qəhrəmanı kimi şan-şöhrət qazanan, orden və medallarla təltif olunan insanların yaratdıqları yaxşı ənənə bu gün də yaşayır. Pambıq bitkisinin gövdəsi də, çiyidi də, ləçəyi də dəyərlidir. Belə ki, pambıq mahlıcı toxuculuq sənayesində ən əhəmiyyətli təbii xammaldır. Çiyiddən alınan bitki yağı məişətdə əsas yerlərdən birini tutur, ondan hazırlanan jmıx isə heyvandarlıqda qüvvəli yem kimi əvəzedilməzdir, gövdəsindən də kənd adamları yanacaq kimi istifadə edirlər.

Vaxtilə Ağdam rayonunda yüz min tona yaxın pambıq istehsal olunub, pambıqçılıqda qazandıqları yüksək göstəricilərə görə onlarla insan keçmiş Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, kəndlərin siması köklü surətdə dəyişib, adamlar yaxşı gün-güzəran qurublar, minik maşınları alıblar.

Sübh tezdən qaş qaralana kimi pambıq sahələrində iş gedir, fermerlər və torpaq mülkiyyətçiləri becərmə işlərini uğurla davam etdirirlər. Ağdam pambıqçıları əvvəlki illərdə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar. Rayon ərazisində 2236, 8 hektarda çiyid səpini həyata keçirilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P. Aqro” MMC ilə müqavilə bağlayan fermerlər bol məhsul əldə etmək üçün əzmlə çalışırlar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin nəticəsində yaxşı bitiş alınıb. Bu isə cari təsərrüfat ilində də məhsuldarlığın yüksək olacağından xəbər verir.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq rayon ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulur, evlər dağılır, təsərrüfatlara ciddi ziyan dəyirdi. Buda pambıq yığımının həyata keçirilməsini çətinləşdirir və ləngimələr olurdu. Sözün əsl mənasında, pambıqçılar tarlalarda fədakarlıq göstərir, məhsulun batmasına imkan vermirdilər. Qeyd edək ki, ötən il bölgədə ağır döyüşlərin getməsinə baxmayaraq ağdamlı pambıqçılar tarlalardan 7100 ton “ağ qızıl” yığıblar, hər hektarın məhsuldarlığı 33,5 sentner olub.

Rayonda pambıqçılıqla məşğul olan fermerlərdən biri Zahir Əliyevdir. Əvvəlki illərdə hektarın məhsuldarlığına görə yüksək nəticələr əldə edən fermer bu ili də uğurla başa vurmaq əzmindədir. Fermer deyir:

- Bu günlərdə sevindirici bir xəbər aldıq. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat müəyyən olunub. Yaxşı bilirik ki, bu möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən pambıqçılığın dəstəklənməsi istiqamətində atılan uğurlu bir addımdır. Dövlət tərəfindən pambıqçılığa göstərilən qayğıdan ruhlanaraq keçən il 50 hektarda pambıq becərib hər hektardan 41 sentner məhsul götürdüm. Bu il aqrotexniki tədbirləri ardıcıl və düzgün həyata keçirərək, məhsuldarlığı daha da yüksəltməyə çalışacağam.

Əhliman Səfərov təsərrüfatın, pambıqçılığın, bir sözlə, əkin səpin işlərinin ustasıdır. Uzun illərdir ki, təsərrüfat işlərində çalışır. Pambığın alış qiymətinin artırılması onun da ürəyincə olub. Təcrübəli pambıqçı Əhliman Səfərov söhbət zamanı deyir:

- Dövlətimiz sağ olsun, fermerləri unutmur. 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi böyük qayğının təzahürüdür.

Fermer Namaz Rəfiyev 50 hektarda pambıq becərib. Havaların əlverişli keçməsi nəticəsində sahələrdə bol məhsul var. Keçən ilin çətinliklərinə baxmayaraq fermer hər hektardan 30 sentnerdən çox məhsul əldə edib. Fermerlərə göstərilən dövlət qayğısından söz açan Namaz Rəfiyev deyir:

- Dövlətimiz təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya, pambıq əkilən hər hektara görə 260 manat əkin subsidiyası ödəyir. Ödənilən subsidiyalar fermerlərə xüsusi kartlar vasitəsilə çatdırılır və ödənilən məbləğin yalnız 25 faizini nağdlaşdırmağa icazə verilir. 75 faiz məbləği fermer kart vasitəsilə və bilavasitə təsərrüfat məqsədli istehsal vasitələrinin alınmasına sərf etməlidir. 40 hektarda pambıq becərmişik. Ona görə də, bu il yığıma çox böyük ruh yüksəkliyi ilə hazırlaşırıq. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən “Dəmir Yumruq” döyüş əməliyyatları işğalçı Ermənistanı diz çökdürdü, ağır məğlubiyyətə uğratdı. Bu tarixi qələbə bizə yeni bir ruh gətirib. Biz də ölkəmizin iqtisadiyyatının daha da güclənməsi üçün inamla çalışırıq.

Qeyd edək ki, rayonda əvvəlki illərdə olduğu kimi şum, arat, mala, gübrələmə, suvarma, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə və sair kimi aqrotexniki tədbirlər vaxtında aparılıb. Nəticədə barlı kollar yetişib. Fermerlər pambıq yığımına hazırlaşırlar. Məhsulun itkisiz yığılması üçün kifayət qədər texnika var, işçi qüvvəsi də yetərincədir. Göz işlədikcə uzanıb gedən “ağ qızıl” tarlaları ağ günlərdən, bol məhsuldan xəbər verir.

Salman ALIOĞLU,

“Respublika”.