Göy kişnər,  bulud ağlar…
Region

Göy kişnər,  bulud ağlar…

Qarabağda ən mühüm strateji məkanda yerləşən Füzuli şəhərinin erməni işğalından azad edilməsi Vətən müharibəsinin ən şanlı səhifələrindən biridir. Azərbaycan ordusunun bölmələri cənub-şərq cəbhəsində ən şiddətli döyüşlər apararaq düşmən istehkamlarını dağıdaraq Füzuli şəhərini bir neçə istiqamətdən mühasirəyə alıb.  2020-ci il oktyabrın 16-dan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüşlər başlayıb.  Düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalıb.  Müharibə xronologiyasına nəzər salanda bir daha aydın olur ki,  silahlı qüvvələrimizin qəhrəmanlığı, cəsarəti və peşəkarlığı xalqımıza layiq olduğu qüruru yaşadır.  Həmin döyüşlərdə igidlik göstərən oğulların cərgəsində Şamil Əliyev də inamla addımlayıb, düşmənə ağır zərbələr vurub, torpaqlarımızın işğaldan azad edilməsi üçün qanını və canını əsirgəməyib.

Şamil Xançoban oğlu Əliyev 20 mart 1996-cı ildə Füzuli rayonunun  Böyük Bəhmənli kəndində anadan olub.  Uşaq yaşlarından hərb sənətinə marağı olub. Vətən qarşısında həqiqi hərbi xidmətini başa vurandan sonra Şamil ordu sıralarında müddətdən artıq qulluq etməyə başlayıb.  Kəşfiyyatçı kimi yetişib, cəsarəti ilə fərqlənib. Qəhrəman kəşfiyyatçı Şamil Əliyev 2016-cı ilin Aprel döyüşlərində xüsusi şücaət göstərib. Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə igidlik göstərib, düşmənin canlı qüvvəsinin məhv edilməsində iştirak edib. Şamil 2020-ci il oktyabrın 16-da Füzuli şəhərinin azad edilməsi uğrunda gedən gərgin döyüşlər zamanı qəhrəmanlıqla həlak olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kəşfiyyatçı Şamil Əliyev ölümündən sonra “Vətən uğrunda,  “Füzulinin azad  olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 İgid kəşfiyyatçı Şamil Əliyevin doğum günü onun məzarı başında qeyd edilib. Anım mərasimində şəhidin ailəsi,  Füzuli Rayon İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları,  təhsil aldığı məktəbin kollektivi,  döyüş yoldaşları,  şəhid ailələri,  qazilər və Böyük Bəhmənli kənd sakinləri iştirak edib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Mərasimdə qürur və iftixarla bildirilib ki, Şamil qısa ömür yaşasa da öz şücaəti ilə əbədiyyət qazanıb, adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bütün şəhid ailələri kimi Şamilin də ailəsi dövlət tərəfindən qayğı ilə əhatə olunub. Qeyd olunub ki, mərd oğullarımız can verdilər, qan tökdülər Vətəni bütöv etdilər, erməni zülmünə son qoydular.

Şanlı Qələbədən keçən bir il dörd ay şəhid ailələri üçün nə qədər kədərli olsa da öz övladları ilə fəxr edən valideynlər, qardaşları ilə qürur duyan bacılar, toy günündə əllərinə yaxılan xınanın rəngi getməmiş həyat yoldaşını itirən fədakar gəlinlər,  şəhid övladları cəmiyyətin və ölkənin ən qiymətli vətəndaşları kimi hörmət və ehtirama layiqdirlər. Onlar itirdikləri əzizlərinin əşyalarını ən qiymətli miras kimi qoruyub saxlayır, ən yaxşı otağı bəzəyib xatirə otağına,  şəhid muzeyinə çeviriblər. Hər gün, hər an şəhid şəkilləri ilə danışır, ürəklərini boşaldır, göz yaşları içində pıçıldayırlar: burada bir igid ölüb, göy kişnər, bulud ağlar...

                                              Salman ALIOĞLU,

                                                 “Respublika”.