Göyçay: Şəhid adları əbədiləşdirilir
Region

Göyçay: Şəhid adları əbədiləşdirilir

44 günlük Vətən müharibəsi  zəfər tariximizin ən  şanlı səhifələrindəndir. Bu tarix və qazanılan qələbə hələ uzun illər Azərbaycan hərb elminin uğuru kimi tədqiqat mövzusu olaraq araşdırılacaq, eyni zamanda ümumtəhsil məktəblərində tədris edilərək öyrəniləcəkdir. Torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə  şəhidlik zirvəsinə ucalmış Vətənin qeyrətli oğulları isə bu tarixin ölməz  müəllifləri kimi xalqın yaddaşında əbədi yaşayacaq.

Göyçay rayonunda şəhidlərə xüsusi ehtiram əlaməti olaraq, Vətən aşiqlərinin adlarının əbədiləşdirilməsi işi davamlı olaraq aparılır. Bu günlərdə   Göyçayda şəhid Fərid Mövsümovun adına verilmiş küçənin təqdimatı olub. Fərid Zakir oğlu Mövsümov 1987-ci ildə  Göyçay şəhərində anadan olub. Gənc yaşlarından valideynlərini itirən Fərid qohumlarının himayəsində böyüyüb. Vətənpərvərlik hissi güclü olub, daim mübarizəyə can atıb. Vətən müharibəsində kəşfiyyatçı kimi peşəkarlıq göstərib.

Fərid Mövsümovun adının əbədiləşdirilməsi münasibətilə keçirilən   tədbirdə rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, din xadimləri, şəhidin yaxınları, qazilər və şəhər sakinləri iştirak ediblər.

Tədbirə toplaşanlar Şəhidlər Xiyabınına gedərək, qəhrəmanın  xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Mehdi Səlimzadə bildirib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı bütöv Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci bəxş edən  şəhidlərimizi daim qəlbimizdə yaşadaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Tədbirdə şəhidin şərəfli döyüş yolundan və göstərdiyi  şücaətdən danışılıb.

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Mövsümov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.

Maarif RZAYEV,

“Respublika”.