Göyçay: Şəhid bulağı
Region

Göyçay: Şəhid bulağı

Vətən müharibəsində şəhid olmuş Maarif Rahim oğlu Həsənovun  əbədi xatirəsinə ehtiram əlaməti olaraq, şəhərin Şəhidlər Xiyabanına yaxın ərazidə yerləşən Şəhriyar küçəsində yeni bulağın açılış mərasimi keçirilib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhidin ailə üzvləri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər. Mərasimdə rayon icra hakimiyyətinin başçısı M.Səlimzadə qeyd edib  ki, torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş  hər bir igidimizin adı tarixə qızıl hərflərlə yazılmışdır. İllər ötsə də, gələcək nəsillər onları daim ehtiramla yad edəcək.

Bulağın açılış mərasimində şəhid Maarif Həsənovun  keçdiyi şərəfli  döyüş yolundan, göstərdiyi şücaətdən  danışıldı, məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər söylənildikdən sonra Azərbaycan və qardaş Türkiyənin bayraqları ilə bəzədilmiş   bulaq kompleksin  önünə gül dəstələri düzülərək, qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Maarif  Rahim oğlu Həsənov 2020-ci il  noyabrın 17-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Göyçay Rayon İcra Hakimiyyətində Vətən müharibəsi və Şəhid Ailələri ilə İşin  Təşkili Şöbəsindən bildirildi ki, hazırda İkinci Qarabağ savaşında  şəhid olmuş 43 nəfər göyçaylı igidlərin adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir. Onlardan 6 nəfərin adına küçələr verilmiş, 20 nəfərin adları isə şəhərin müxtəlif yerlərində inşa edilmiş  bulaq komplekslərində əbədiləşdirilmişdir.

Maarif RZAYEV,

”Respublika”.