Göyçay: Şəhid məzarına gül düzülüb
Region

Göyçay: Şəhid məzarına gül düzülüb

Bu günlərdə daha bir şəhidimizin - Göyçay rayonunun Məlikkənd kəndi sakini, İkinci Qarabağ müharibəsində  müqəddəslik zirvəsinə ucalmış  Xəyyam Hüseyn oğlu Hüseynovun doğum günündə xatirəsi ehtiramla yad  edilib, məzarı üzərinə gül dəstələri düzülüb. Mərasimdə çıxış edənlər 25 yaşlı Vətən aşiqinin  keçdiyi qısa və mənalı həyat yolundan danışıblar. Rayon İcra Hakimiyyətinin rəsmiləri, YAP  rayon təşkilatının nümayəndələri, kənd sakinləri və ağsaqqallar Xəyyam Hüseynovun doğulub boya-başa çatdığı ünvana baş çəkərək, ailə üzvləri ilə  görüşüblər.

Gənc Xəyyamın uşaqlıq və gənclik dövrünün xoş xatirələri səhifələnib.
Görüşdə  Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb və qeyd edilib ki, rəşadətli ordumuz, igid  oğullarımız döyüş meydanında hünər göstərərək, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad ediblər.

Xəyyamın  atası Hüseyn Hüseynov göstərilən diqqət və qayğıya görə ölkə başçısı  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, ailəsi adından təşəkkürünü bildirib.

Maarif RZAYEV,

“Respublika”.