Göyçay: Şəhid polkovnik Babək Səmidlinin “Zəfər ordeni” ailəsinə təqdim edilib
Region

Göyçay: Şəhid polkovnik Babək Səmidlinin “Zəfər ordeni” ailəsinə təqdim edilib

Qəhrəmanlar heç vaxt unudulmur. Onların yazdıqları tarix  isə  bütöv Azərbaycanın şanlı tarixidir. Əbədiyyətə  qovuşan şəhidlərimiz Vətən torpağına elə bir nəfəs gətirdilər ki, hələ uzun illər gələcək nəsillər onların Zəfər yürüşündən qürurla danışacaq. Bu igidlər sırasında Göyçayın  hünərvər oğlu Babək Səmidlinin də adı var.

Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974-cü ildə Göyçay rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini vəzifəsini icra edib.
1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə  məzun olub. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda  Silahlı Qüvvələr sırasında xidmətə başlayıb.  

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən  Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər gedirdi. Tarixə Aprel döyüşləri kimi daxil olan  hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi idi. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Bu  gələcək çoxsaylı  zəfərlərin başlanğıcı idi.

2020-ci il isə şanlı ordumuzun Qarabağ uğrunda Zəfər tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük müharibə Azərbaycan torpaqlarının əbədi olaraq, işğaldan azad edilməsini təmin etdi. Bu böyük zəfərin qazanılmasında payı olan Babək Səmidli Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edən sərkərdələrdən olub. Müharibənin qurtarmasına sayılı günlər qalırdı. Bütün dünya aciz və sındırılmış işğalçı ordusunun məhv edildiyini qəbul edir və ermənilərin iç üzünü  görürdü. Təcavüzkarları iti qovan kimi qovan Azərbaycan Ordusu bir-birinin ardınca xalqımıza qələbə müjdəsi çatdırırdı. Strateji ərazi sayılan Suqovuşanda Babək Səmidlinin də rəhbərlik etdiyi  əsgər və zabitlərimiz mövqelərini möhkəmləndirmişdilər.

Mənfur düşmən ərazini minaladığına görə şəxsi heyətin sürətli hücumunda da  maneələr yaranırdı.

23 noyabr 2020-ci il... Bu tarix Babək Səmidlinin “gözəgörünməz” düşmənlə son döyüşü idi. Babək Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərindən  ibarət qrupun üzvü kimi  döyüş meydanında qalan meyitlərin çıxarılması missiyasını yerinə yetirirdi. Və yenə də  mina!  Güclü partlayış  nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı  yaralandı, amma Babəki xilas etmək mümkün olmadı. Babək Səmidli   noyabrın 24-də doğma  Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olundu.

Bu gün qəhrəmanın dünyaya göz açdığı   Göyçayda  xatirəsi ehtiramla yad edilir.
Azərbaycanın ərazilərinin işğaldan azad edilməsində  xüsusi xidmətlərinə, qarşıya qoyulmuş döyüş  tapşırıqlarını  yerinə yetirərkən  fərqləndiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli “Hərbi xidmətlərə görə”, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Babəkin Mətləb və Səmid adında 2 oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Babək Səmidlini  ölümündən sonra Zəfər ordeni ilə təltif edib.

Bu günlərdə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general – mayor Abdullayev, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə, ağsaqqallar,  şəhid ailələri, rayon ictimaiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin nümayəndələri   Göyçayın Şəhidlər xiyabanını ziyarət ediblər.

 Sonra şəhidin evində polkovnik Babək Səmidlinin xatirə guşəsi ilə tanış olublar. B.Səmidlinin atası Mətləb Səmidli Azərbaybaycan Respublikası Prezidenti İlham Əliyevə oğlunun xidmətinə  verdiyi dəyərə  görə ailəsi adından təşəkkürünü bildirib. Görüşdə  şəhidin layiq görüldüyü  "Zəfər ordeni"  övladları Mətləb və Səmidə təqdim olunub.

 Şəhid polkovnik Babək Səmidlinin xatirəsi əbədiləşdirilərək, Göyçayın ən abad küçələrindən birinə onun adı verilmiş, önünə xatirə lövhəsi vurulmuşdur.

 Maarif RZAYEV,

Respublika”.