GÖYGÖL: ŞƏHİD XATİRƏ BULAĞI
Region

GÖYGÖL: ŞƏHİD XATİRƏ BULAĞI

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon şəhidi Cəbrayılov Elnur Tofiq  oğlunun xatirəsinə inşa olunan bulağın açılışına həsr olunmuş mərasim keçirilib. Mərasim iştirakçıları şəhidin Göygöl Şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət edərək, tər gül dəstələri düzərək, ruhuna dualar oxuyub əziz xatirəsini böyük ehtiramla anıblar.

Tədbirdə şəhidin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb kollektivləri, qazilər, şəhid ailələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu şəhid Elnur Cəbrayılovun keçdiyi qısa lakin şərəfli döyüş yolundan, vətənə sədaqətindən, şücaətindən danışıblar. Eyni zamanda, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsi, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına müvəffəq olduğunu qürurla  bildiriblər. Həmçinin qeyd ediblər ki, bu uzaqgörən siyasətin nəticəsində şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız 44 gün ərzində azad edildi. Xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti sayəsində  tarixi ədalət bərpa olundu. Müzəffər ordumuzun qüdrəti sayəsində üçrəngli  bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır. 

Şəhid kapitan Cəbrayılov Elnur Tofiq oğlu 26 aprel 1981-ci ildə Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur. 1988-ci ildə Əhməd Cavad adına Gəncə şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 1994-cü ildə Göygöl şəhərinə köçərək orta təhsilini Göygöl şəhər 6 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 1999-cu il tarixdə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1999-2003-cü illərdə Gəncə Dövlət Universitetində ali təhsil almışdır. 2003-cü ildən 2004-cü ilə kimi “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2004-cü ilin aprel ayında zabit olmaq üçün Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində xüsusi təlim keçərək leytenant hərbi rütbəsinə təqdim edilmişdir. 2004-cü ildən Göygöl şəhər 1 nömrəli tam orta məktəbdə və Göygöl rayon Çaylı kənd tam orta məktəbində tarix müəllimi işləmişdir. 2013-cü ildə müəllimlik vəzifəsindən öz ərizəsi ilə işdən çıxaraq “N” saylı hərbi hissədə leytenant kimi ordu sıralarında xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edən Elnur Cəbrayılov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş və bir neçə aydan sonra nəşi tapılaraq 16 yanvar 2020-ci il tarixdə Göygöl Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət ordeni“, Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 2 övladı yadigar qalıb.

Şəhidin anası Elnurə Rzayeva ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Sonra, şəhidin müəllim kimi işlədiyi Göygöl şəhər 1 nömrəli və Çaylı kənd tam orta məktəbin şagirdləri, şəhidə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.