GÖYGÖLDƏ FERMER VƏ KOORDİNASİYA ŞURASININ TOPLANTISI
Region

GÖYGÖLDƏ FERMER VƏ KOORDİNASİYA ŞURASININ TOPLANTISI

Göygöl rayonunda qabaqcıl fermerlərin iştirakı ilə Dövlət Aqrar İnkişaf Mərkəzi yanında fəaliyyət göstərən Fermer və Koordinasiya Şurasının toplantısı keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov və rayonun qabaqcıl fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər. Tədbirdə qeyd edilib ki, Fermer və Koordinasiya Şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyub. Eyni zamanda, aqrar sahədə institusional layihələrin həyata keçirilməsinin davam etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tanınmış fermerlərdən Fuad Zalov, Təhminə Hacıyeva, Elmay Tanrıverdiyev, Rəfail Mustafayev, Mustafa Bəhruz çıxış edərək fermerlərin qarşısında duran vəzifələrdən, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Görüşdə gübrələrin keyfiyyəti, suvarma problemləri, intensiv bağların genişləndirilməsi, sertifikatlı toxumdan istifadə, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda 15 nəfərdən ibarət Fermer və Koordinasiya Şurasının idarə heyətinə yeni üzvlər qəbul olunub.

                                Zabit XƏLİLOV,

“Respublika”.