Göytəpənin mübariz oğulları
Region

Göytəpənin mübariz oğulları

Azərbaycanda vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin və şəhid Vüqar İbadovun ailə üzvlərini ziyarət etdi.

RİH başçısı Rəşad Abdullayevin valideynlərinin yaşadığı ünvana gələrək onlarla görüşdü. Ziyarət zamanı Rafiq Cəlilov şəhid ailəsinə başsağlığı verərək, Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi. Bildirdi ki, hər bir qəhrəmanlıq dastanı olan şəhidlərimiz torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaq.

Rəşad Abdullayevə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdu.

Daha sonra Rafiq Cəlilov şəhid İbadov Vüqar Sadiq oğlunun ailə üzvlərini ziyarət edib, şəhid ailəsinə başsağlığı verərək, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilədi. Görüşdə şəhid Vüqar İbadovun ömür yolundan, Vətənə olan sevgisindən və qəhrəmanlığından danışıldı. Qeyd olundu ki, Şəhid Vüqar İbadov ilk gündən torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib və 2020-ci il oktyabrın 19-da şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İbadov Vüqar Sadiq oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhid ailələrinin üzvləri arzu və təkliflərini bildirməklə yanaşı, onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Rafiq Cəlilov Göytəpə şəhərində olarkən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mürsəlov Vüqar Mirəzbər oğlunun büstünü də ziyarət etdi. Mürsəlov Vüqar Mirəzbər oğlu 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilmiş və Füzuli, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə  iştirak etmişdir. Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancacına şəhid olmuş, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 1992-ci ildə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçələr var.

Ə.ABDULOV,

"Respublika".