Gözdən əlilliyi olan şəxslərə dövlət qayğısı
Sosial həyat

Gözdən əlilliyi olan şəxslərə dövlət qayğısı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər verilib. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev iştirak ediblər.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, V.Behbudov bildirib ki, ölkəmizdə həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi tədbirləri ildən-ilə genişlənir. Onların sosial təminatı və reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər aparılır.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində (Naxçıvan, Gəncə və Yevlax) yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına yiyələnməsinə şərait yaradıb. Nazirliyin sifarişləri əsasında görmə imkanları məhdud şəxslərin reabilitasiya məqsədli sosial xidmətlərlə əhatə olunması üçün layihələr icra olunur. Ölkəmizdə şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, digər həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin də mənzillə təminatı işləri davam etdirilir. Həmin işlərin davamı olaraq, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib. Təqdim edilən mənzillər də daxil olmaqla, 2021-ci ildə 70-dək gözdən əlilliyi olan şəxs mənzillə təmin olunub.

Mənzillə təmin olunanlar sosial müdafiə tədbirləri ilə əhatə olunduqları və dövlət qayğısını həmişə hiss etdikləri üçün minnətdarlıqlarını bildiriblər.

Mustafa KAMAL,

“Respublika”.