Güclü dövlətin yenilməz ordusu
Digər xəbərlər

Güclü dövlətin yenilməz ordusu

Azərbaycanda ordu quruculuğu prosesinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı şərəfli tarixi vardır. 1993-cü ildə ölkənin ağır dönəmində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin ilk işi ölkədə qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoymaq və Ordunun idarəçiliyini vahid mərkəzdə birləşdirməkdən ibarət olmuşdur. Məhz ulu öndərin yorulmaz fəaliyyəti, dövlətçilik təfəkkürü, siyasi uzaqgörənliyi, təşkilatçılıq qabiliyyəti sayəsində müasir Azərbaycan Ordusunun əsası qoyuldu. Beləliklə, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu da müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən birinə çevrildi.

Ulu öndər Heydər Əliyevdən sonra bu missiyanı onun siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi arsenal ən müasir silahlarla təchiz olundu, hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Ölkə başçımızın bu sahəyə xüsusi həssaslıqla yanaşmasının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordudan biridir.

Məlum olduğu kimi, Azərbaycan ordusu böyük qətiyyət nümayiş etdirərək sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi təxribatın qarşısını aldı. Yenilməz Azərbaycan Ordusu düşmənin hərbi nöqtələrini məhv edərək bir sıra yüksəklikləri ələ keçirdi. Ermənistan silahlı qüvvələri xeyli sayda itkilər verərək geri çəkilməyə məcbur edildi. Düşmən bu dəfə də xarici havadarlarının sifarişini yerinə yetirərək regionda gərginliyə səbəb olan addımlar atdı. Belə olan halda Ermənistan sərhədlərin tanınması, sülh müqaviləsinin bağlanması müddətini uzadır, həm də müəyyən dövlətlərin bu regiona diqqətini cəlb etməyə çalışır. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, istənilən təxribatın və ya revanşist addımın nəticəsində yenə də Ermənistan peşman olacaq. Bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən növbəti sammitindəki çıxışında Prezident İlham Əliyev sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini və Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldığını sammit iştirakçılarının nəzərinə çatdırmışdır. Prezident İlham Əliyev birmənalı şəkildə bildirmişdir ki, Ermənistanın bu əməli iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir və 13 sentyabr təxribatının bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ermənistandan fərqli olaraq sözdə yox, real anlamda sülhsevər ölkədir və regionda hərbi gərginliyin artmasında qətiyyən maraqlı deyil. Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərdə - erməni vandallarının xarabalığa çevirdiyi torpaqlarda genismiqyaslı bərpa-yenidənqurma işləri aparır və Böyük Qayıdışın təmin edilməsi üçün bölgəyə külli miqdarda sərmayələr yatırır. Ölkə başçımızın dediyi kimi, "Elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq".

Bu gün Ermənistan təəssüf ki, Azərbaycanın yaratdığı reallığı qəbul edə bilmir və hər dəfə dəmir yumruq başlarına enəndə bütün dünyaya yalvarmağa başlayırlar. Sonuncu döyüşdə də igid oğullarımız erməniləri hərb meydanında diz çökdürdü. 7 saatlıq döyüşlərdə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini və hərbi texnikalarını yerlə-yeksan etdi. Bu hərbi qələbəmiz ilə Azərbaycan bir daha bütün dünyaya bəyan etdi ki, ölkəmizin ərazi bütövlüyünə təhlükə yaranarsa, bunun cavabı çox ağır olacaq.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün məqsədyönlü tədbirlər həyata keçirməsi sayəsində güclü Ordumuz daha da təkmilləşir.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə torpaqların sahibi olduğumuzu, bir qarış ərazimizi belə düşmənə verməyəcəyimizi, həm də bəzi güclərin dəstəyi ilə silahlanıb təxribatlar törətməyin, yeni ərazilər uğrunda müharibə planları hazırlamağın nəyə gətirib çıxardığını Ermənistana və ona dəstək olan dövlətlərə nümayiş etdirdik.

Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi rəşadəti bütün dünya ictimaiyyəti gördü. Bu zəfərdə Ordumuzun yüksək peşəkarlığı, müasir silahlarla təmin edilməsi, əsgər və zabitlərimizin ruh yüksəkliyi də öz sözünü dedi. Düşmən ordusunun döyüşlərdəki qorxaqlığı və xaosu Azərbaycan əsgərinin qəhrəmanlığından xəbər verirdi. Belə ki, Ordumuzun sarsıdıcı zərbələrindən qorxuya düşən düşmən geriyə çəkilərək bütün silah-sursatını atıb döyüş meydanından qaçmışdır.

İkinci Qarabağ müharibəsi zamanı şanlı Ordumuzun düşmənin yüzlərlə hərbi texnikasını, silah-sursatını, maddi-texniki təminatını ələ keçirməsi nəticəsində paytaxtda 5 hektar ərazidə qənimətlərdən ibarət park yaradılmışdır. Bu park müharibənin miqyasının canlı göstəricisidir. Erməni hərbi texnikalarının nömrələrindən ibarət kompozisiyada yazılan "Qarabağ Azərbaycandır!" şüarı dünyaya şanlı qalib ordunun zəfər səsini çatdırır. Eyni zamanda, erməni vəhşiliyi, dinc əhaliyə qarşı həyata keçirilən hərbi cinayətlər əyani şəkildə dünyaya nümayiş etdirilir. Bu parka səyahət edən hər kəs Ordumuzun və əsgərlərimizin qətiyyətinin, iradəsinin və məğlubedilməzliyinin şahidi olur.

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda yer tutur. Azərbaycan Ordusu öz arsenalını ən modern silah və hərbi texnika ilə zənginləşdirir. Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycan Ordusunda da var. Silahlı Qüvvələrimiz müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır vəziyyətdə olan yüksək nizam-intizama malik güclü ordudur. Güclü ordu isə güclü dövlət deməkdir.

Prezident İlham Əliyev bu barədə demişdir: "Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. ...Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur".

Qürurla deyə bilərik ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyəti öz üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir və döyüş hazırlığını daim artırır. Silahlı Qüvvələrimizin əsgər və zabitləri bundan sonra da sərhədlərimizi qoruyacaq, Ali Baş Komandan İlham Əliyevin bütün əmrlərini uğurla yerinə yetirəcəklər.

M.MİRZƏ,

"Respublika".