Güclü hərbi potensiala malik Türkiyənin dünya birliyindəki mövqeyi möhkəmlənir
Türk dünyası

Güclü hərbi potensiala malik Türkiyənin dünya birliyindəki mövqeyi möhkəmlənir

Bu gün demokratik cəmiyyət, hüquqi dövlət, insan haqlarının aliliyi, siyasi plüralizm prinsiplərinin əsas götürüldüyü, dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri sırasında yer alan Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hərtərəfli inkişaf yolu keçmişdir. Onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Türkiyəni iqtisadi cəhətdən inkişaf etdirməklə "Böyük iyirmilik"də yerini müəyyənləşdirmiş, hərbi gücünə, müdafiə sənayesinə görə ABŞ silahlı qüvvələrindən sonra NATO-nun ikinci ölkəsinə çevirmişdir.

Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə böyük uğurlara imza atan Türkiyə ölkə həyatında, o cümlədən qabaqcıl texnologiyalar sahəsində də inkişaf etmiş dövlətlər arasında öz mövqeyini qoruyub saxlayır. Müdafiə sahəsində güclü və müstəqil ola bilməyən dövlətlərin gələcəyə inamlı addım atmalarının mümkün olmadığını bəyan edən Rəcəb Tayyib Ərdoğanın bu konteksdə sürətli inkişafa nail olunması istiqamətində düşünülmüş siyasəti sayəsində bu gün Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında qərarlaşmışdır. Dünyada hərbi gəmilər dizayn və istehsal edən 10 ölkədən biri olan Türkiyənin "Bayraktar", "Aksunqur", "Akıncı", "Kızılelma" kimi pilotsuz döyüş aparatları, "Tayfun" ballistik raketi və s. qardaş ölkənin hərbi sənaye kompleksinin yüksək templə inkişafının göstəricisidir.

Ölkənin daxili potensialı və milli resursları hesabına istehsal olunan PUA-lar, dəniz platformaları, quru hərbi maşınları, raketlər, radioelektron mübarizə vasitələri Türkiyənin hərbi gücünə güc qatmaqla qüdrətini artırır. Müdafiə və aerokosmik ixracı 4 milyard dolları keçərək tarixin ən yüksək səviyyəsinə çatan milli müdafiə sənayesi Türkiyə Respublikasının güclü hərbi potensiala sahib ölkə olaraq dünya birliyindəki mövqeyini möhkəmləndirir. Son illərdə Türkiyənin müdafiə sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin sayının 56-dan 1500-ə çatdırılması, bu sahədə irimiqyaslı layihələrin reallaşdırılması bunun bariz nümunəsidir.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir 2022-ci ildə müdafiə sənayesi sahəsində mühüm nailiyyətlər qazanıldığını, müəyyən edilmiş hədəflərə nail olunduğunu bildirərək demişdir: "2023-cü ildə prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında tam müstəqil müdafiə sənayesi hədəfimizdə milli texnologiya həmlələrimizi tək-tək həyata keçirməyə davam edəcəyik. Türk əsrinin lokomotiv sektorlarından biri olaraq gördüyümüz müdafiə sənayemizi istifadəçi qurumlarımız, təhlükəsizlik qüvvələrimiz, şirkətlərimiz və ekosistemimizin bütün digər maraqlı tərəfləri ilə daha da irəli aparacağımıza ürəkdən inanıram".

Silahlı qüvvələrin ölkədaxili və beynəlxalq əməliyyatlarında səmərəli istifadə etdiyi zərbə PUA-ları - "Akıncı", "Aksunqur", "Bayraktar TB2", "Anka", "Kargu" və s. Türkiyənin hava hücumlarında mövcud olan ən mükəmməl vasitələrdir. Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən milli pilotsuz döyüş təyyarəsi olan "Akınçı" Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırılan ən mühüm layihələrdən biridir. "Akınçı"nın istehsalı ilə Türkiyə dünyada HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfindən olan PUA istehsal edən 4-cü ölkə olmuşdur. Havada fasiləsiz olaraq 24 saat qala bilən "Akınçı"nın ilk uçuşu 2019-cu ildə həyata keçirilmişdir. Yerüstü stansiyadan asılı olmayaraq tamamilə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsi kimi xüsusiyyətlər "Akıncı"nın kifayət qədər böyük dağıdıcı gücə malik olduğunu göstərir.

Türkiyənin yerli hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanan "Akıncı" 40 min fut yüksəkliyə qalxa və daxildə 400 kiloqram, xarici asqılarında isə 950 kiloqram olmaqla cəmi 1350 kiloqram faydalı yük daşıya bilir. "Baykar Holdinq" tərəfindən istehsal edilən "Akıncı" pilotsuz təyyarələri 12 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir. "Akıncı" dronları TÜBİTAK SAGE və ROKETSAN şirkətləri tərəfindən istehsal edilən MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, Kiti-MK-82 döyüş sursatları, SOM qanadlı raketi, "Gökdoğan" və "Bozdoğan" kimi müxtəlif çeşidli "ağıllı" bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırılır. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan "Akıncı" dronları, eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edərək komanda mərkəzinə ötürür.

Türkiyədən sonra ilk dəfə 2021-ci ildə Bakıda sərgilənən ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST"in sərgi hissəsində qardaş ölkənin "Solo Türk", "Türk Ulduzları", "HÜRKUŞ" aerobatika komandaları, "ATAK" helikopterləri və "Akıncı" PUA-sı, Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələri nümayiş olunmuşdur. Tədbirdə çıxış edən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank "TEKNOFEST" iştirakçılarını gələcəyin mütəxəssisləri adlandıraraq müasir dövrümüzdə ölkələrin öz müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalarının, eyni zamanda ölkə gənclərinin bu istiqamətdə bilik və bacarıqlara yiyələnmələrinin vacibliyini bildirmişdir: "10-15 il əvvəl bəzi ölkələr müdafiə sənayesi məhsullarını, PUA-ları satmır, gizli və açıq şəkildə embarqo qoyurdular. Türkiyə terrorla, terroristlərlə mübarizə apararkən texnoloji avadanlıqlardan məhrum qalırdı. Amma "milli texnologiya həmləsi" onların planlarını pozdu. Bir zamanlar PUA satmadıqları türk milləti bu gün dövrünün ən mükəmməl texnoloji məhsullarını istehsal edir. Bu gün həmin ölkələr bu meydanda da gördüyünüz türk istehsalı olan texnikaları almaq üçün növbədə dayanıblar".

2022-ci il 26-29 may tarixlərində ölkəmizdə ikinci dəfə keçirilən "TEKNOFEST"də Azərbaycan Hərbi Hava Qüvvələrinin "MİQ-29" qırıcı təyyarələri ilə yanaşı, Türkiyənin "Solotürk" və "Türk Ulduzları" aerobatika komandaları, "Bayraktar Akınçı" PUA-sı , "Hürkuş" təlim təyyarəsi və T-129 helikopterləri uçuşlar həyata keçirmişdir.

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan və Baykar şirkətinin tamamilə öz sərmayəsi ilə ərsəyə gətirilən Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi ''Bayraktar Kızılelma'' identifikasiya sınağından uğurla keçmiş və təkmilləşdirilməsi işləri davam etdirilir. Ən son reaktiv mühərrikli səsdən sürətli gizli daşıyıcı əsaslı pilotsuz uçuş vasitəsi olan "Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarəsinin işləmə hündürlüyü 12000 metr və faydalı yükü 1,5 tondur. Pilotsuz uçuş aparatı düşmən hədəflərinə zərbələr endirmək, eləcə də hava hücumundan müdafiə sistemlərini boğmaq qabiliyyətinə malikdir. "Bayraktar" pilotsuz uçuş aparatlarının yaradıcısı olan Səlcuq Bayraktar Türkiyə hərbi aviasiyasının gələcəyi olan "Kızılelma" təyyarələrinin aqressiv manevr etmək bacarığına sahib olduğunu və inkişaf etmiş süni intellekt sistemi ilə təchiz edildiyini bildirib. Yaxın gələcəkdə kütləvi istehsalına başlanılması planlaşdırılan pilotsuz döyüş təyyarəsinin 2025-ci ildə dünyanın ilk silahlı pilotsuz hava aparatları gəmisi olan "TCG Anadolu"da uçuş testlərinə başlanacağı gözlənilir.

Bu günlərdə dünyanın ilk SİHA gəmisi - "TCG Anadolu" gəmisi Dəniz Qüvvələri Komandanlığına təhvil verilmişdir. "TCG Anadolu"nun uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 SİHA daşına bilər. 1223 şəxsi heyəti qəbul edəcək gəmidə silah sistemləri, döyüş idarəetmə sistemi, elektron döyüş sistemləri, infraqırmızı axtarış və izləmə sistemi, elektrooptik axtarış sistemi, lazer xəbərdarlıq sistemi, torpedadan müdafiə sistemi, radarlar, rabitə sistemləri, naviqasiya sistemləri, məlumat paylama sistemləri mövcuddur. Gəmi həm də zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları üçün istifadə edilə bilər. Tam təchizatlı xəstəxana və 2 əməliyyat otağının olması gəmidə həmçinin təbii fəlakətlər zamanı insanlara tibbi dəstək göstərilməsinə də imkan verəcək. "TCG Anadolu"nun uzunluğu 231, eni isə 32 metrdir. Maksimum tam yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum sürətlə və 16 knot iqtisadi sürətlə işləyə bilər. Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini daşıya bilir. Sarayburnu limanında lövbər salan gəmi aprelin 23-dən etibarən ictimaiyyətə açıq olacaq, aprelin 24-də isə Bosfor boğazından keçəcək.

Mart ayının 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son 20 il ərzində Türkiyə Respublikasının şərəfli yol keçdiyini və bu gün bütün dünyada söz sahibinə, güc mərkəzinə çevrildiyini bildirmişdir: "Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir".

2021-ci ildə İstanbulda keçirilən "IDEF - 2021" Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son 19 ildə Türkiyənin bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində böyük uğurlara imza atdığından bəhs etmişdir: "Daha əvvəl 250 milyon dollara belə çatmayan müdafiə və aerokosmik ixracatımız artıq üç milyard dolları keçib. Artıq bu sahə üzrə hazırkı ehtiyacları qarşılamaqla yanaşı, gələcəyin vasitələrinə və məhsullarına da sərmayə qoyuruq. Bütün uğurlarımızı dost və müttəfiq ölkələrlə paylaşmağa hər zaman hazırıq. Burada gördüyümüz mənzərə uğurumuzun ən gözəl nümunəsidir. Burada imzalanan anlaşma memorandumları da bunun göstəricisidir". Qeyd edək ki, çıxışlarının birində Türkiyə Prezidenti həmçinin 20 il ərzində müdafiə layihələrinin sayının 62-dən təxminən 750-yə çatdığını, büdcənin isə 5,5 milyard dollardan 75 milyard dollara yüksəldiyini də bildirmişdir.

Bəli, son 20 ildə Türkiyə Respublikası hərtərəfli inkişafının ən yüksək mərhələsinə yüksəlib. Siyasi, iqtisadi, ticari, enerji, hərbi və hərbi-texniki sahələrdə əldə olunan nailiyyətlər bunu bir daha təsdiq edir.

Mehparə ƏLİYEVA,

"Respublika".