GÜLÜŞ ARXASIBDAKI ZÜLMƏT
Digər xəbərlər

GÜLÜŞ ARXASIBDAKI ZÜLMƏT

Yəqin ki, hamınız filmlərdə mənfi rollarda yer alan aktyorların pis əməllərindən sonra qəhqəhə çəkdiyinin, güldüyünün, istehza etdiyinin şahidi olmusunuz... Çoxlarına hər kəsin narahat olduğu, iyrəndiyi əməlləri törədən şəxslərin nə üçün belə anormal şəkildə ürəkdən sevinməsi qəribə gələ bilər. Elə yanvarın 21-də Danimarkanın "Hard Deal" - "Sərt Kurs" sağçı partiyasının lideri Rasmus Paludanın Stokholmdakı Türkiyə səfirliyi qarşısında açıq şəkildə müqəddəs kitabımız "Qurani-Kərim"i yandırdığı zaman ədəbsizcə güldüyü kimi...

Rasmusun atdığı addımın nə qədər çirkin, ürəkbulandırıcı və yolverilməz olduğu gün kimi aydındır. Yaxşı bəs nə üçün gülür, niyə sevinir ki? Gəlin, birlikdə "gülən kobudluq və qəddarlığın psixologiyası"nı araşdıraq:

Məqaləmizdə qeyd etdiyimiz kimi, təhqir əməlinin kökündə ilk öncə cəhalət dayanır. İnsan bilmədiyi, düşünmədiyi hər şeyin düşmənidir. Anlamadığı, məlumatsız olduğu hər şeyi özünə təhlükə sayar, nifrət  nümayiş etdirər, sözlə, əməllə, karikatura ilə təhqir edər.

Mərhəmət və alicənablıq dini olan İslam dini ilə mübarizə aparmağın çətin olmasını anlayan Rasmus təhqir və zorakılıqdan mədəd umur. Çünki normal insan məsələləri ağıl, məntiq və biliyə əsaslanmış dialoq ilə həll edir. Lakin düşüncəsini əsaslandırmaqda zəif olan bu şəxs çarəni təhqir və şiddətdə görür.

O, bir narsist və sosiopat xarakterli insandır. Bir növ zorakı sadistdir. Başqalarını xor görməyə meyillidir. Qarşı tərəfin onun fikirlərinə müti olmadığını, eyni həyat tərzini yaşamadığını görüb qəzəbini qarşı tərəfi alçaltmaq və ona hücum etməklə ifadə edir. O, düşüncələrinin başqaları tərəfindən məqbul sayılmadığını müşahidə etdiyi üçün özünü təhqir olunmuş sayır. Məhz bu səbəbdəndir ki, islam dininə qarşı kobud, qəddarlıq nümayiş etdirir və aqressiya dolu addımlar atır. Bu zaman təhqirolunmuşluq hissini gülüşlə gizlətməyə səy göstərir.

Rasmus gülümsəməsi ilə İslam və müsəlmanları alçaldıb özünü yüksəltməyi nəzərdə tutub. Bu yolla özünü təsdiqləməyə çalışır. Əzilmişliyin və natamamlığın ona verdiyi narahatlıq hissi onu kimisə xor görməyə, təhqir etməyə, zorakılıq göstərməyə sövq edir. Sanki özünə belə təsəlli verir: "Natamam və naqis olan təkcə mən deyiləm. Bax müsəlmanlar da belədir. Yalnız mən təhqir olunmağa layiq deyiləm, bax onlar da buna layiqdir". Bu yolla özünə ürək-dirək verir. O, İslamı və müsəlmanları təhqir edərək öz daxilində özünə "dəyər, şəxsiyyət qazandırmağa" səy göstərir.

Bununla yanaşı, Avropa cəmiyyətində özünün üstün olduğunu isbatlamağa çalışır.  Cəmiyyətdə heç bir dəyərə, hörmətə sahib olmayan belə şəxslər belə alçaq fikir və addımlarla özlərini gündəmdə saxlamağa çalışırlar.

O, bəlkə də vampir xüsusiyyətli insan olduğu üçün başqalarının incikliyində öz "xoşbəxtliyini" axtarır. Məhz buna görə gülür. Əgər belədirsə, onun üçün İslamı dərindən araşdırmaq, tanımaq və bu haqda məlumat toplamaq vacib deyil, o sadəcə olaraq digərlərini alçaltmağa və lağa qoymağa meyillidir. Çünki bununla özünü daha yaxşı hiss edir. Bir sözlə, belə insanları bəsləyən başqalarının ovqatını təlx etmək və digər insanların bədbəxtlikləri ilə özünü xoşbəxt hiss etməkdir.

Rasmus qorxaq olduğu üçün islamafobiyanın dəstəkləndiyi məkanlarda məhz İslamı hədəf seçmişdir. Çünki fiziki və ya emosional cəhətdən müsəlmanların təzyiq altında olduğunu bildiyi üçün məhz bu addımı atmışdır. Bunu edərkən Türkiyə səfirliyinin qarşısını məkan olaraq seçməsi də birmənalı qarşılana bilməz. O, İsveç dövləti tərəfindən cəzalandırılmayacağına, özünün qeyri-kafilik hisslərinin açılmayacağına əmin olduğu üçün bu addımı atmışdır.

Rasmus hiyləgərliklə İslam dinini təhqir edir ki, müsəlmanlar emosiyalarını cilovlaya bilməsin və ona eynilə cavab versin, yaxud fiziki şiddət nümayiş etdirsin. Bir sözlə, qarşı tərəfi təhrik edir ki, çılğıncasına hərəkət etsin və bu yolla onun da əlinə bəhanə düşsün. Beynəlxalq aləmə müsəlmanların necə aqressiyalı olduqlarını sübut etmiş olsun.

Bu, əslində bumeranq hiyləsidir. Aqressiyaya səbəbkar Rasmusdur, amma qarşı tərəfin reaksiyası həmişə daha qabarıq şəkildə verilir. Bu, onun manipulyasiyasıdır. Belə zamanlarda diqqətli olmaq lazımdır. Şeytanla şeytanlıq etmək, onun kimi olmaq, ona bənzəmək deməkdir. Onun istəyi də budur.  Öz hisslərini idarə etməyi itirsən, onu hədəfinə çatdırmış olacaqsan. Belə şəxslərə qarşı soyuqqanlı olmaq, onun tələsinə düşmədən tam qətiyyətlə cavab vermək lazımdır.

Sonda bunu demək istərdim ki, Rasmusun bu rəzil hərəkəti irqi və dini nifrətin yaranmasına, alovlanmasına hədəflənib. "Qurani-Kərim"in yandırılması təkcə ilahi və mənəvi müqəddəslərə qarşı təhqir deyil, həm də "müsəlmanlara qarşı aqressiya" mənasındadır. Belə bir çirkin addıma İsveç hökumətinin yol verməsi açıq-aşkar təxribatdır. İsveç hakimiyyətinin "Qurani-Kərim"ə hörmətsizlik aktının həyata keçirilməsinə, antiislam təxribatına rəvac verməsi onun "dəyər standartları"ndakı riyakarlığını göstərir.

Əfzələddin RƏHİMLİ,

İlahiyyat üzrə fəlsəfə doktoru.