Güneydən səslər...
Güneydən səslər

Güneydən səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından baş

layaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

NİGAR XİYAVİ

1960-cı ildə hazırda Meşginşəhr adlanan Xiyav şəhərində anadan olub. 1984-cü ildə Tehranda yerləşən Tərbiyəti Texnikumunun Mikrobioloji bölməsinə daxil olsa da, təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Bir müddət radioloji sahədə texniki işçi kimi işləyib. 1997-ci ildə Lahicanda yerləşən Azad Universitetin ingilis dili mütərcimliyi bölməsinə daxil olub, ancaq oranı da müəyyən səbəblərə görə yarımçıq qoyub. 1998-ci ildə Təbriz Azad Universiteti İctimai elmlər fakültəsinə daxil olub və 2002-ci ildə təhsilini başa çatdırıb. 2006-cı ildə Bakıda yerləşən Xəzər Universiteti İctimai elmlər fakültəsində Azərbaycan türkcəsi sahəsində magistraturanı bitirib.

Nigar xanım şeirlərini əvvəllər farsca yazıb. 1989-cu ildən isə qardaşı Rövşən Xiyavinin və həyat yoldaşının təşviqi ilə türkcə yazmağa başlayıb. Onun "Mənim şeirim" adlı ilk kitabı 1996-cı ildə yayımlanıb.

Kimin qızıyam?

Mən Savalan göylərinin

Qatarlanan durnasıyam.

Dağlar dağı Səhəndimin

Zirvəsinin sal buzuyam.

***

Qaranlıqda parıldayan,

İşıqlı dan ulduzuyam...

Nigarıyam Koroğlunun,

Çənlibelin avazıyam…

 ***

Səhəndin çatlıyan bağrı,

Şəhriyarımın qızıyam…

Alnım açıq, başım uca

Azərbaycan qızıyam!

 

ABUTALIB

ALLAHYARİ TUTQUN

1961-ci ildə Qaradağ bölgəsində Dizmar dağ silsiləsinin ətəyində yerləşən Goşun kəndində anadan olub. Anasının köməyi və səyi ilə Quranı oxuyub başa çıxıb. On yaşında ailəsi ilə birlikdə Təbrizə köçüb. Çox erkən yaşlarından əmək fəaliyyətinə başlayan Tutqun işləyə-işləyə orta təhsil alıb. 1981-ci ildə Təbrizdəki Dehxuda adında orta məktəbi bitirib və Əcədabadi xəstəxanasında işə başlayıb. Oxumaq və çalışmaqdan yorulmayan Tutqun daha sonra Təbrizdəki 2 saylı sağlamlıq mərkəzində analiz laboratoriyasında texnik işləyib. Ədəbi yaradıcılığa gəldikdə isə şair deyir ki: "Lap uşaqlıqdan poeziya maraqlısı olmuşam. 1976-cı ildən şeir yazıram. Şeirlərim Tehran, Təbriz və Zəncan qəzetlərində çap olunub. İki kitabım - "Mənim payım" şeir, "Tozlu xatirələr" hekayə toplularım çap prosesindədir".

 

Qarabağım

Mən də yaşayırdım insanlar kimi,

Dolaşıq dünyanın bır bucağında.

Qabar əllərimlə qurduğum ev də,

Uçdu bir axşamın yaslı çağında.

***

Ölkəmdən çıxalı sinə dağlıyam,

Qaçqınam, ölüncə gərək ağlıyam,

Yabançı deyiləm, Qarabağlıyam,

Böyüdüb vətənim öz qucağında.

***

Qarğış olsun çağrılmamış qonağa,

Həsrət qoyub məni o Qarabağa,

And olsun işığa, yanan çırağa,

Qalmaz Qarabağım yad caynağında

 

FƏRANƏK FƏRİD İPƏK

1961-ci ildə Təbrizdə dünyaya göz açıb. İbtidai və orta məktəbi Təbrizdə bitirib. Ali təhsilini iki ixtisas üzrə - laboratoriya elmləri və ingilis dili dilmanclığı bölməsində başa çatdırıb. 1985-ci ildən etibarən ictimai-mədəni və qadın hüquqları sahələrində aktiv fəaliyyətə qoşulub. ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid sahələrində əsərləri ilə öz parlaq səhifəsini yazıb. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. 2004-cü ildən dərc olunmağa başlayan "Dilmanc" jurnalında qadınlarla bağlı özəl sayların baş redaktoru vəzifəsində işləyib.

2011-ci ilin sentyabrında Urmu gölünün qurudulması, nadir bir təbiət möcüzəsinin məhv olmasına qarşı təşkil olunan nümayişdə iştiraka görə 42 gün zindanda qalıb. Daha sonra 100 milyon tümən kəfil ödəyərək azadlığa buraxılıb. İnqilab məhkəməsində nizama qarşı əks-təbliğat aparmaq ittihamı ilə məhkum edilib. Üç ay bir gün həbs, bir milyon tümən nağd pul cəriməsi kəsilib…

Bu günədək "Yuxuda ayılmaq" və "Cızıq" adlı iki şeir kitabı çap edilib.

Bilmirəm

Bilmirəm üzü üstə asfaltlara quylanan bu şəhərin

Harasından - yoxsa yarasından - Ərk Qalasından

Bu qədər torpaq sovrulur başımıza?!

 

Ölülərin bizim hayımıza qalan harayıdı bu,

Ya bizim gələcək can hayımız?

Dişlərimizin arasında xırçıldayan

Torpaq payımız!

 

Harda qaldı bəs bizim su payımız?!

Yoxsa, başımızdan aşdı

Ağzımızı zığladı?

Şəhərlə birlikdə, bizi də quyladı!

 

DAVUD İNTİZAR

1962-ci ildə Qaradağ bölgəsinin Şəhrək kəndində dünyaya göz açıb. Şəhrəkdə orta təhsilini başa vurandan sonra, dəmirçilik işilə məşğul olmağa başlayıb. Uşaqlıq dövründən şeirə, ədəbiyyata böyük maraq göstərib və ilhamı gələndə şeir yazıb. Şairin günümüzədək "Qar adamı" və "Başa düşməyən ayağa düşər" adlı iki şeir toplusu çap edilib və yayılıb. "Qar adamı" kitabı bütünlüklə uşaq ədəbiyyatı nümunələrindən ibarətdir. Davud İntizar Təbrizdə yaşayır və yaradıcılığını davam etdirir.

Daşqalaq eləyin

İtlər dillərində hürə bilirlər,

Qoyun öz dilində mələyə bilir,

Mənsə öz dilimdə danışanmıram.

Məndə nə üz vardı, daşam-qayayam!

***

Necə od tutmuram, necə yanmıram?

Haqqı var tarixin qınasın məni,

Töhmətlər, zillətlər qoy gəlsin mənə!

Yığılsın dünyalar, gülsünlər mənə!

***

Bu necə durumdu, bu necə haldı?

Bir şair ki, xalqın təmsil edənmir,

Ona doğrudan da ölüm halaldı...

Düşünənməmişəm öz gərəyimi,

 

Yığılın uşaqlar, tapılın, gəlin!

Daşqalaq eləyin bu İntizarı,

Ana dilinizi saxlayanmayıb,

Doğma haqqlarızı haqlayanmayıb.

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.