Günümüzün problemi: Suya qənaət vacib şərtlərin yalnız bir hissəsidir
Region

Günümüzün problemi: Suya qənaət vacib şərtlərin yalnız bir hissəsidir

Mart ayının ilk günlərindən etibarən  ölkədə su çatışmazlığı, qarşıdan gələn isti havalarda susuzluğun problem yaradacağı barədə bir- birinin ardınca eşidilən xəbərlər haqlı narahatlıq yaradır. Kür çayının Salyan və Neftçala ərazisindən keçən hissəsində suyun azaldığı, Mingəçevir dənizində suyun səviyyəsinin bir neçə metr aşağı düşməsi, digər məsələlər barədə həyəcan təbili səslənir. Bu xəbərlərin hamısında müəyyən qədər həqiqətlər var və biz mətbuat səhifələrində Cənubi Qafqazda Azərbaycana daxil olan su ehtiyatlarının 70 faizinin qonşu ölkələrdən gəldiyi, yalnız 30 faizinin daxili imkanlar hesabına əldə edildiyi barədə yazılar yazmışıq. Fikir mübadiləsi aparmış, mütəxəssislərin rəylərinə əsaslanıb problemi çözməyə çalışmışıq. Əvvəlcə onu qeyd edək ki, keçən ilin təxminən bu vaxtlarında narahatlıq doğuran daha vacib bir məsələ- Kürün deltasında dəniz suyunun Neftçala və Salyan istiqamətində çay yatağı ilə təxminən 25 kilometr irəliləyib suyun şorlaşması, bununla da şirin sudan istifadənin mümkünsüzlüyü barədə səslənən fikirlər idi.  Artıq bu problem həllini tapıb. Kürün Xəzərə tökülən hissəsində-deltada bəndlər qurulub ki, bununla da  çay yatağına dəniz suyu axınının qarşısı alınıb.

Digər problemlərin əksəriyyəti isə necə deyərlər, “dondurulmuş” halda qalmaqdadır. Vəziyyət həqiqətən ürəkaçan deyil. Normal suvarma suyu ala bilməyən Saatlı fermerləri pambıq əkini sahələrinin həcmini ildən-ilə azaldırlar. Taxıl, bostan-tərəvəz, digər bitkilərdə də məhsuldarlıq aşağı düşür. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlardakı suvarma sistemləri idarələrində fermerlərlə məsul şəxslər arasında fikir ayrılıqları, narazılıqlar yaranır. Burası da pisdir ki, çox vaxt adamlar təbii çətinliklərin, qlobal istiləşmə nəticəsində yaranan fəsadların mövcudluğu ilə hesblaşmaq istəmirlər.  

 Hər il olduğu kimi, yenə də sudan qənaətlə istifadə olunması vəziyyətdən əsas çıxış yolu hesab olunur. Suya qənaət vacib şərt olsa da, problemin yalnız bir hissəsidir. Beynəlxalq aləmdə təsdiqini tapmış normativlər var; gün ərzində hər bir insan 2 litr su içməli, 310 litr suyu  isə məişətdə işlətməlidir. Hər nə qədər qənaət olsa da, bunlar insanın yaşam tərzidir. Suya qənaətdən də daha vacib olanı su itkisinin qarşısının alınmasıdır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəis müavini Rafiq Aslanov tamamilə haqlı olaraq torpaq məcralı kanallarda suvarma suyunun itkisinə yol verildiyini göstərir.  Son illərdə bir sıra ərazilərdə torpaq məcralı suvarma kanallarına beton üzlüklər çəkilsə də, bu, hələ tam deyil. Başqa bir mümkün variant istismar müddətini çoxdan başa vurmuş mövcud su anbarlarının əsaslı təmir olunub normal işlək vəziyyətə gətirilməsidir. Nümunə kimi belə su mənbələrindən biri Pirsaat su anbarıdır. Öz mənbəyini Şamaxı dağlarından götürən Pirsaat çayı 112 kilometr məsafə qət edib bu su anbarına yığılır.  Təcrübəli meliorator İbrəhim İbrəhimovun dediyi kimi, anbarda lillənmə getdiyindən yığılan suyun həcmi ildən-ilə azalır. Belə olmasa idi, anbardakı su ilə Navahı, Rəncbər, Atbulaq, digər kəndlərdə taxılçılıq üçün xeyli məhsuldar olan yüz hektarlarla əkin sahələrinin suvarma suyu ilə təminatı əlçatan olardı.

Suvarma suyunun növbəlilik əsasında, fermerlərlə razılaşdırılıb tərtib olunmuş cədvəllə əkin sahələrinə ötürülməsi vacib şərtlərdəndir və bu sahədə artıq yaxşı təcrübə əldə edilmişdir. Biz qəzetimizin ötən saylarında Hacıqabul, Cəbrayıl, Sabirabad suvarma idarələrinin təcrübələrindən söz açmışdıq.

Coğrafi baxımdan su qıtlığı respublikanın bütün ərazilərinə şamil edilmir. Məsələn, Cənub zonasının əkin sahələri dəmyə torpaqlar olduğundan burada suvarma suyuna az ehtiyac duyulur.   Qış aylarında və martın ilk günlərində bu ərazilərə düşən qar və yağış suyu əkin sahələri üçün suya olan tələbatı ödəyir.

Mərkəzi Aran rayonlarında isə su çatışmazlığı özünü qabarıq şəkildə büruzə verir. Bu ərazilərdə qış aylarından başlayaraq ehtiyat su tədarükü görmək lazım gəlir. Mütəxəssislər bundan ötrü müxtəlif yerlərdə su dəryaçalarının yaradılmasını məsləhət görürlər. Yeri gəlmişkən deyək ki, ötən əsrin  70-80-ci illərində respublikanın ən iri üzümçülük rayonlarından olan Şamaxıda belə dəryaçalar yaradılmışdı, dağlardan axan çaylar yayda qurusa da, bu bölgədə suvarma suyuna ehtiyac duyulmurdu. Belə dəryaçaların (buna gölməçə də demək olar) bir hissəsinə indinin özündə də Hacıqabul rayonunun Udulu kəndində rast gəlmək olur.

Yuxarıda dediyimiz kimi, ilin bu vaxtında, su qıtlığından gözlənilən narahatlıq məqamında xeyli təkliflər səslənir. İri şəhərlərdə yağış və kanalizasiya suyunun təmizlənib məişətdə, əkinçilikdə işlədilməsi, dəniz suyunun duzsuzlaşdırılıb istifadəyə yararlı hala gətirilməsi (2012- ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən və yüksək texnologiyalara əsaslanan zavod inşa edilmişdir) kimi təkliflər xeyli cəlbedici təsir bağışlasa da, hələlik gözlənilən susuzluq fəsadı problem olaraq qalır.   

Nəhayət, dünyanı bürüyən qlobal istiləşmənin yaratdığı çətinlikdən əziyyət çəkən təkcə biz  deyilik. Sosial şəbəkələrdən oxuyuruq. “Qərbdə su çatışmazlığı daha da pisdir və insanlar məsələn, Belçikada yağış suyundan evdəki məqsədlər üçün istifadə edirlər”.

                                                    Tofiq HÜSEYN,

                                                   “Respublika”.