GÜNYEDƏN SƏSLƏR
Güneydən səslər

GÜNYEDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

NURƏDDİN MÜQƏDDƏM

(AYDIN DUMAN)

1968-ci ildə Muğanda dünyaya göz açıb. Uşaqlıq çağları kənd mühitində keçib, ilk təhsilini də elə burada alıb. Gənc yaşlarından ədəbiyyatla maraqlanmağa başlayıb. Şair, yazar və yayınçı kimi tanınan Nurəddin Müqəddəm ali təhsili də ədəbiyyat üzrə alıb. Çox sevdiyi müəllimlik peşəsi ilə məşğuldur. Təbrizə köçəndən sonra ana dilinin inkişafı üçün əlindən gələni əsirgəməyib. Şairin "Ancaq susma" və "Ay alma" adlı şeir kitablarından başqa, uşaqlar üçün çoxlu sayda hekayə və nağıl kitabı nəşr olunub. Nurəddin Müqəddəm hazırda Təbrizdə "Aydın sav" yayın evinin qurucusu və müdiridir.

Bayatılarımızı izləyərək…

Gözündən yaz göyərər,

Yaz sənsiz az göyərər,

Sən oxusan, mən yansam,

Külümdən saz göyərər.

***

İnləyir gah ürəyim,

Gah çəkir ah ürəyim,

Əlimdən nələr çəkmiş,

Allah-Allah, ürəyim!

***

Yanağın yaz çiçəyi,

Eşqin solmaz çiçəyi,

Hər sözün yaşıl budaq,

Üstündə naz çiçəyi.

***

Üzündə xal varımış,

Pətəkdə bal varımış,

Görüşənməzdik belə,

Yaxşı xəyal varımış.

 

RƏSUL YUNAN

1968-ci ildə Urmiya şəhərində dünyaya gəlib. Şair, nasir və tərcüməçidir. 17-18 şeir məcmuəsinin, xeyli sayda tərcümələrin müəllifidir. Nazim Hikməti Güneydə ən çox tərcümə edən də məhz Rəsul Yunan olub. Fars dilində "Çox nigaranam, siz Leylanı görməmisiz?" adlı romanı var. Fars dilində hekayələr məcmuəsi və dünya ədəbiyyatından tərcümələr antologiyasının tərtibçisidir.

2006-cı ildən sonra Azərbaycan dilində yazmağa başlayıb. Hazırda o, Azərbaycan dilində yazan şairlərin ən öndə gedənlərindən sayılır. Dünyada tanınmış ədəbi mükafat - "Valson"un münsiflər heyətinin üzvü olub. Tehranda yaşayır. Şeriləri ingilis, fransız, yapon və bir çox dillərə tərcümə olunub.

 

Qələbəlik

Mənə elə gəlir,

Çin məhəllələrində itmişəm.

Hər yer hay-küydü,

Hər yer qələbəlik.

Kaş ki,

Sarı bir əjdaha qarşıma çıxıb,

Məni udsun!

Son qoysun bu itkin düşməyimə.

Nə çətin bir işdir,

Qələbəlikdə yalqız yaşamaq...

SƏHƏR XİYAVİ

1968-ci ildə Xiyav şəhərində anadan olub. İlk və orta təhsilini doğma şəhərində alıb. Ali təhsilini isə dil və ədəbiyyat sahəsində davam etdirib. Xiyav şəhərində müəllim kimi çalışır.

İstər Bakıda, istərsə də İranda fərqli dərgi, toplu və internet portallarında yayımlanan şeirləri, eləcə də "...Və qadın danışır" adlı kitabı Səhərə geniş oxucu auditoriyası qazandırıb.

 

O gün uzaq deyil…

Qızıl qəfəsin təkliyində kal

                                   darıxmalarım

kəndir asmış boğur məni;

göyün mavi köksündə

qiha çəkib azad qanad çalan

quşlarda həsrətli baxışlarım;

zəhər olsun bu dən, bu su

başım azıdan torlar, tələlər!!

Aaa….x qadir ovçu

aç əl-ayağımdan bu ağır qandalları!

Gözlərimdən sonsuz axan yağmurlar

isladıb qartallığımın qanadlarını;

elə ağırlaşmışam ki, uça bilmirəm

                                     bunsuz da;

amma inanma dinc oturacam

mən boğaz-boğaz al günəşi çağıracam,

işıqlığı çığıracam.

Əminəm bir gün fəryadım

yırtacaq gecənin qara örpəyin;

boğazımdan canıxmış qan

                            fışqıracaq üzünə,

günəş qonaq gələcək yurdumuza,

qurudacaq islaq qanadlarımı

və bır

 dişi qartalın öncül uçuşun

             hamı barmaqla görsədəcək!!

O gün uzaq deyil…

 

RZA HƏMRAZ

1969-cu ildə Təbrizin Dəvəçi xiyabanının Hambalqızı məhəlləsində dünyaya göz açıb. Daha çox tarix və ədəbiyyata maraq göstərən R.Həmrazın bu günədək böyüklü-kiçikli 500-dən artıq məqaləsi həm ölkə daxilində, həm də xaricdə çeşidli dərgi və qəzetlərdə çap olunub. Rza Həmraz bu gün Təbrizdə buraxılan "Qürun" dərgisinin baş yazarıdır.

 

Urmu gölü

Boylu qadınlar sayağı sancıdan

yerdə bələşib, qıvrılıb açılırdım...

Axı, yetmiş altıncı ildən bu sancı mənimlədi!

Qəribədir, bu ara həkimlər nəçidirlər?

Dərman üçün hökm sürənmirlər!

Bu alızlığın dərmanı yalnız siyasətçilərin

                                                 əlindədir:

"Sular üzü yuxarı gedirlər..."

Aman Allah!

Yaralarıma məlhəm olan Urmu gölü,

Ürəyimin yarasına yalnız duzdu ki, səpir!

Ax yazıq canım,

Qəribə yerdə dükan açmısan!

Ax, yazıq canım, günü-gündən duzun artır!!!

Duzlu olursan...

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.