Gürcü siyasətçi:Fenomenal siyasi xadim Heydər Əliyev çətin məqamlarda gürcü xalqının yanında olub
MÜSAHİBƏLƏR

Gürcü siyasətçi:Fenomenal siyasi xadim Heydər Əliyev çətin məqamlarda gürcü xalqının yanında olub

Dahi siyasi xadim, fenomenal şəxsiyyət olan Heydər Əliyev həm sovetlər dövründə, həm müstəqilliyimizin ilk illərində Gürcüstana dayaq olub, bizə böyük yardımlar edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xobi rayon sakrebulunun sədri Levan Kavtaradze Ulu Öndərin 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə söyləyib.

O qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, gürcü xalqının yaxın dostu Heydər Əliyevin xidmətlərini sadalamaqla bitməz. "Müstəqilliyimizin ilk illəri idi. Ölkəmizdə çörək qıtlığı, aclıq var idi. O zaman bizim bölgənin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət etdi. Azərbaycan xalqının da ağır vəziyyətdə olmasına baxmayaraq, Heydər Əliyev bizə yardım etdi. Biz o böyük şəxsiyyətin bu fədakarlığını heç vaxt unutmarıq", - deyə siyasətçi bildirib.

L.Kavtaradze deyib ki, bu gün regionumuzda həyata keçirilən irimiqyaslı enerji nəqliyyat layihələrinin müəllifi dahi şəxsiyyət Heydər Əliyevdir. Məhz bu layihələr sayəsində Azərbaycan Gürcüstan güclü iqtisadi inkişaf yolu keçib, dövlətçiliyimiz daha da möhkəmlənib.

"Biz çox şadıq ki, belə bir tarixi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən siyasi Lider İlham Əliyev var. İnanırıq ki, məhz Prezident İlham Əliyevin səyləri nəticəsində bizim dostluğumuz daha da möhkəmlənəcək", - deyə L.Kavtarafze vurğulayıb.