Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlər Cəbrayıl və Füzuli rayonlarında olublar
Sosial həyat

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlər Cəbrayıl və Füzuli rayonlarında olublar

Aprelin 15-də Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət 21 nəfərlik nümayəndə heyəti erməni işğalından azad edilən Cəbrayıl və Füzuli rayonlarında olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfər edən qonaqlar əvvəlcə Cəbrayıl rayonu ərazisində minaların təmizlənməsi prosesini izləyiblər. ANAMA-nın əməkdaşları tərəfindən Füzuli-Zəngilan-Ağbənd yolunun keçdiyi ərazidə minalardan təmizləmə işləri barədə məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər tərəfindən ərazi mina və silah-sursatlarla çirkləndirilib, bir çox maneələr yaradılıb.

Nümayəndə heyəti minalanmış ərazilərin əl ilə, texnikalar və xüsusi təlim keçmiş itlərdən istifadə etməklə təmizlənməsi barədə məlumatlandırılıb.

Sonra qonaqlar ərazidən tapılan minaların partlatma yolu ilə zərərsizləşdirilməsi prosesini izləyiblər.

Daha sonra Füzuli rayonuna gələn qonaqlar Merdinli kəndi ərazisində yerləşən məscidə baxış keçiriblər. Burada qonaqlara erməni vandalizmi barədə ətraflı məlumat verilib. Bildirilib ki, digər yaşayış yerləri kimi, Merdinli kəndi də işğal zamanı yerlə-bir edilib, məscidlər isə tövlə kimi istifadə olunaraq təhqirə məruz qalıb.

Nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına da gəlib. Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Bu işlər çərçivəsində Füzulidə qısa zamanda beynəlxalq hava limanı inşa olunub. Artıq hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir. Bundan başqa, Füzuli ilə yanaşı, Zəngilan və Laçında da hava limanlarının inşa olunduğu qonaqların diqqətinə çatdırılıb.

Gürcüstanlı qonaqlar Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olublar. Məlumat verilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Həmçinin şəhərin təbiəti, ağaclar və yaşıllıqlar məhv edilib.

Cəbrayıl və Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar Şuşa şəhərinə yola düşüblər.

AZƏRTAC