Hadrut qəsəbəsi, Tuğ və Çinarlı kəndlərində mədəni-tarixi və dini abidələrə, həmçinin Azıx mağarasına baxış keçirilib
Sosial həyat

Hadrut qəsəbəsi, Tuğ və Çinarlı kəndlərində mədəni-tarixi və dini abidələrə, həmçinin Azıx mağarasına baxış keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi göstərişlərdən irəli gələn məsələlərin həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət və Şəhərsalma məsələləri üzrə işçi qruplarından ibarət heyət dekabrın 10-da Xocavənd rayonun Hadrut qəsəbəsinə, Tuğ və Çinarlı kəndlərində yerləşən mədəni, tarixi və dini abidələrə və Azıx mağarasına baxış keçirmək məqsədi ilə bölgəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, işçi qrupların üzvləri səfər çərçivəsində ilk olaraq Çinarlı kəndində yerləşən alban məbədinə, daha sonra Hadrut qəsəbəsinin tarixi mərkəzində yerləşən XII əsrə aid alban kilsəsinə baxış keçiriblər.

Daha sonra heyət Tuğ kəndinə səfər edib. Tuğun panoramasını və tarixi memarlıq landşaftını təyin edən kəndin çoxsaylı ənənəvi Qarabağ dağətəyi eyvanlı yaşayış evlərinin, yerli əhəmiyyətli memarlıq abidəsi olan Dizaq Məlik Sarayının qalıqlarına və alban kilsələrinə baxış keçirilib.

Orta əsrlərin sonlarında Tuğ ətraf ərazilərin ən iri və vacib yaşayış məntəqələrindən biri olub. Burada müdafiə tikililərinin qalıqları, iri tağlı hovuzlu bulaqlar, XVIII əsrə aid tarixi körpülər var. Tuğ kəndində yerləşən tarixi memarlıq abidələrindən ikisi ölkə, üçü isə yerli əhəmiyyətli abidə kimi dövlət mühafizəsinə götürülmüşdür.

Tuğ kəndinin tarixi məkanlarına ətraflı baxışdan sonra hər iki qrupun üzvlərinin iştirakı ilə səyyar iclas keçirilib. İclasda Dövlət Turizm Agentliyi tərəfindən təqdim olunmuş "Hadrut turizm inkişaf konsepsiyası" və "Tuğ turizm inkişaf konsepsiyası", bu ərazilərdə turizm və rekreasiya zonasının yaradılması və mədəni irsin qorunması ilə bağlı konservasiya və restavrabarədə ətraflı müzakirələr aparılıb.

Səfər dünya əhəmiyyətinə malik Azıx mağarasına Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qrup tərəfindən cəlb olunan mütəxəssislərin də iştirakı ilə baxışla bitib.

AZƏRTAC