Hadrut: yeni büsatın, xoşbəxt gələcəyin ünvanı
Siyasət

Hadrut: yeni büsatın, xoşbəxt gələcəyin ünvanı

İki il bundan əvvəl müzəffər ordumuzun şücaəti ilə qazanılan Hadrut qələbəsi Ermənistan silahlı qüvvələri və Xankəndidəki separatçılar üçün əsl ölüm zərbəsi oldu, düşmən çarəsiz duruma düşdü, həmin döyüşlərdə qəsbkarların onlarla hərbi texnikası, yüzlərlə döyüşçüsü məhv edildi.

Hadrut təbiətin yaratdığı bir inci, respublikamızın ən dilbər guşələrindən biridir. Hadrut ilahi tərəfindən yaradılmış təbii səngər, qaladır, həm də çox əlverişli bir mövqedə yerləşir. Nahaq yerə deməyiblər ki, Hadrut Qarabağın açarıdır. Əzəli və əbədi yurd yerimiz olan Hadrutun işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin həm tarixi qələbəsi, həm də haqqın, ədalətin bərpa edilməsidir. İndi Hadrutda ermənilərin qorxulu röyasına çevrilən "Dəmir yumruq" abidəsi ucaldılıb və burada üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.

Ötən ilin oktyabr ayında Hadruta səfər edən Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bəzi tarixi faktları dünyanın diqqətinə çatdıraraq postmüharibə dövründəki erməni yalanlarını bir daha ifşa etdi: "Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun,biz bütün torpaqlarımızı azad edəcəyik".

Hərbi ekspertlərin qənaətinə görə Hadrut əməliyyatı son iki yüz illik tariximizin ən şərəfli səhifəsidir. Uğurla başa çatdırılan Hadrut əməliyyatının xronologiyasına nəzər salanda bir daha aydın olur ki, təbiətin yaratdığı və uzun illər ərzində ermənilərin möhkəmləndirdiyi bu təbii qalanın azad edilməsi üçün çox gərgin döyüşlər gedib.

2020-ci il oktyabr ayının əvvəlində ikinci ordu qrupunun şəxsi heyəti Hadrut və Füzuli istiqamətində hərəkətə başladı. Qeyd edək ki, ermənilər Hadrutda çox güclü istehkamlar qurmuş, bura çoxlu hərbi texnika və canlı qüvvə yerləşdirmişdi. Azərbaycan xalqının qüruru, iftixarı olan xüsusi təyinatlı qüvvələr Hadrut ətrafındakı yüksəklikləri nəzarətə götürmək üçün gecə-gündüz döyüşür, demək olar ki, addım-addım irəliləyir və bu döyüşlərdə ermənilər çox ciddi itkilər verirdilər. Hadrut uğrunda şiddətli döyüşlərin getdiyi vaxt, oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə Moskva şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü nəzərdə tutulmuşdu. Təbii ki, ermənilər Hadrutun əldən gedəcəyini anlayaraq öz havadarlarına yalvararaq Azərbaycanı dayandırmağı xahiş edirdilər. Məhz oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev yeni azad olunmuş ərazilər barədə xalqımıza məlumat verdi.

Moskvada isə axşam saatlarında başlayan danışıqlar 11 saat davam etdi və sonda tərəflər atəşkəs barədə razılığa gəldilər. Lakin danışıqların sonunda Ermənistan tərəfinin ərazilərlə bağlı güzəştə getməyəcəyi haqqında bəyanatı heç də birmənalı qarşılanmadı, kor tutduğunu buraxmadığı kimi ermənilər də ərazilərin onlara məxsus olduğunu iddia edirdilər. Həmin vaxt hərbi ekspert, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş əməkdaşı, polkovnik İqor Strelkov yazırdı ki, indi Hadrut uğrunda və şimalda Qarabağı Ermənistanla birləşdirən iki yoldan biri uğrunda döyüşlər davam edir. Azərbaycan ordusu yavaş-yavaş da olsa irəliləyir, ciddi perspektivləri var. Ermənistan isə geriləyir və döyüş əhvali-ruhiyyəsi demək olar ki, qalmayıb.

Doğrudan da silahlı qüvvələrimizin bölmələri xüsusi peşəkarlıq göstərərək Hadrut ətrafındakı yüksəklikləri azad edir, əlverişli mövqeləri nəzarətə götürdüyü üçün Hadrut qəsəbəsi mühasirə vəziyyətinə düşmüşdü. Ermənilərin buranı tərk etmələri üçün koridor açılmışdı, erməni ordusundan fərqli olaraq bizim ordu bölmələri dinc əhaliyə güllə atmırdı.

Qəhrəman döyüşçülərimizin Hadrutun şərq və qərb istiqamətindəki Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini azad etməsi nəticəsində Hadrut hər tərəfdən mühasirəyə düşdü. Ardınca Azərbaycan ordusu 10 oktyabrda Hadrut şəhərinə daxil oldu.

Hadrutda artıq üçrəngli bayrağımız dalğalanırdı. Erməni hakimiyyəti isə yalan məlumatlar yayır, necə deyərlər, gözə kül üfürürdülər. Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 10-na olan məlumatında deyilirdi ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib. Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib. Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib.

Bu məlumat erməni cəmiyyətində şok effekti yaratdı, Hadrutun əldən getməsinə dözməyən erməni hakimiyyəti və Xankəndidəki separatçı rejim şəhəri geri almaq üçün xüsusi hərbi təlim keçmiş qrupları həmin istiqamətə göndərdi. Vəziyyətlə bağlı Prezident İlham Əliyev qardaş Türkiyənin "Haber Global" telekanalına verdiyi müsahibəsində düşmən bağrını çatladan məlumatı bütün dünyaya yayıldı. Məlumatda deyilirdi ki, ermənilər bir neçə dəfə Hadrutu yenidən işğal etmək üçün cəhdlər ediblər. Mənə səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıblar. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün böyük önəmi yoxdur. Bu qrup zərərsizləşdirilib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizlik və yırtıcı siyasətinin nəticəsidir.

Ana təbiətin möcüzəsi sayılan Hadrutda indi bərpa və yenidənqurma işlərinə başlanılıb. Hazırda dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkilir, "Hadrut" yarımstansiyası inşa edilir və Hadrutda məscid tikilməsi nəzərdə tutulub. Eyni zamanda, Hadrutun tarixi hissəsi də yenidən qurulacaq.

Ən iri infrastruktur layihələrindən biri olan Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və süni qurğuların inşaat işləri aparılır. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam etdirilir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə tikilir. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.

Onu da qeyd edək ki, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçməklə Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Bundan başqa, başlanğıcını Zəfər yolundan götürən Füzuli-Hadrut avtomobil yolu yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca torpaq yatağının və yeni avtomobil körpülərinin inşası aparılır. Bundan əlavə, uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir. İkinci texniki dərəcəyə uyğun inşa edilən bu yol iki hərəkət zolaqlı olacaq. Hadrutun yeni dövrü başlayıb, xoşbəxt gələcəyə aparan yollar həm də şərəfli bir tarixdən xəbər verir. Xocavəndlilər bu cənnətməkana qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Salman ALIOĞLU,

"Respublika".