Hadrutun yeni dövrü başlayıb
Region

Hadrutun yeni dövrü başlayıb

Tarixi mənbələrə görə,  ermənilər Azərbaycan ərazilərinə təxminən iki yüz il bundan əvvəl köçürülüblər. Erməninin Vətəni və torpağı olmayıb. XIX əsrin əvvəllərində İrandan Azərbaycana köçürülən ermənilər torpaqlarımızın ən səfalı guşələrində məskunlaşıblar. Xüsusilə Qarabağa köçürülən ermənilər yalnız dağlıq və dağətəyi ərazilərdə kənd salıb, ən əsası isə tarixi abidələrin daha çox olduğu Xocavənddə, Ağdərədə, Əsgəranda və Xankəndidə yaşamağa üstünlük veriblər.  Artıb törədikcə pənah gətirdikləri torpaqlara göz dikib, yer-yurd adlarımızı zaman-zaman erməniləşdirib  saxta erməni tarixi yaratmağa cəhd ediblər.

Əzəli və əbədi yurd yerimiz olan Hadrut bir il bundan əvvəl şanlı Azərbaycan ordusu tərəfindən erməni işğalından azad edildi, tarixi ədalət bərpa olundu. İndi Hadrutda “Dəmir yumruq” abidəsi ucaldılıb və burada üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu günlərdə Hadruta səfər edən Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə bir çox tarixi faktları dünyanın diqqətinə çatdıraraq postmüharibə dövründəki erməni yalanlarını ifşa etdi.

Həmin görüşdə Prezident bildirdi ki,  Ermənistanın təbliğatı istər işğal dövründə,  istər müharibə dövründə,  istərsə də postmüharibə dövründə yalan üzərində qurulub.  Sadəcə olaraq,  dünya erməniləri yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki,  sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb.  Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər.  O vaxta qədər burada erməni yaşamayıb.  Onlar bizim torpaqlarımızı işğal edib,  Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyublar.  Biz buna son qoyduq.  

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Prezidentin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edib.  Təssüratları çox zəngindir, tarixi bir hadisənin şahidi olub.  İbad Hüseynov söhbət zamanı deyir:

-İnanın ki, həyatımın ən xoşbəxt günlərindən birini yaşadım.  Sevincimizin həddi-hüdudu yoxdur, uzun illər həsrətini çəkdiyimiz yurd yerlərinə qayıdırıq, əcdadlarımızın torpağına sahib çıxırıq.  Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev nəsib etdi.  Bu xoşbəxtlik təkcə bizə yox,  keçmiş məcburi köçkünlərə yox,  bütün Azərbaycan xalqına bəxş edilib. Bizim ölməkdə olan ümidlərimiz yenidən dirçəldilib, taleyimizə yeni bir həyat yazılır. Qalib Ali Baş Komandanın səmimi,  qayğıkeş münasibəti keçmiş döyüşçü kimi mənə xoşbəxt anlar yaşatdı. Prezidentlə söhbət etdim, şəkil çəkdirdim, bütün bunlar həyatımda dərin, silinməz iz buraxdı.

 Hadrut görüşünün iştirakçısı Əməkdar müəllim, Xocavənd rayonu Salakətin tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gültəkin Ağayeva ürək sözlərini bölüşərək deyir:

-Qeyd edim ki, mən ikinci dəfədir ki, Prezidentlə görüşürəm.  2008-ci il oktyabrın 4-də Beyləqan ərazisində salınmış Xocavənd qəsəbəsinin açılışına gələn cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdülər.  Mən onda da çıxış etdim və dedim ki,  biz ürəkdən inanırıq ki,  Siz tezliklə o torpaqları azad edəcəksiniz və məcburi köçkünlər öz dədə-baba ocaqlarına,  evlərinə qayıdacaqlar.  Prezident çox böyük inamla dedi ki, biz torpaqlarımızı mütləq azad edəcəyik və orada insanların yaşaması üçün bütün imkanlara malik olan evlər, məktəblər və digər obyektlər tikəcəyik.  Allahın bu gününə min şükür,  biz arzumuza çatdıq.

Bir il bundan əvvəl ordumuzun şücaəti ilə qazanılan Hadrut qələbəsi Ermənistan silahlı qüvvələrinin belini qırdı, onlarla hərbi texnikası , yüzlərlə döyüşçüsü məhv edildi. Hadrut Qarabağın ən dilbər guşələrindən biri, eyni zamanda cənnəti xatırladan torpaqların açarıdır, füsunkar təbiəti Azərbaycanın ən böyük təbii sərvətidir. Məlumat üçün bildirək ki, Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının ətəklərində yerləşir. Hadrut sözü iki çayın arası mənasını daşıyır. Quzeyçay və Güneyçay Hadrutun ərazisində birləşir. Tarixi mənbələrə görə, 1727-ci ildə Osmanlı qaynaqlarında Hadrut Dizaq nahiyəsinin kəndi kimi qeyd olunub. 1877-ci ildə Hadrutda baramaaçma karxanası fəaliyyət göstərib, iki bazar olub, teleqraf stansiyası əhaliyə xidmət göstərib. Dahi bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik edib.  1992-ci ildə Hadrut rayonu ləğv edilərək Xocavənd rayonunun tərkibinə daxil edilib.

Hadrutun işğaldan azad edilməsi tarixi hadisədir. Ermənilər Hadrutda çox səfil vəziyyətdə yaşayıblar, qədim Tuğ kəndini də dağıdıblar. Yaşı min illərlə ölçülən Azıx mağarasını erməniləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Ana təbiətin möcüzəsi sayılan Hadrutda bərpa və yenidənqurma işlərinə başlanılıb.  Hadrutda bir sıra obyektlərin təməlini qoyan Prezident bildirib ki,  dördzolaqlı Hadrut-Cəbrayıl,  Hadrut-Füzuli avtomobil yolları çəkiləcək,  “Hadrut” yarımstansiyası və məscid tikiləcək.  Hadrutun tarixi hissəsi yenidən qurulacaq.  

Ən iri infrastruktur layihələrindən biri olan Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır.  Tikintisi aparılan yolun uzunluğu 39, 7 kilometrdir.  Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir.  Hazırda bu yolda torpaq işləri və süni qurğuların inşası işləri gedir.  Bundan əlavə,  yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir.  Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib.  Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.  Onu da qeyd edək ki,  Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad edilmiş Xocavənd,  Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir.  Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Mübaliğəsiz demək olar ki, ilin bütün fəsilləri Hadrutda çox gözəl və füsunkar olur.  Təbiətin rəngləri burada adamı heyrətə gətirir, torpaq bərəkətlidir, bulaqları can dərmanıdır.  Xocavəndlilər bu  cənnətməkana qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

                                         Salman ALIOĞLU,

                                           “Respublika”.