Hakimliyə namizədlər üçün yazılı imtahanda daha çox bal toplamış 54 nəfər şifahi imtahan mərhələsinə buraxılıb
Digər xəbərlər

Hakimliyə namizədlər üçün yazılı imtahanda daha çox bal toplamış 54 nəfər şifahi imtahan mərhələsinə buraxılıb

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Prezidentinin tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf və obyektiv meyarlar əsasında seçimi davam edir.

Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, test, habelə yazılı və şifahi imtahanları müvəffəqiyyətlə vermiş və hakim vəzifəsinə hazırlanmaları üçün yarım illik tədris kursunu başa vurmuş 40 nəfər hakimliyə namizədlə hazırda tədrisin nəticələri üzrə şifahi imtahanlar keçirilir. Eyni zamanda, test, yazılı və şifahi imtahanlarda uğur qazanmış digər 47 namizəd tədris kurslarına cəlb edilib.

Davamlı xarakter almış müsabiqə çərçivəsində növbəti test imtahanında müvəffəqiyyət qazanmış daha 93 nəfər hakimliyə namizədlə ötən ilin sonunda yazılı imtahan keçirilib. Namizədlər cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sualı 4 saat ərzində cavablandırıblar.

Onların cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Bu zaman qanunun məzmununu açmaq və izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 54 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə - şifahi imtahana buraxılıb. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilib (ünvan: www.jlc.gov.az).

Eyni zamanda, bildirilir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir. Artıq 100-dən çox hüquqşünas sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

AZƏRTAC