Hakimliyə namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə yazılı imtahan keçirilib
Digər xəbərlər

Hakimliyə namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə yazılı imtahan keçirilib

Hakimliyə namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən onlar üçün təşkil olunmuş tədris prosesinin nəticələri üzrə iyunun 28-də Dövlət İmtahan Mərkəzində yazılı imtahan keçirilib.

AZƏRTAC xəbər verir ki, imtahan başlamazdan əvvəl Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli səkkiz sual hazırlanıb. Həmin suallardan cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisi seçilib. Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanıb.

Dörd saat davam edən imtahanda namizədlər verilmiş kazus xarakterli məhkəmə işlərini həll etməklə, cinayət və mülki sahələr üzrə qərarlar tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. Hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə Fərmanla hakim ştatlarının sayının 200 vahid artırılması nəzərə alınaraq, həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi üçün hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib. Bu çoxmərhələli proses fasiləsiz xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırılır və nəticələri dərhal elan olunur.

Ötən dövrdə yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim prosesi keçirilib, 44 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilib. Daha 39 nəfər Məhkəmə-Hüquq Şurası tərəfindən ixtisaslaşma aparılmaqla təyinat üçün təqdim olunur. 200-dən çox namizəd isə seçim prosesinin müxtəlif mərhələlərindədir. Onlardan 46 nəfəri yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanıb və hakim vəzifəsinə hazırlanmaları üçün uzunmüddətli kurs və məhkəmələrdə stajkeçməni başa vurub.

Ədliyyə Akademiyasında keçirilən həmin kursun proqramı müasir metodika və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o cümlədən insan haqlarının etibarlı qorunması, məhkəmə etikası, vətəndaş məmnunluğunun təmini, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və digər məsələlərə dair mövzular daxil edilib. Nüfuzlu yerli və xarici mütəxəssislərin mühazirələri, namizədlərin müxtəlif məhkəmələrdə staj keçərək məhkəmə qərarlarının layihələrini hazırlamaq bacarıqlarına yiyələnmələri təşkil olunub.

AZƏRTAC