Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Digər xəbərlər

Hakimliyə namizədlərlə test imtahanı keçirilib

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlətimizin başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakimliyə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlarla seçimi keçirilir. Bununla əlaqədar açıq müsabiqə elan olunaraq sənədlərin qəbulu fasiləsiz xarakter alıb. Təkcə son iki il ərzində 900-dək namizəd müsabiqələrdə iştirak üçün sənədlərini təqdim edib, 44 nəfər seçilərək Azərbaycan Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 125 nəfər namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədir.

AZƏRTAC xəbər verir ki, noyabrın 5-də 200-dək hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.

Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar.

COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilən imtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 93 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Nəticələr Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir. Hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar. Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron qaydada, sadələşdirilmiş prosedurlarla qəbul edilir ([email protected]). Belə ki, namizədliyin qeydə alınması üçün müvafiq ərizə və aidiyyəti sənədlərin surəti qeyd edilən elektron poçt ünvanına elektron formatda, o cümlədən mobil telefonla göndərilə bilər (Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62. Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə).

AZƏRTAC