Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
Digər xəbərlər

Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

Prezident İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin açıq müsabiqə əsasında fasiləsiz seçimi davam etdirilir. Son dövrlərdə 900-dək namizəd müsabiqələrdə iştirak etmək üçün sənədlərini təqdim edib, 44 nəfər seçilərək dövlətimizin başçısının sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 125 nəfər namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədirlər.

Həmçinin 200-dək namizədlə ötən ay test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə fərdi kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan olunub. 60 və daha artıq bal toplamış 93 nəfər namizəd növbəti mərhələyə - yazılı imtahana buraxılıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 1-də Dövlət İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilib. İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfü yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə bu sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlis izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilən imtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndiriləcək.

Eyni zamanda, Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və hakim olmaq arzusundakı hüquqşünaslar müsabiqəyə dəvət olunacaq.

AZƏRTAC