Halal zəhmət, yaxşı qazanc
İQTİSADİYYAT

Halal zəhmət, yaxşı qazanc

Qızılı payız təbiəti al-əlvan rəngə boyayıb, gəlişi ilə əmək adamlarında, fermerlərdə çoxlu qayğı yaradıb, onların aylardan bəri çəkdikləri zəhmət artıq öz bəhrəsini verir. Bağlarda, tarlalarda, üzümlüklərdə bol məhsul yetişib və bu bolluq firavan həyatdan, yaxşı gün-güzərandan xəbər verir. Aqrar sahəyə dövlət dəstəyi sayəsində əkinçilərin əli boşda qalmır, alın təri ilə becərdikləri məhsulu yığmaq, onun bəhrəsini görmək onlarda haqlı olaraq, sevinc yaradır.

Qarabağ iqtisadi rayonuna daxil Ağcabədinin ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə inkişaf edir və təbii ki, pambıqçılığın inkişafına verilən dövlət dəstəyi rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradır. Tarlalarda bol məhsul var, pambıqçılar deyir ki, yeni mövsümdə məhsuldarlıq yüksək olacaq. Min bir zəhmət bahasına bol məhsul yetişdirən pambıqçılar hazırda onun vaxtında və itkisiz yığılması üçün sübh tezdən, qaş qaralana kimi böyük əzmlə çalışırlar. Yüksək məhsul əldə etmək üçün yaz aylarında əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.

Artıq barlı-bərəkətli Aran torpağında pambıq yığımı sürətlə, mütəşəkkilliklə davam etdirilir. Rayonda fəaliyyət göstərən pambıq emalı zavodlarında məhsulun qəbulu ilə əlaqədar bütün işlər başa çatdırılıb. Pambıq yüklü karvan hər gün qəbul məntəqələrinə çatır, ilk pambıq tayaları qurulur, bir sözlə, hər tərəfdə qızğın iş gedir. Cari təsərrüfat ilində "Azərpambıq" MMC-nin Ağcabədi filialı rayonda fəaliyyət göstərən 701 fermerlə müqavilə bağlayıb. Həmin təsərrüfatlarda 4200 hektar əkin sahəsində bol pambıq yetişdirilib. Zavodun kollektivi pambığın qısa müddət ərzində itkisiz yığılıb daşınması və emal müəssisəsinə təhvil verilməsi üçün bütün zəruri tədbirləri həyata keçirib. Məhsulun tədarük edilməsində pambıqyığan maşınlardan geniş istifadə olunur. Ağ ləçəkli tarlalara hər gün 20 pambıqyığan maşın çıxarılır, "ağ qızıl"ın daşınmasına 40 traktor, 98 lafet və 4 ədəd yükləyici cəlb olunub. Pambıq tayalarının ətrafında lazımi təhlükəsizlik və yanğından mühafizə tədbirləri görülüb. Qeyd edək ki, müəssisə mövsüm ərzində 17 min tona yaxın məhsul tədarük etmək gücünə malikdir. Fermer təsərrüfatları zavoda ardıcıl olaraq pambıq təhvil verməyə başlayıblar.

Rayonun Şahsevən-Təzəkənd, Kürdlər və Kəhrizli kəndlərində də pambıqyığan maşınlar sahələrə çıxarılıb. Vaxtilə bu kəndlər pambıqçılıqda öndə gedib, yüksək məhsul istehsal edilib, kənd adamlarının güzəranı xeyli yaxşılaşıb. İndi həmin ənənə davam etdirilir. Şahsevən-Təzəkənddə fermer Şəmsi Əsədov 15 ildir pambıqçılıqla məşğul olur, yaxşı təcrübə qazanıb və buna görə də sahələrdə bol məhsul yetişdirib. Fermer deyir ki, dörd ildir başqa şirkətlə - "P-Aqro" MMC ilə müqavilə bağlayır, üzərinə götürdüyü öhdəliyi uğurla yerinə yetirir. Şəmsi ümid edir ki, bu mövsümdə 3,5 hektar sahədən 45-50 sentner məhsul əldə edəcək.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, xam pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona görə 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 750 manatdan 800 manata, 2-ci növün qiyməti 730 manatdan 780 manata, 3-cü növün qiyməti 690 manatdan 740 manata, 4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub. Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat da subsidiya ödənilir. Bundan başqa, fermerlər pambıq əkdikləri sahəsinin hər hektarına görə ildə 260 manat əkin subsidiyası da alırlar.

Salman ALIOĞLU,

"Respublika".