Haqq səsimizə çevrilən şəhid jurnalistlər
Digər xəbərlər

Haqq səsimizə çevrilən şəhid jurnalistlər

Məhərrəm və Sirac onları tanıyanların dilindən

“Bilsin ana torpaq, eşitsin Vətən!

Müsəlləh əsgərəm mən də bu gündən.”

Böyük şairimiz Səməd Vurğunun “Vətən keşiyində” şeirinə aid olan bu misralar peşəsindən, vəzifəsindən, milliyyətindən, dinindən asılı olmayaraq, ölkəmizin dörd bir yanında məskunlaşmış vətəndaşların bir amalı olduğunu əks etdirir: hər birimiz bu Vətənin əsgəriyik, kimimiz silahımızla, kimimiz isə qələmimizlə. Otuz ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün ötən il “Dəmir yumruq” olub silahımızla da döyüşdük, qələmimizlə də. Haqq davamızda qalib gəlsək, başımıza gətirilən məşəqqətlərin qisasını döyüş meydanında alsaq da, söz savaşında mübarizəmiz hələ də davam edir. Çox təəssüf ki, hər iki savaşda qəhrəman və cəsur oğullarımızdan şəhadətə yüksələnlər, adlarını tarixin şanlı səhifələrinə yazdıranlar var. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov da şəhidlik zirvəsinə ucalaraq, adlarını xalqımızın tarixinin şanlı səhifələrinə həkk etdirən qələm sahibləri oldular. Məhərrəm və Sirac işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən iyunun 4-də Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid oldular. Düşmən tapdağından təmizlənmiş torpaqları kəndbəkənd gəzib lazımi məlumatlar toplayan həmkarımızın son dayanacağı məhz Kəlbəcər rayonunun Susuzluq kəndi oldu...

Məhərrəmi tanıyanlar onun məsuliyyətindən, peşəsinə sevgisindən, cəsarətindən, dostluğundan ağızdolusu danışır, ömrünün 39-cu baharında həyatla vidalaşmasından dərindən kədərlənirlər. Həmkarları Məhərrəmin yoxluğunun Azərbaycan mediası üçün böyük itki olduğunu deyirlər.

“Məhərrəmi özümə doğma qardaş bilirdim, yoxluğunu hələ də qəbul etmirəm”, - yaxın dostu İsa Kərimov deyir. İsa Məhərrəmi uşaqlıqdan tanısa da, dostluq münasibətləri 2004-cü ildən - məhz AZƏRTAC-da birgə işlədikdən sonra başlayıb: “Son bir ili çıxmaq şərti ilə demək olar ki, hər günümüz birlikdə keçirdi. Evlərimiz də yaxındır, qonşu idik. Hər gün evə birlikdə gedirdik. Ötən ildən isə xidməti vəzifəsini cəbhə zonasında, sonra isə işğaldan azad olunan ərazilərdə yerinə yetirirdi. Ona görə hər gün görüşmək imkanımız olmasa da, tez-tez əlaqə saxlayır, hal-əhval tuturduq. On səkkiz ildir birlikdə çörək kəsirdik, sirrimiz-sözümüz bir idi, onu doğma qardaşım bilirdim. Sonuncu dəfə ölümündən təxminən iki həftə əvvəl gördüm. Tələsirdi... Bəlkə də onda anlamadım, ölümə tələsirmiş, çünki “vaxtım azdır” deyirdi... Onun ölüm xəbərini mənə deyəndə inanmadım, hələ də inanmıram. Yenə də işğaldan azad olunmuş ərazilərdə xidmətini davam etdirdiyini xəyal edirəm, təskinlik tapıram. Məhərrəmin anama və Birinci Qarabağ müharibəsi qazisi olan yaxın qohumuma doğma Zəngilan rayonundakı bulaqların birinin suyundan gətirdiyini sonradan öyrəndim”.

AZƏRTAC-ın işğaldan azad olunmuş ərazilərə ezam olunan fotomüxbiri Roman İsmayılov da Məhərrəm və Sirac ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə aylarla çəkiliş aparan qrupun üzvü kimi, şəhid jurnalistlərlə bağlı xatirələrini çətinliklə də olsa bizimlə bölüşməyə çalışır: “Səkkiz ay ərzində Məhərrəmin insanı incidəcək nə bir əməlinin şahidi oldum, nə də bir sözünü eşitdim. Özündən böyüyə, kiçiyə də eyni dərəcədə hörmət bəsləyən insan idi. Mənə hər zaman kiçik qardaşı kimi xüsusi qayğı göstərirdi. Öz xarakteri ilə hər kəsin ürəyinə yol tapa bilmişdi. Siracı da orada tanıdım, çox zarafatcıl, mehriban, vətənpərvər oğlan idi. Dağıdılmış, viran qoyulmuş torpaqları görəndə düşmənə nifrəti gözlərindən oxunurdu. Özü də əslən işğaldan azad olunan Qubadlıdan olduğundan işinə xüsusi həssaslıqla yanaşırdı. Hər xırda detalı lentə almağa, düşmənin vandallığını dünyaya sərgiləməyə can atırdı. Çox istəyirdi ki, haqq-ədalət öz yerini tapsın, bütün bunlara beynəlxalq müstəvidə hüquqi qiymət verilsin. Ümumiyyətlə hər iki həmkarım öz işinə son dərəcə məsuliyyətlə yanaşır, var-qüvvələri ilə, yorulmadan çalışırdılar. Qəfil ölümləri məni dərindən sarsıtdı. Kaş, belə olmayaydı...”.

Azərbaycan Televiziyasının əməkdaşı, Əməkdar jurnalist Yunis Orucov Məhərrəmin və Siracın şəhid olması xəbərini onlarla sonuncu dəfə görüşdükləri Xocavənddə olarkən aldığını bildirib: “Aprelin əvvəlləri idi. Xocavəndə ezam olunduq. Orada işləyən həmkarlarımızın fəaliyyəti barədə çəkilişlər aparmalı idik. “Jurnalist araşdırması” verilişinin növbəti buraxılışı yeddi aydır işğaldan azad edilən ərazilərdə işləyən jurnalistlər haqqında olacaqdı. Getdik... Hadrutdan başlayaraq ətraf kəndlərdə xeyli çəkilişlər etdik, müsahibələr aldıq və mən bu çəkilişdə qəlbi Vətən eşqi ilə döyünən, dilindən möhtəşəm qələbəmizin təəssüratları düşməyən gənc vətənpərvərlərlə görüşdüm. Emini, Siracı, Məhərrəmi, Rəşadı, Romanı, Fəzaili yaxından tanımaq, onların maraqlı fikirlərini dinləmək olduqca əhəmiyyətli idi. Necə qürurlu görünürdülər... Axı gördükləri işin fərqində idilər... Bilirdilər ki, bu işin, üzərilərinə götürdükləri missiyanın mahiyyəti çox müqəddəsdir...

Onlar işğaldan azad edilən əraziləri yeddi ay ərzində qarış-qarış gəzmişdilər. Evbəev, küçəbəküçə, kəndbəkənd, şəhərbəşəhər hər yerdə işğalın ağır izlərini kameranın, fotoaparatın yaddaşına köçürürdülər. Təəssüratları o qədər çox idi ki, danışmaqdan doymurdular. Qışın soyuğunda çıxdıqları dağ zirvələrində, erməni vandallığına məruz qalan kəndlərimizdə qarşılaşdıqları ürəkdağlayan mənzərələrdən bəhs edirdilər. Onlar Azərbaycanın 30 ildə üzləşdiyi vandalizmin canlı şahidləri kimi tarixi yazırdılar. Sonda özləri də tarix oldular.

Təsadüfə bax ki, Siracla, Məhərrəmin Kəlbəcərdə düşmən minasına tuş gəlib həlak olma xəbərini elə bir neçə ay öncə son dəfə görüşdüyümüz Xocavənddə, 1997-ci ildə ermənilərə əsir düşməmək üçün özlərini partladaraq misilsiz qəhrəmanlığa imza atan 7 kəşfiyyatçı şəhidimizə həsr edilən verilişin çəkilişi zamanı aldıq. Çox qəribə vəziyyət yaranmışdı: bilmirdim neyləyim? Bir anlıq donub qaldım. Amma sonra birtəhər toparlanıb işləməyə başladım. Bax, budur, bizim peşənin xüsusiyyəti. Budur, jurnalistika. Biz bu cür ağır xəbərlər aldıqda belə işləməli, vəzifə borcumuzu yerinə yetirməliyik.

Siracla müsahibə zamanı dedi ki, mən kameranın obyektivindən tək öz gözümlə yox, 1 milyon məcburi köçkünün, 50 milyonluq Azərbaycan xalqının gözü ilə baxıram. Amma tale elə gətirdi ki, bütün dünya bundan sonra Azərbaycanın 30 ildə üzləşdiyi dəhşətə, ağrı-acının amansız üzünə Siracın kamerasından baxacaq.

Məhərrəmi isə lap çoxdan tanıyıram. Müsahibə vaxtı yaman həyəcanlı idi, amma özünü tez toparladı və danışdı. Öyrəndim ki, düşmənin viranəyə çevirdiyi torpaqlarımızdakı dağıdılmış mülki və sosial infrastrukturu Məhərrəm qeydə alır. Bir-bir hamısını dəftərçəsində qeyd edir, arxivləşdirir. Hər ikisinə eyni sualı verdim: nə vaxt qayıdacaqsınız? “Çoxdandır buradasınız, bəlkə sizi əvəzləsinlər?” sualıma cavabları məni heyrətləndirdi: Biz işimizi bitirib, lap sonda Şuşanı görüb qayıdacağıq! Deməli, belə gənclərimiz olduğu üçün biz qalib gəldik. Bizi qalib edən onların Vətən sevdası oldu.

Aprelin 29-da verilişimiz efirdə yayımlandı və xeyli təqdir topladı. O təqdirlərin hamısı bizim gənc, amma yaşından və başından böyük işlər görən vətənpərvər jurnalistlərimizə, şəhid jurnalistlərimizə görə idi.

Artıq onlar Vətən olublar. Bəlkə yüz illər, min illər keçəcək, biz hamımız unudulacağıq. Lakin Sirac da, Məhərrəm də yaşayacaq. Bir müddət sonra azad olunmuş torpaqlarımız yenidən canlanacaq, amansız işğalın izlərini quruculuq işləri itirəcək. Amma biz 30 illik işğalın dağıdıcı üzünü əziz şəhid jurnalistlərimizin çəkdiklərindən, yazdıqlarından öyrənəcəyik. Deməli, tarix yaradan bu iki jurnalisti tarix özü unudulmağa qoymayacaq. O tarix ki, onu həm də geniş mənada Azərbaycan yazdı. Biz qalib olduq. Biz bir millət kimi qalib olduq”.

Məhərrəm İbrahimovla birgə çəkilişlərdə iştirak edən AZTV-nin videooperatoru Fəzail Kamalov da onunla bağlı təəssüratlarını bölüşərkən deyib: “Məhərrəm çox düşüncəli, ağıllı, mehriban, gülərüz, sadə insan idi. Onunla yeddi ay doğma Qarabağımızda yol yoldaşı olduq. Məhərrəmlə yoldaşlıq etmək çox maraqlı idi. Biz Qarabağda olarkən bəzən avtomobillərdə yer olmadığından “pikap” maşınların üstündə getməli olurduq. Məhərrəm yoldaşlarına rahat olsun deyə özü həmişə açıq hissədə getməyə çalışırdı. O, həmişə özündən çox ətrafını, yoldaşlarını düşünər, hər zaman yoldaşlarına qarşı xüsusi diqqət göstərərdi. Çox peşəkar, işinin ustası idi. Cəmi 39 yaşı olmasına baxmayaraq, düşüncəli, enerjili insan idi. Övladlarından tez-tez danışar, ən çox kiçik oğlundan, onun dediyi məzəli sözlərdən, etdiyi dəcəlliklərdən bəhs edərdi. Məhərrəmin ən böyük arzularından biri məhz Qarabağ torpağı ilə bağlı idi”.

Siracı təbii ki, daha əvvəl tanıyırdım. Çox gözəl iş yoldaşı, yol yoldaşı idi. Yol yoldaşını, dostunu heç vaxt darda qoymazdı. Onun ən böyük arzusu ailəsi ilə birlikdə doğma Qubadlı rayonunda yaşamaq idi. Təəssüf ki, o Qubadlı rayonunu görsə də, ailəsi ilə birlikdə orada yaşamaq ona qismət olmadı. Vətənpərvər ruhda böyüyən və işində peşəkar olan Sirac fəaliyyətini işğaldan azad edilmiş torpaqlarda davam etdirdiyi üçün qürurlanırdı, fəxr edirdi. Taleyə bax ki, əbədiyyətə də işğaldan azad edilmiş torpaqlarda qovuşdu”.

Məhərrəmlə dəfələrlə hərbi jurnalistlər üçün təşkil olunan təlimlərdə, cəbhəboyu zonalara təşkil olunan ezamiyyələrdə birlikdə iştirak edən jurnalist Vəfa Fərəc deyib: “Məhərrəm mənim üçün dost, qardaş kimi idi və bu, əbədiyyən belə də qalacaq. Hələ də inanmıram, məzarını ziyarət etsəm də, inanmıram. Torpağın üzü soyuqdur deyirlər, amma elə ölümlər var ki, torpaq nə qədər soyuq olsa da, ürəyindəki acının atəşi dinmir. Məhərrəmi tədbirlərdə tanımışdım. Lakin onunla dostluğumuz 2016-cı ilin yayında jurnalistlər üçün təşkil edilən hərbi təlimdən başladı. Yaxşı ki, həmin təlim oldu və mən Məhərrəm kimi mərd, mehriban, sözü-özü bir olan böyükürəkli insanı tanıdım. İmkan olan kimi görüşürdük. Sonuncu telefon danışığımızda “Avqustda gələcəyəm, görüşərik” dedi. Mən də dərhal sitəm etdim: “Ay qardaş, nə avqust, iyulun 6-da 45 yaşım tamam olur, hamınızı bir yerə yığacağam” dedim. Amma o, mənə imkan vermədi... Özü qabağa düşdü, bütün dost-tanışı, qohum-əqrəbanı başına yığdı. Ölüm xəbərini aldığım dəqiqədən bu yana ürəyimdəki göynərti bir an belə olsa azalmadı. İnsanı bağlayan təkcə qan bağı deyil, həm də can bağıdır. Məhərrəmlə biz qan-qardaş bacısı olmasaq da, can bağı ilə bağlanan bacı-qardaşlığımız vardı. Səninlə bağlı söylənəcək o qədər sözlərim var ki, Məhərrəm. Yatdığın yer yumşaq olsun, əziz qardaşım. Görüşənədək.

Vəfa Fərəc Siracla bağlı xatirələrində onu sakit, utancaq kimi tanıdığını qeyd edib: “Onunla rastlaşdığımızda utana-utana salamlaşardı. Onu digərlərinə nümunə göstərirdim. Doğma rayonu işğaldan azad edildikdən sonra uşaq kimi sevinirdi. Heyf ki, bu sevinci doya-doya yaşaya bilmədi”.

Şəhidlər, Vətənə ləyaqətlə xidmət edənlər nə unudulmur, nə də diqqətdən kənarda qalmırlar. Məhərrəm İbrahimovun və Sirac Abışovun Vətən qarşısında xidmətləri dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildi və onlar 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildilər.

Rahat uyuyun, əziz həmkarlarımız. Siz haqq səsimizi dünyaya çatdırmaq istədiniz. Amma özünüz haqq səsimiz olaraq dünyaya yayıldınız...

AZƏRTAC